Oleq Kuznetsova “Professor Rövşən Mustafayev” adına medal təqdim edildi


Fevralın 9-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, rusiyalı politoloq, hüquqşünas alim Oleq Yuryeviç Kuznetsova “Professor Rövşən Mustafayev” adına medalın və sertifikatın təqdimetmə mərasimi keçirilib.
 
Təqdimetmə mərasimində Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafayeva, institutun əməkdaşları iştirak ediblər. A.Mustafayeva tanınmış politoloq Oleq Kuznetsovun Cənubi Qafqazda cərəyan edən proseslərlə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqeyi ilə seçildiyini söyləyərək bildirib ki, alimin əsərlərində, analitik yazılarında və müsahibələrində bu məsələyə geniş yer verilib.
 
O.Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının əhəmiyyətini vurğulayan institut direktoru onu da deyib ki, bu kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlama səbəbləri, erməni terrorizminin mahiyyəti və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətlər müəllif tərəfindən geniş tədqiq edilib.
 
Fevralın 5-dən başlayaraq, rusiyalı alim Oleq Yuryeviç Kuznetsovun müəllifi olduğu «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» kitabının bölgələrdə və paytaxtda təqdimatı keçirilib, alimin iştirakı ilə Bilik evlərində "dəyirmi masalar", mühazirələr, görüşlər təşkil olunub. Bilik Fondunun təşkilatçılığı ilə rusiyalı alimin Şəmkir, Naftalan, Mingəçevir və Gəncədə yerli ziyalılar, gənc fəallarla görüşləri baş tutub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru

 

 
Tarix: 09.02.2017

Son xəbərlər