Fransanın Sofia-Antipolis Universitetinin professorları Bilik Fondunun qonağı oldular


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu və Fransanın Sofia-Antipolis Universitetinin hüquq və siyasi elmlər fakültəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi, mədəni müxtəliflik və milli identiklik” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları Bilik Fondunda olublar.

İcraçı direktor Oktay Səmədov qonaqlara Fondun strukturu, fəaliyyəti, maarifçilik istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Azərbaycanın dünyaya bir sıra modellər təqdim etdiyini diqqətə çatdıran O.Səmədov ölkəmizdəki tolerant mühit, multikultural ovqat, dilindən, dinindən, mədəniyyət fərqindən asılı olmayaraq, bütün insanların firavan birgəyaşayış ənənələrindən danışıb. Hazırda 21 layihə üzrə fəaliyyət göstərən Fondun beynəlxalq əlaqələrindən söhbət açan O.Səmədov “Azərbaycan elmi dünyada”, “Dünya elmi Azərbaycanda” layihələrinin uğurlarını, həmçinin 60-dan çox xarici mütəxəssisin mühazirələrə, “dəyirmi masa” və seminarlara cəlb olunduğunu da vurğulayıb. İcraçı direktor deyib ki, əlaqələrin genişlənməsi Azərbaycan təhsil müəssisələrində Sofia-Antipolis Universitetinin alim və təqdiqatçılarının mühazirələrinin təşkil olunmasına və təcrübə mübadiləsinə zəmin yaradacaq.

Sofia-Antipolis Universitetinin Hüquq və siyasi elmlər fakültəsinin dekanı professor Kristian Vallar səmimi dəvət və yüksək səviyyədə qarşılanmaya görə təşəkkürünü bildirərək, Bilik Fondu ilə təmsil etdiyi universitet arasında əlaqələrin qurulmasının hər iki tərəf üçün müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib. Professor deyib ki, Azərbaycan və Fransa arasında əməkdaşlığın inkişafında hər iki ölkənin elmi dairələrinin rolu böyükdür.

Sofia-Antipolis Universitetinin Hüquq və siyasi elmlər fakültəsinin dekan müavini professor Ksavye Latour Azərbaycana əvvəllər də gəldiyini, hər dəfə Bakının daha da gözəlləşdiyini müşahidə etdiyini deyib. Azərbaycanda yaşayan bütün xalqlara eyni münasibətin göstərildiyinin, tolerantlığın şahidi olduğunu deyən professor dövlətin bu istiqamətdə yürütdüyü siyasətinin maraq doğurduğunu dilə gətirib.

Fondun aparat rəhbəri professor İsaxan Vəliyev “Qardaşlaşmış məktəblər” layihəsi haqqında məlumat verərək, xarici ölkələrin orta təhsil müəssisələrinin də artıq layihəyə cəlb olunduğunu deyərək, Fransa məktəblilərinin Azərbaycan məktəbliləri ilə qardaşlaşmasını hər iki ölkənin gənc nəslinin dünyagörüşünün inkişafında mühüm rol oynayacağına əminliyini vurğulayıb. İ.Vəliyev birgə fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi, əməkdaşlığın genişləndirilməsi üçün Sofia-Antipolis Universiteti ilə Bilik Fondu arasında “Niyyət Protokolu” imzalanmasını təklif edib.

Əməkdaşlığın perspektivləri barəsində geniş müzakirələrdən sonra nümayəndə heyəti Fondun əməkdaşlarının müşayiəti ilə Dağ yəhudiləri sinaqoqu, Rus Pravoslav Kilsəsi, Heydər Məscidi ilə tanış olublar.

Sonra qonaqlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində alimlərlə görüşüblər. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov toplantı iştirakçılarına Azərbaycanda yaşayan xalqlar haqqında məlumat verib, “İslam Həmrəyliyi İli” çərçivəsində görüləcək işlərdən danışıb.

Martın 31-də qonaqlar Quba və Şamaxıya səfər edəcəklər.    

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 30.03.2017

Son xəbərlər