Bilik Fondu sağlamlıq imkanları məhdud gənclərə kitab hədiyyə etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Nizamnaməsinə uyğun olaraq, silsilə xeyriyyə tədbirləri həyata keçirir. 

3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər günü münasibəti ilə Bilik Fondunun əməkdaşları Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə baş çəkiblər. Mərkəzdə sağlamlıq imkanları məhdud gənclərin elmə, peşə təlimlərinə, yaradıcılıq növlərinə marağı ilə bağlı fikir mübadiləsi aparılıb. Bilik Fondu gənclərin istəyinə əsasən, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində ödənişsiz xarici dil kurslarının açılmasını, müxtəlif elm, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların iştirakı ilə görüşlərin keçirilməsini təklif edib. Mərkəzin direktoru Rəhilə Həsrətova sağlamlıq imkanları məhdud gənclərin daim dövlətin diqqətində olduqlarını, onların bir sıra peşələrdə böyük uğurlar qazandıqlarını deyib. R.Həsrətova onu da vurğulayıb ki, Bilik Fondunun maarifləndirici layihələri belə gənclərin dünyagörüşünün inkişafında böyük rol oynayacaq. 

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının hədiyyə etdiyi 50 adda kitab Reabilitasiya Mərkəzinin kitabxanasına təhvil verilib. 

3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd olunur. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 02.12.2016

Son xəbərlər