Quba qəzasında ləzgilərin soyqırımı


Oktyabr çevrilişindən sonra bolşeviklər daşnaklarla alyansda süngü gücü ilə həm mərkəzi vilayətlərdə, həm də əyalətdə sovet hakimiyyətini qururdular. Baş verən azğınlıqlar və zorakılıq bir tərəfdən Azərbaycan quberniyaları əhalisi, digər tərəfdən isə sovet hakimiyyəti arasında qarşıdurmaya gətirib çıxardı. Azərbaycan xalqı törədilən qanunsuzluqla barışa bilmir və barışmaq istəmirdi. Şimali Azərbaycan əhalisinin etno-konfessional tərkibinə daxil olan ləzgilər də 1918-ci ilin aprelində Quba qəzasında sovet hakimiyyətini elan etmiş bolşeviklərə müqavimət göstərdilər. David Gelovani özünü Quba qəzasının komissarı elan etdikdən sonra burada yeni qaydaları qoyarkən, yeni hakimiyyəti qəbul etməyən ləzgilər və azərbaycanlılar bolşevik-daşnak alyansına silahlı müqavimət göstərmişdilər. Üç gün davam edən şiddətli döyüşlərdən sonra onlar Xaçmazdan 2 topla 150 nəfərlik əlavə kömək almış bolşevikləri – poruçik Aqacanyansın başçılıq etdiyi sırf erməni dəstəsini şəhərdən qova bilmişdilər. Hər iki tərəf itkilər vermişdi, ləzgilərdən 200 nəfəri qətlə yetirilmişdi. "Aqacanyansın dəstəsi geri çəkilərkən Bulvar küçəsini yandırdı və Bazar küçəsində 16 nəfəri, Komendant küçəsində 7 nəfəri, şəhər daxilində köhnə həbsxana yaxınlığında 36 nəfəri qətlə yetirdi. Geri çəkilərkən bolşeviklər və erməni daşnakları Qəza İdarəsinin, Şəhər Dumasının və Dünya şöbəsinin binalarına od vurdular, Cümə Məscidini yandırmağa cəhd etdilər" (Azərbaycan Respublikası Dövlət Arxivi, daha sonra ARDA, f. 1061, op. 1, iş 96, v. 37).

Göstərmək lazımdır ki, 1918-ci ilin mart-may aylarında erməni silahlı dəstələri dinc əhalinin məhv edilməsi üçün Azərbaycanın şimal rayonlarında dörd dəfə qanlı reydlər keçirmişlər. David Gelovanidən öncə Muradyanın 2000-dən çox erməni döyüşçüsündən ibarət silahlı dəstəsi Quba qəzasının dinc əhalisi üzərinə basqınlar etmişdi. Sonralar etnik təmizləməni başqa dəstələr də aparmışdılar ki, bunların sırasında Georfi Sturuanın dəstəsini göstərmək olar. Nəhayət, irimiqyaslı qanlı qırğınları Srvantsyan Hamazaspın dəstələri törətmişdilər. Bakı Soveti öz hakimiyyətinin Azərbaycanın qəzalarında bərqərar olması üçün onun batalyonlarından istifadə edirdi və 1918-ci il mayın 1-də daşnak Hamazaspın və onun köməkçisi Nikolayın başçılığı altında yalnız ermənilərdən ibarət olan iki minlik dəstə Qubaya daxil olub, şəhəri mühasirəyə alaraq, onu toplardan, pulemyot və tüfənglərdən atəşə tutmağa başladı.

Dəhşətli çaxnaşma düşdü. Şəhərin alınması müsəlman əhalinin döyülməsi və ona qarşı aparılan hər cür zorakılıqlarla müşayiət olunurdu. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatski öz məruzəsində erməni yaraqlılarının vəhşiliklərini diqqətə çatdıraraq göstərirdi ki, "ermənilər küçələrdə qarşılarına çıxan kişiləri, qadınları və uşaqları amansızcasına qətlə yetirir, evlərə soxulur və ailələri bütövlükdə qətlə yetiri, körpələrə rəhm etməyərək, onları analarının döşü üzərində güllələyir və ya xəncərlə öldürürdülər" (ARDA, f. 1061, op. 1, iş 95, v. 5-8).

Cəza əməliyyatları zamanı Hamazaspın dəstəsi siyasi vəzifəni, yəni sovet hakimiyyətinin qurulması vəzifəsini deyil, etnik təmizləmə vəzifəsini yerinə yetirirdi. Hamazaspın özü də öz quldur dəstələrinin əməllərinin cəza xarakterli olduğunu gizlətmirdi. Törədilən qırğınların dördüncü günü o, qubalıları məscidin yaxınlığındakı meydanda toplayaraq, onlara belə bir nitqlə müraciət etmişdi: “Mən erməni xalqının qəhrəmanı və onun maraqlarının müdafiəçisiyəm. Mən buraya iki həftə bundan əvvəl burada öldürülmüş ermənilərin qisasını sizdən almaqdan ötrü cəza dəstəsi ilə göndərilmişəm. Mən asayişi bərpa etmək və sovet hakimiyyətini qurmaq üçün deyil, siz və türklər tərəfindən Şirvanda qətlə yetirilmiş erməni qardaşlarımızın qisasını almaq üçün göndərilmişəm. Mənə dəniz sahillərindən Şah dağa qədər olan ərazidə, bütün müsəlmanları məhv etmək, evlərinizi yerlə yeksan etmək əmri verilmişdir” (ARDA, f. 1061, op. 1, iş 95, v. 5-8).

Qubada erməni vəhşilikləri bir neçə gün tüğyan etmiş və müsəlmanları qanlarına qəltan etmişdilər. Quba soyqırımının elə birinci günü əksəriyyəti qadınlar və uşaqlardan ibarət olan 715 müsəlman qətlə yetirilmişdi. İkinci gün şəhərin 1-ci və 2-ci hissələrində 1.012 nəfər, əsasən kişilər qətlə yetirilmişdi. A.Novatski qeyd etdiyi kimi, “ümumiyyətlə, iki minə yaxın insan qətlə yetirildi: kişilər, qadınlar və uşaqlar.... Hamazaspın dəstəsi Quba qəzasında 122 müsəlman kəndini yandırdı və darmadağın etdi..., müsəlmanların əmlakı qarət olundu. İctimai xadimlərin hesablamalarına görə, Quba şəhərində Hamazaspın dəstəsi tərəfindən dörd milyon rubl nağd pul, dörd milyon yarım məbləğində qızıl, qızıl əşyalar və qiymətli daşlar, iyirmi beş milyon rubl məbləğində müxtəlif növ mallar və ərzaq ehtiyatları oğurlanmışdı. Bundan başqa, Hamazaspın dəstəsi Quba şəhərində yüz beş ev və tikilini yandırmışdı” (ARDA, f. 1061, op. 1, iş 95, v. 5-8).

26 ildən artıq bir müddət ərzində Azərbaycan və Rusiya arxivlərində sənədləri üzə çıxarmaqla, biz aydınlaşdırdıq ki, Hamazaspın dəstəsi Quba qəzasında 122 deyil, 162 müsəlman kəndini yandırmışdı. Bu zaman 27 kənd yer üzündən ümumiyyətlə silinmişdir.

Düşmən törətdikləri ilə kifayətlənməyib, Qusar şəhərinə doğru qalxmağa başlamış, lakin ləzgilərin mərdliyi və cəsarəti onun qarşısını almışdı. 1918-ci il mayın 18-də Qusar və Quba şəhərləri arasında, bu gün “Qanlı dərə” adlanan yerdə yerləşən Digah kəndi yaxınlığında erməni daşnakları və ləzgilər arasında əsas döyüş baş vermiş, yerli başçılar Hatəm ağa Çakarvi, Moxubali Əfəndi, Əlibəy Zizikskinin rəhbərlik etdikləri və ləzgi kəndlərinin sakinlərindən ibarət özünümüdafiə dəstələri erməni yaraqlılarını darmadağın etmişdilər. Hamazasp 100-200 nəfərlik cəza dəstələrinin qalıqları ilə canını zorla qurtararaq, Xəzərin sahili boyunca Bakıya geri çəkildi. Biz həmçinin əldə etdiyimiz sənədlərə əsasən  müəyyən etdik ki, 1918-ci ilin mart-may aylarında erməni silahlı birləşmələri tərəfindən Quba qəzasında yerli əhalidən 16 000 nəfər qətlə yetirilmiş və 5000 erməni-başkəsən öldürülmüşdür (Müzəffər  Məlikməmmədov. Qanlı dərə. Bakı, 2009, s. 11).

1918-cı ilin may hadisələrindən sonra da erməni quldur birləşmələrinin hücumlarınının ardı-arası kəsilmirdi. 1918-ci ilin 4 iyul tarixində Şaumyanın əmri ilə Quba qəzasına əsasən erməni millətindən olan əsgərlərdən ibarət on minlik yaxşı formalaşmış ordu göndərilmişdi (Из истории гражданской войны в СССР. I том. МГ, 1960, c. 567). O zaman Şaumyanın göndərdiyi qoşunlar iki həftə ərzində ləzgi kəndlərinə soxulmağa və orada dinc sakinlərə qarşı daha bir qətliam törətməyə cəhd etmişdilər. Bu ərazinin müdafiəsini çar ordusunun keçmiş zabiti, təcrübəli hərbiçi  Hatəm ağa Çakarvinin təşkil etdiyi ləzgi kəndlərinin sakinlərindən ibarət özünümüdafiə dəstələri aparırdılar. Onun başçılıq etdiyi dəstələr onminlik ordunun hücumlarını uğurla dəf etdilər və Şaumyanın törətmək istədiyi daha bir kütləvi qırğının qarşısını aldılar. Onun göndərilən ordu öz məqsədlərinə nail olmadan yol boyu yaşayış məntəqələrini məhv edərək Bakıda çəkildi.

Bizdə olan məlumatlara görə, 1918-ci ilin mart-iyul aylarında Quba qəzasında erməni və bolşevik silahlı quldur dəstələri tərəfindən təxminən 8 min ləzgi məhv edilmiş, bir neçə ay ərzində 60-dan çox ləzgi kəndi dağıdılmış və yandırılmışdı. Bu zaman 6 kənd yer üzündən silinmişdi.

Ləzgilərin soyqırımı təsadüfi olmamışdır. Qubanın müsəlman əhalisinin müəyyən hissəsini ləzgilər təşkil edirdi. Onların mərdliyi və cəsarəti daşnakları qorxudurdu. Ləzgilər onlara qarşılarına qoyduqları məqsədə çatmaqda mane oldular. Onlar isə konkret məqsəd güdürdülər. Xaçmazda bir neçə erməni kəndi var idi ki, onların bazasında ermənilər Azərbaycanın şimalında, Rusiya ilə sərhəd rayonlarında öz müstəqil qurumlarını yaratmaq istəyirdilər. Xoşbəxtlikdən, yerli əhalinin, özünümüdafiə dəstələrinin fədakarlığı o zaman, Azərbaycan tarixinin mürəkkəb dövründə bolşevik rənginə boyanmış daşnaklara öz məkrli niyyətlərini həyata keçirməyə imkan vermədi.

Azərbaycan xalqı Azərbaycan tarixinin bu faciəli səhifələrini yadda saxlamalı və həqiqəti, daşnakların və onların ağılsız ideologiyasının daşıyıcılarının dəhşətli cinayətlərini dünya ictimaiyyətinə göstərməlidir. Həqiqət axtarışını əsas götürərərərək dinc əhalinin kütləvi qətliamının baş verdiyi Quba rayonunun Digah kəndində abidə ucaldılmalıdır. Bu, böyüməkdə olan nəslin tərbiyəsi üçün vacibdir; o, Quba qəzasında 1918-ci ilin qanlı hadisələri - ləzgi soyqırımı barədə bilməli və xatırlamalıdır. Ümummilli lider Heydər Əliyev ləzgilərin soyqırımına xüsusi diqqət yetirmiş və Quba qəzası ləzgilərinin daşnak quldur dəstələrinə qarşı qəhrəmanlıq mübarizəsini yüksək qiymətləndirərək bildirmişdi: "Azərbaycanın ləzgi əhalisi öz torpaqlarının müdafiəsi zamanı erməni işğalçıları ilə mübarizədə ağır itkilərə məruz qaldı. Mən bunu yüksək qiymətləndirirəm, xalqımız da bunu yüksək qiymətləndirir, tarix də qiymətləndirəcək. Şəhidlərin, o cümlədən şəhid ləzgilərin xatirəsi qarşısında baş əyir, minnətdarlığımı və ehtiramımı bildirirəm".

Mənbə: 

Multikulturalizm.№3.2016,                        S.45-48

  
jurnalist, tarixçi

Müzəffər MƏLİKMƏMMƏDOV

Tarix: 31.03.2017

Son xəbərlər