Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsinin əhatə dairəsi genişlənməkdədir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə “Azərbaycan dilini öyrənirik” layihəsini həyata keçirir.

Layihəyə əsasən, rusdilli əhali üçün ödənişsiz Azərbaycan dili kursları təşkil olunur. Kurslarda təcrübəli ali və orta məktəb müəllimləri dinləyicilərə Azərbaycan dilinin qrammatikiası və danışıq qaydalarını öyrədirlər. Artıq ilk mərhələdə kursu bitirən 40 nəfər dinləyiciyə sertifikatlar təqdim olunub. Multikultural həyat tərzi ilə tanınan Azərbaycanda daimi, yaxud müvəqqəti yaşayan, Azərbaycan dilini öyrənmək arzusunda olanların bu sahədə bilik, bacarıqlarının artırılmasına kömək göstərmək, onlara azərbaycançılıq məfkurəsini, dövlətçilik ruhunu təlqin etmək, tolerantlıq prinsipləri aşılamaq “Azərbaycan dilini öyrənirik” layihəsinin əsas qayəsini təşkil edir. 
“Jen Mironosist” Rus Provaslav kafedral kilsəsində layihənin ikinci mərhələsinin açılış mərasimi olub. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Bakı Yeparxiya İdarəsinin katibi Protoiyerey Mefodiy mərasimdə çıxış edərək rusdilli əhalinin ölkəmizin ictimai həyatına daha da yaxından inteqrasiya edilməsində layihənin önəmini vurğulayıblar, onların Azərbaycanda gedən quruculuq işlərinə öz töhfələrini verməsi üçün yaradılan şəraitdən bəhs ediblər. 
Qəbələ rayonunda udilərin kompakt yaşadığı Nic qəsəbəsində də “Azərbaycan dilini öyrənirik” layihəsi üzrə dövlət dilinin tədrisinə başlanılıb. 

Kursun açılış mərasimində çıxış edən Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla layihənin əhəmiyyətindən bəhs edərək deyib ki, Nicdəki Alban-Udi xristian dini icmasının, yerli ictimaiyyət nümayəndələrinin də layihəyə qatılmaq barədə müraciətləri olub. Ödənişsiz fəaliyyət göstərəcək kurslarda təhsil alanlar Azərbaycan dilində daha yaxşı danışmaq, yazmaq, vətəndaşı olduqları ölkənin tarix və mədəniyyətinə daha yaxından bələd olmaq imkanı qazanacaqlar. 

Nic qəsəbə 2 nömrəli məktəbin direktoru Asya Qukasova deyib ki, udi məktəbliləri Bilik Fondunun “Qardaşlaşmış məktəblər”, “Qafqaz Albaniyasının intibahı”, “İlboyu bilik” layihələrində, idman, foto, inşa, rəsm müsabiqələrində xüsusi fəallıq göstərirlər. Bu kursun açılması da gərəkli, xeyirxah təşəbbüsdür. Heydər Əliyev Fondunun inşa etdiyi, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın açılışını etdikləri təhsil ocağında “Multikulturalizm kabineti” açılır və kurslar da bu kabinetdə aparılacaqdır. Yazılmaq istəyənlərin də sayı çoxdur. 35 illik pedaqoji stajı olan, qəsəbənin ən təcrübəli Azərbaycan dili və ədəbiyyatı müəllimlərindən birinin layihənin icrasına cəlb olunması da razılıq doğurur.

50-yə qədər orta məktəb məzunu olan gəncin kursa yazılmaq istədiyini, ilk mərhələ üçün 15 nəfərin seçildiyini bildirən Azərbaycan dili və ədəbiyyat müəllimi Şahid İslamov əminliklə qeyd edib ki, kursda təlim keçən gənclər ilk həftədən Azərbaycan dilində danışmaq, yazmaq qabiliyyətlərində nə qədər irəliləyiş olduğunu görəcəklər. 

Dinləyicilərdən Albert Vəzirov, Samson Totari, Aleksey Mancari çıxışlarında kursun açılışını çoxdan gözlədiklərini söyləyiblər, Azərbaycan dili ilə yanaşı kompüter, ingilis dili kurslarının açılmasının da gərəkli olduğunu diqqətə çatdırıblar. 
Açılışdan sonra “Multikulturalizm kabineti”ndə keçirilən “Azərbaycan dilini öyrənirik” kursunun Azərbaycanda “Multikulturalizm ili”nə həsr olunmuş ilk dərsini Hacı Abdulla aparıb, udilərin tarixi, mədəniyyəti, məskunlaşma arealı, Azərbaycan tarixində yeri və rolundan danışıb. 

Mühazirəçi deyib ki, dünyada udilərin kompakt şəkildə yaşadığı yeganə məkan, onların tarixi Vətəni olan Qəbələ rayonunun Nic qəsəbəsidir. Burada udilərin tarixi qorunub saxlanılır və araşdırılır. Dövlətimizin diqqəti sayəsində dil, din, özünəməxsus mədəniyyət, adət-ənənələri inkişaf etdirilir, udi xalqının qədim məbəd və kilsələri, tarixi abidələri bərpa olunur və qorunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu qəsəbəyə 2 dəfə səfər etməsi dövlət tərəfindən udilərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Sonda dinləyicilərə dərsliklər, Azərbaycan dilində kitablar hədiyyə edilib.

Onu da deyək ki, Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi davamlıdır, gələcəkdə layihənin coğrafiyasının daha da genişləndiriləcəyi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 06.06.2016

Son xəbərlər