Nardaran ziyalılarından ibarət komissiya Bilik Fondunda toplaşdı


Nardaran əsilli elm adamları və din alimlərinin irsinin öyrənilməsi, akademik səviyyədə təbliği məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti  yanında Bilik Fondunun nəzdində yaradılmış Komissiyanın martın 16-da Fondda ilk toplantısı oldu.

Toplantını giriş sözü ilə açan Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin təmsilçisi Ceyhun Məmmədov bildirdi ki, fəaliyyət planının hazırlanması üçün Nardaran əhalisi arasında ideologi istiqamətdə maarifləndirmə işləri aparmaq məqsədi ilə yaradılan komissiya üzvlərinin təkliflərinə ehtiyac var. Onun sözlərinə görə, nardaranlıların komissiyada təmsil olunan tanınmış nümayəndələri qəsəbə sakinlərinin azərbaycançılıq məfkurəsinə tapınaraq yaşamaları və  fəaliyyətlərində bu fəlsəfəni əsas götürmələrinə böyük dəstək verə bilərlər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov komissiyanın əsasnaməsinin hazırlanması təklifi ilə çıxış etdi. Müasir tələblərə əsaslanaraq, milli mənəvi dəyərlərin təbliğini özündə əks etdirəcək əsasnamənin hazırlanmasında Nardaran ziyalılarını fəal olmağa çağıran icraçı direktor qeyd etdi ki, ətraf kəndlərin ictimai xadimlərini də bu prosesə cəlb etmək məqsədəuyğundur. İcraçı direktor Nardaran qəsəbəsində müxtəlif məzmunlu maarifləndirici tədbirlər keçiriləcəyini, bu tədbirlərə Nardaran Bilik Evinin təşkilati dəstək verəcəyini diqqətə çatdırdı.

Nardaran Bilik Evinin direktoru, millət vəkili Dilarə Əliyeva rəhbərlik etdiyi qurumun Bilik Fondunun dəstəyi ilə gördüyü maarifləndirmə məzmunlu işlərdən söz açdı və belə tədbirlərin əhatə dairəsinin genişlənməsinin vacibliyinə toxundu.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dövlətin Nardaranda həm iqtisadi, həm siyasi, həm də sosial baxımdan çox böyük irəliləyişlərə nail olduğunu bildirdi. Komitə rəsmisi əhalinin bilikləndirmə, maarifləndirmə, ali təhsil alma istiqmətində görüləcək işlərdən danışaraq, bu mübarək missiyada komissiya üzvlərinin üzərinə düşən  öhdəlikləri xatırlatdı.

G.İsmayılov problemlərin məlumatsızlıqdan, yaxud, yanlış təbliğatdan yarandığını diqqətə çatdıraraq, nardaranlılarla mütamadi ünsiyyət saxlanılmasının gərəkli olduğunu, bu prosesin məhz müxtəlif səpkili tədbirlər çərçivəsində həyata keçirilməsinin üstünlüklərini sadaladı.

Tədbirdə komissiya üzvü olan Nardaran ziyalıları maraqlı təkliflər irəli sürdülər, Bilik Fondunun təşkilatçılığ ilə görüləcək işlərə hər mənada dəstək verməyə hazır olduqlarını bildirdilər. 

Azərbaycan Respublikasının Prezidenti  yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru 

Tarix: 16.03.2017

Son xəbərlər