Bilik evləri bölgələrdə Kənd Təsərrüfatı İşçiləri Gününü qeyd etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ənənəvi olaraq, ölkəmizdə hər il noyabrın 1-də qeyd edilən Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə rayonlarda silsilə tədbirlər keçirir. Tədbirlər Fondun Bilik evlərinin və yerli nümayəndələrinin təşəbbüsü ilə təşkil olunur.

Bu il də ənənəsinə sadiq qalan Bilik Fondu bir neçə bölgədə bayram tədbiri hazırlayıb. İsmayıllı Bilik Evinin təşkilatçılığı ilə məktəblilərin Keyvəndi kəndində yerləşən AZZA Aqro MMC sənaye kompleksinə ekskursiyası təşkil edilib. Bilik Evinin rəhbəri Sevinc Novruzova kompleksin kollektivini peşə bayramı münasibətilə təbrik edib və əməkdaşlara işlərində uğurlar arzulayıb.

Kompleksin zootexniki İlyas Fərzəliyev məktəblilərə sənaye müəssisəsinin fəaliyyəti barədə məlumat verərək bildirib ki, Kanadadan gətirilmiş 300 baş südlük cins inəyin saxlanılması üçün müasir standartlara cavab verən şəraitlə təmin edilmiş kompleks 2018-ci ilin avqust ayından istifadəyə verilib. Zootexnik müəssisədə istehsal olunan məhsulun yüksək keyfiyyət göstəricilərinə cavab verdiyini də əsaslı arqumentlərlə diqqətə çatdırıb.

Məktəblilər ümumi məlumat aldıqdan sonra kompleksin istehsal prosesi ilə tanış olublar .

Ağdaş Bilik Evinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbiri Mərkəzin direktoru Tənzilə Şıxıyeva açıb. O, kənd təsərrüfatı sahəsində aparılan islahatlardan, əldə olunan uğurlardan danışıb.

Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xanmusa Əhmədov ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, ölkənin aqrar potensialının təbliği istiqamətində atılan mühüm addımlardan söz açıb.

Ağdaş Dövlət Humanitar Kollecin Tələbə Gənclər Təşkilatının sədri Dilarə Manafova təhsil müəssisəsində tələbələrin bu sahəyə maraq göstərdiyini vurğulayıb.

Oğuz Bilik Evi bu günü E.Abdullayev adına 2 nömrəli məktəbin kollektivi ilə qeyd edib. Açıq havada keçirilən biologiya dərsində müəllimi Yeganə Əhmədova şagirdlərə kənd təsərrüfatının iqtisadiyyatımızda yeri və rolu barədə məlumat verib. Dərsin sonunda şagirdlər məktəbin həyətində ağaclar əkiblər.

Ağstafa rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən sonra iştirakçılar rayonun Aqrar Sənaye Kompleksində və Karvan-L Sənaye parkında olublar. Kompleksin və Parkın əməkdaşları məktəblilərə müəssisələrin fəaliyyəti barədə məlumat veriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 01.11.2018

Son xəbərlər