Dini radikalizm və ekstremizm əsrimizin ən böyük problemlərindən birinə çevrilib


Çox təəssüf ki, bu gün dünyanın müxtəlif bölgələrində dini dözümsüzlük və fanatizm halları tüğyan edir. Bu səbəbdən tolerantlıq ənənəsinin dünyanın bütün bölgələrində bərqərar edilməsi bəşəriyyətin qarşısında duran ən mühüm məsələlərdəndir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər noyabrın 16-da Ağsuda Beynəlxalq Tolerantlıq Gününə həsr olunan “Tolerantlıq mənəvi dəyər kimi” adlı tədbirdə səsləndirilib. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Ağsu Bilik Evinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon ictimaiyyətinin, QHT-lərin nümayəndələri, məktəb direktorları, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Qubadəli Orucov tədbiri açaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılıb və bu sahə daim dövlətin nəzarətindədir. Regionda ilk dəfə ölkəmizdə vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Ölkəmizdəki dini dözümlülük, ümumiyyətlə, tolerantlıq mühiti ümummilli lider Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun lektoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov məruzə ilə çıxış edib. Vurğulayıb ki, müasir dövrdə Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə də tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək bütün dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri misilsizdir. Məhz Prezidentimizin diqqət və qayğısı sayəsində xalqımızın milli adət-ənənələrinin yaşadılması üçün lazımi şərait yaradılıb. Daim güclü təməllər üzərində inkişafın zəruriliyini vurğulayan Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mühüm tədbirlər, aparılan uğurlu iqtisadi inkişaf siyasəti respublika iqtisadiyyatının güclənməsinə təsir göstərdiyi kimi, milli-mənəvi dəyərlərimizin də mühafizə edilərək gələcək nəsillərə ötürülməsində müstəsna rola malikdir.

Nahid Məmmədovun, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Ağsu şəhər “Nuran-Xatun” məscidinin imamı Nurəddin İslamovun çıxışlarında qeyd olunub ki, müasir dünyamızda baş verən münaqişələrin bir hissəsi dini motivlidir. Dünyanın bir çox yerində müxtəlif dinlərin əxlaq normalarını, bəşəri və insani prinsiplərini nəzərə almayan, düşmənçiliyi, ədavəti yaymağa çalışan qüvvələr mövcuddur. Dini radikalizm və ekstremizm əsrimizin ən böyük problemlərindən birinə çevrilib. Belə bir zamanda Azərbaycan xalqının tolerantlıq və dini dözümlülük kimi çoxəsrlik ənənəni qoruyub saxlaması ölkəmizdə aparılan uğurlu din siyasətinin nəticəsidir. Bu gün həyata keçirilən bu siyasət və model bir çox ölkə və region üçün nümunə sayıla bilər. Azərbaycanda İslam dini ilə bağlı tarixi abidələr, məscid və ziyarətgahlarla bərabər, xristian və iudaizm məbədlərinin tikintisi və bərpası bütün dünyaya nümunə göstəriləcək həqiqətdir.

Konfransda belə bir fikir də vurğulanıb ki, Azərbaycan hökuməti vətəndaşların əqidə seçiminə hörmətlə yanaşmaqla bərabər, dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin, dindən siyasi məqsədlər üçün istifadənin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaqdır.

Tarix: 16.11.2018

Son xəbərlər