Qanlı Yanvar faciəsi xalqımızın həyatında və yaddaşında dərin iz qoyub


 

Yanvarın 17-də Bakı Biznes Universitetində (BBU) bu ali məktəbin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə BBU-nun rektoru, professor İbad Abbasov Azərbaycan xalqının mübarizə tarixində ən şanlı səhifələrdən olan Qanlı Yanvar faciəsini insanlığa qarşı törədilmiş qatı cinayət adlandırıb.

Rektor 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun insanlığa yaraşmayan faciə törətməsindən, dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən, günahsız insanların müxtəlif silahlarla qətlə yetirilməsindən söhbət açıb, bu hadisənin xalqımızın azadlığı və müstəqilliyi yolunda böyük əhəmiyyət daşıdığını söyləyib.

Qeyd edilib ki, bu faciə xalqımızın həyatında və yaddaşında dərin iz qoyub. Həmin gecə günahsız və silahsız vətəndaşlarımız milli azadlığımız, suverenliyimiz uğrunda mübarizəyə qalxıblar. Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev 20 Yanvar hadisələrinin mənəvi, siyasi, hüquqi aspektləri barədə məlumat verib, xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş faciənin ağır nəticələrindən danışıb.

Vurğulanıb ki, xalqımızın yaddaşında əbədi qalacaq 20 Yanvar şəhidlərinin qanı ilə Azərbaycanın müstəqilliyinə doğru yol açılıb. Faciədən bir gün sonra ümummilli lider Heydər Əliyev təhlükə və təqiblərə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək cəsarətlə sovet rəhbərliyinə, kommunist rejiminə qarşı etirazla dolu bəyanat səsləndirib.

Sonda tələbələr 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər.

AZƏRTAC

Tarix: 17.01.2017

Son xəbərlər