Misir səfiri “Səfir saatı” klubunda


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Səfir saatı” klubunda Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Cəmil ilə görüş keçirilib. Görüşdə Bakı Dövlət, Azərbaycan Dillər, Azərbaycan Dövlət İqtisadiyyat, Bakı Slavyan, Azərbaycan Turizm və Menecment Universitetlərinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə təhsil alan tələbələri və Bilik Fondunun əməkdaşları iştirak ediblər.
 
Fondun icraçı direktoru Oktay Səmədov qonağı salamlayıb və gərgin iş qrafikinə baxmayaraq, gənclərlə görüşə gəldiyinə görə təşəkkürünü bildirib. Misirdə baş vermiş terror aktından təəssüfləndiyini deyən icraçı direktor səfirə başsağlığı verib.
 
2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan olunmasının dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına böyük təkan verəcəyini vurğulayan Oktay Səmədov “Səfir saatı” klubunun ilk qonağının məhz Misirin Azərbaycandakı səfiri olmasının təsadüfi xarakter daşımadığını da bildirib.
 
Xanım səfir Suzan Cəmil səmimi qarşılanmaya və diqqətə görə təşəkkürünü bildirib, xalqlarımız arasında qarşılıqlı hörmət və ehtiramın olmasını dilə gətirərək Bilik Fondunun “Səfir saatı” klubunun ilk qonağı kimi gənclərlə görüşdən məmnunluğunu ifadə edib. Misirin qədim tarixi və coğrafiyası haqqında klub üzvlərinə əhatəli məlumat verən səfir burada xristianlarla müsəlmanların yanaşı yaşamasını tolerantlığın göstəricisi kimi dəyərləndirib, təmsil etdiyi ölkənin xarici əlaqələrinin istiqamətləri barədə danışıb.
 
Xanım Suzan Cəmil diplomat fəaliyyəti, Misirin siyasi-iqtisadi əlaqələri, elmi və mədəni həyatı, Misir-Azərbaycan münasibətləri ilə bağlı gənclərin çoxsaylı suallarını cavablandırıb.
 
Bilik Fondunun gənc könüllüsü olan Sumqayıt məktəblisi Fidan Səfərova Misir motivləri əsasında kətan üzərində çəkdiyi rəsmi səfir Suzan Cəmilə hədiyyə edib.
Bilik Fondunun “Səfir saatı” klubunun əsas məqdsədi Bakıdakı diplomatik nümayəndələrin vasitəçiliyi ilə Azərbaycan və xarici ölkələrin müvafiq qurumları arasında elm, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığın qurulmasıdır.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 10.04.2017

Son xəbərlər