Ağstafa gənclərinə qeyri-infeksion xəstəliklər barədə məlumat verildi


Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Lətafət Dadaşovanın Ağstafa Heydər Əliyev Mərkəzində “Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və risk amillərinin aradan qaldırılması” mövzusunda mühazirəsi təşkil olunub.
 
Tədbirdə Ağstafa Rayon Mərkəzi Xəstəxanası və Doğum Evinin həkimləri, şəhərin 1, 2, 3 nömrəli tam orta məktəbləri və texniki-humanitar təmayüllü liseyin yuxarı sinif şagirdləri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri, Regional Bilik Evinin rəhbəri Leyla İsayeva açaraq, Fondla İSİM-in birgə təşkil etdiyi tibbi maarifləndirmə məqsədli layihələrdən söz açıb.
 
Mühazirəçi L.Dadaşova qeyri-infeksion xəstəliklər qrupuna daxil olan dörd əsas patologiya: ürək-damar xəstəlikləri, xroniki obstruktiv ağciyər xəstəlikləri, onkoloji xəstəliklər və şəkərli diabet barədə dinləyicilərə geniş məlumat verib.
 
O, tütündən və spirtli içkilərdən istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik kimi əsas risk amilləri nəticəsində yaranan qeyri-infeksion xəstəliklərin sağlamlığa ağır zərbələr vurduğunu faktlarla diqqətə çatdırıb.
 
Tədbirin yekununda iştirakçıların sualları ətraflı cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 16.10.2018

Son xəbərlər