Bilik Fondu Beynəlxalq Kitab Bağışlama Gününü belə keçirdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü (İnternational Book Giving Day) münasibətilə uşaq və yeniyetmələr arasında mütaliənin təbliği istiqamətində bir sıra silsilə tədbirlər həyata keçirib. Bu məqsədilə “İmzalı görüş” layihəsi çərçivəsində növbəti tədbir Pirşağıda yerləşən Xocalı şəhər 2 nömrəli tam orta məktəbində olub.
 
Yazar Mehriban Nağıyeva ilə görüşdə məktəbin müəllim və şagird kollektivinin bir qrupu ilə yanaşı, Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı, məsləhətçi Elvin Hətəmov da iştirak ediblər. Məktəbin direktoru Fiqurə Rüstəmova Bilik Fondunun təşkilatçılığı ilə maarifləndirici layihələri alqışladığını bildirərək, uşaqların yazarlarla görüşünün onların həyatında iz buraxacağını vurğulayıb.
 
Yazar məktəblilərə maraqlı şeirlər və nağıllar oxuyub, onların suallarını cavablandırıb. Məktəblilər də öz yazdıqları şeirləri söyləyiblər. Səmimi atmosferdə keçən görüşdə Bilik Fondunun əməkdaşları Xocalı məktəblilərinə kitablar hədiyyə ediblər.
 
Daha bir “İmzalı görüş” Nizami rayonu 1 nömrəli Uşaq Evində yazar Sevinc Nuruqızı ilə keçirilib. Tədbirdə yazarın maraqlı şeir və nağılları səsləndirilib. S.Nuruqızı balaca oxuculara mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabların rolundan danışıb. Sonra uşaq evinin sakinlərinə kitablar hədiyyə edilib.
Nardaran Bilik evində Fondun mətbuat katibi Ceyhun Musaoğlu və əməkdaşı Aynur Seyidova yeniyetmə və gənclərlə görüşərək onlara kitabların faydasından bəhs ediblər. Bildirilib ki, mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətlərin dərk edilməsinə, həyata obyektiv baxışın formalaşmasına kömək edir. Şagirdlərə müxtəlif kitablar hədiyyə edilib.
 
Oğuz Bilik evində də Beynəlxalq Kitab Bağışlama günü münasibətilə tədbir keçirilib. Bilik evinin direktoru Anar Məcidov mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları barədə geniş məlumat verib. O deyib ki, bu funksiyalar insanın məktəbə getdiyi ilk dövrdən ömrünün sonuna qədər intellektual fəaliyyətində əksini tapır. Gənclər kitabların onların həyatında rolundan bəhs ediblər. Tədbirdə gənclərə kitablar hədiyyə edilib.
 
Beynəlxalq Kitab Bağışlama Gününə həsr edilmiş növbəti tədbir Şəmkir Heydər Əliyev Mərkəzi Elmi-Kütləvi Kitabxana və Şəmkir Bilik evinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin 8-ci sinif şagirdləri iştirak ediblər.
Tədbir çərçivəsində şagirdlərə Şəmkir Heydər Əliyev Mərkəzi Elmi-Kütləvi Kitabxanadan istifadə qaydaları haqqında məlumat verilib. Daha sonra "Beynəlxalq Kitab Bağışlama Günü"nün yaranma tarixi haqqında məlumat verilib, mütaliə mədəniyyətinin insan həyatında oynadığı rolun əhəmiyyəti vurğulanıb və bir neçə məşhur əsərin ümumi müzakirəsi aparılıb. Sonda Bilik Fondunun kitab hədiyyələri şagirdlərə paylanıb.
 
Həmin gün eyni məzmunlu tədbir İsmayıllı Regional Bilik evində keçirilib. İştirakçılara Fondun hədiyyə etdiyi kitablardan seçmələr oxunub, əsərlərin məzmunu ətrafında fikir mübadiləsi aparılıb, yazıçılğın xüsusiyyətlərindən danışılıb.
 
Bilik Fondu fəaliyyətə başladığı gündən mütəmadi olaraq, müxtəlif tədris ocaqlarına, hərbi hissələrə, məscidlərə, uşaq evlərinə, eləcə də Bilgəhdəki Əmək və Müharibə Veteranlarının Pansionatına, Ramanadakı Sağlamlıq İmkanları Məhdud Gənclərin Reabilitasiya Mərkəzinə, SOS Uşaq kəndinə bədii və elmi ədəbiyyat hədiyyə edib. Fond bu istiqamətdə fəaliyyətini davam etdirir. Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdirlər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru 
 
 
Tarix: 14.02.2017

Son xəbərlər