Erməni terrorizminin araşdırmaçısı - Rusiyalı tarixçi Oleq Kuznetsov Gəncədə (VİDEO)


Gəncə Dövlət Universitetində Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki Oleq Yuryeviç Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə reallaşan təqdimat mərasimində müəlliflə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, Milli Məclisin deputatı Pərvin Kərimzadə, təhsil və mədəniyyət işçiləri, tarixçilər, şəhərin fəal gəncləri iştirak edib.

İcra hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva çıxış edərək Oleq Kuznetsova kitabında erməni terrorizmini və xalqımıza qarşı törədilən cinayətləri əhatəli işıqlandırdığına görə təşəkkürünü bildirib. Oleq Kuznetsovun beynəlxalq terrorizm və erməni terrorizmi ilə bağlı məsələlərin araşdırılması üzrə MDB məkanında tanınmış mütəxəssislərdən biri olduğunu deyən Sevda Qurbanəliyeva qeyd edib ki, müəllif erməni millətçilərinin törətdiyi cinayətlərin təhlili və dəyərləndirilməsi zamanı beynəlxalq hüququn terrorizmə qarşı mübarizəyə yönəldilən və hazırda qüvvədə olan normalar sistemini əsas götürüb.

Əsərlərinə göstərilən diqqətə görə oxuculara minnətdarlığını bildirən müəllif uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətləri tədqiq etdiyini söyləyib.

Oleq Kuznetsov apardığı araşdırmada erməni terrorunun tarixi, mahiyyəti barədə geniş faktlar əldə etdiyini, ermənilərin 1988-1994-cü illərdə Azərbaycanda həyata keçirdikləri terror aktlarını dərindən araşdırdığını bildirib. ASALA, Daşnaksütyun kimi erməni terror təşkilatlarının törətdikləri cinayətləri geniş təhlil etdiyini deyən tanınmış tarixçi və siyasi analitik vurğulayıb ki, həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə edərək hadisələrin real təsvirini yaratmağa çalışıb.

Kitabda erməni terroruna sistemli şəkildə yanaşıldığını deyən “Новости Гянджи” qəzetinin baş redaktoru İrina Kalaşnikova diqqətə çatdırıb ki, ermənilər Azərbaycanda 32 terror aktı törədib. Azәrbaycanlılar dәfәlәrlә ermәni terrorizmi ilә üz-üzә qalıb. Ermənilər Dağlıq Qarabağ vә әtraf әrazilәri işğal edәrәk әhaliyә qarşı qırğınlar törәdib. Xocalı soyqırımı isə bunların kulminasiya nöqtәsi olub.

“XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimat mərasimi diskussiya şəklində davam edib.

Tarix: 08.02.2017

Son xəbərlər