Bilik Fondu peşəyönümlü maarifləndirmə işini davam etdirir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və aparat rəhbəri İsaxan Vəliyev “Auto Azərbaycan” şirkətinin İdarə Heyətinin sədri Nasir Seyidzadə ilə görüşüblər.

Dilerlərin inkişafı üzrə baş mütəxəssis Tural İsmayılov, texniki menecer Sənan Məmmədov, təlimçi-mütəxəssis Qurban Məmmədovun da iştirak etdikləri görüşdə Bilik Fondu ilə şirkətin uğurlu əməkdaşlığının davamı, birgə həyata keçirilən layihələrin inkişafı və perspektivləri müzakirə olunub. 

“Auto Azərbaycan” şirkətinin İdarə heyətinin sədri qonaqları salamlayaraq əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Bilik Fondunun təşkilatçılığı ilə keçirilən və avtomobillərə texniki xidmət üzrə mütəxəssis hazırlığını nəzərdə tutan təlimlərdə gənclərin həvəslə iştirak etdiyini vurğulayıb. Onu da bildirib ki, təlimin nəticələrinə görə fərqlənən iki gənc artıq “Auto Azərbaycan” şirkətində, digərləri isə müxtəlif texniki xidmət müəssisələrində işlə təmin olunublar.

İcraçı direktor Oktay Səmədov Fondun təşkilatçılığı ilə gənclərin avtomobillərə texniki xidmət üzrə usta hazırlığı kurslarında ödənişsiz təlimlər keçdiyinə görə “Auto Azərbaycan”-nın rəhbərliyinə və təlimçilərə təşəkkürünü bildirib.  O.Səmədov xatırladıb ki, Fondun “İl boyu  bilik” proqramı çərçivəsində şirkət bir sıra Bakı kəndlərində yaşayan gənclər üçün ödənişsiz təlimlər keçib. Bilik Fondunun təşkilatçılığı ilə Nardaran və Maştağadan olan avtomobil ustalığına marağı, müəyyən bilik və bacarığı olan gənclər bu kursda peşəkarlığa yiyələniblər.

Aparat rəhbəri İsaxan Vəliyev bildirib ki, Fond bu istiqamətdə iki dəfə təlim kursları təşkil edib. Artıq Qax Bilik evində “Auto Azərbaycan” MMC ilə əldə edilən razılaşma əsasında 12 nəfər gənc avto-çilingər peşəsi üzrə üç aylıq təlim kursunda iştirak edib və müvafiq sertifikatlar əldə edərək işlə təmin olunublar.

Görüşdə “Auto Azərbaycan” şirkətində işçilər və müştərilər üçün kitabxananın yaradılması, uşaq evlərində böyümüş gənclərin avtomobillərə texniki xidmət üzrə usta hazırlığı kurslarında ödənişsiz təlimlərə cəlb olunması, məktəblilərin nümunəvi xidmət müəssisəsi olan şirkətə ekskursiyalarının təşkili, Bilik evlərində şirkətin yüksək ixtisaslı yerli və xarici təlimçilərinin ustad dərslərinin təşkili barədə fikir mübadiləsi aparılıb.

 Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 03.02.2017

Son xəbərlər