Bilik Fondu əsgərlərlə görüşüb


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü və təşkilatçılığı ilə 10 Azərbaycan nağılı ingilis dilinə tərcümə olunaraq nəşr edilib. Fondda təcrübə keçən Dövlət Dillər Universiteti və Avrasiya Universitetinin tələbələrinin tərcümə etdiyi nağıllara illüstrasiyaları Dövlət Uşaq Filarmoniyasının üzvləri çəkiblər. 

Dərginin Bilik Fondunda və Dövlət Uşaq Filarmoniyasında geniş təqdimatı keçirilib. Tərcüməçilərdən Elvin Çəbrayıllı hazırda vətənə borcunu yerinə yetirmək üçün FHN-nin N saylı hərbi hissəsində hərbi xidmətdədir. Bilik Fondu ilə Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə hərbi hissədə “Nağıllar” dərgisinin təqdimatı keçirilib. Bölmə rəisi polkovnik-leytenant Əliyar İsmayılov Fondun əməkdaşlarını salamlayaraq, hərbi hissələrdə maarifləndirici tədbirlərin keçirilməsinin əsgərlərin hərtərəfli inkişafına töhfə verdiyini vurğulayıb. 

16 dekabr Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov hərbi xidmətdə olan gəncləri daim sayıq və nizamlı olmağa çağırıb. Fondun maarifləndirici layihələri, o cümlədən “Nağıllar” dərgisinin ərsəyə gəlməsi barədə ətraflı məlumat verən icraçı direktor Elvin Cəbrayıllıya Bilik Fondunun “Təşəkkürnamə”sini və hədiyyələrini təqdim edib. 

Çıxış edənlər – Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, Elvin Cəbrayıllının valideynləri əsgərlərin hərtərəfli inkişafı üçün maarifləndirici tədbirlərin vacibliyindən danışıblar.
Bilik Fondu AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təqdim etdiyi kitabları hərbi hissənin kitabxanasına hədiyyə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

 
Tarix: 16.12.2016

Son xəbərlər