Bilik Fondu ilə Azərbaycan Universiteti arasında Anlaşma Memorandumu imzalandı


Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
 
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın imzaladıqları Anlaşma Memorandumuna görə, tərəflər hər kəsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək, gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərmək məqsədi ilə birgə tədbirlər həyata keçirəcək.
 
İmzalanma mərasimində çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, Azərbaycan Universitetinin müəllim, tələbə kontingenti rəhbərlik etdiyi qurumun əməkdaşları, Fondun lektorlar qrupunun üzvləri ilə birgə layihələrə cəlb olunacaqlar.
 
Müxtəlif elm, təhsil ocaqları ilə imzalanan əməkdaşlıq sazişlərini xatırladan icraçı direktor bu çərçivədə görülən işlərin əhəmiyyətindən danışaraq, birgə fəaliyyətin effektiv olduğunu, görülən işlərin nəticələrinə müsbət təsir etdiyini söyləyib.
 
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva rəhbərlik etdiyi ali təhsil ocağı ilə Bilik Fondunun bir neçə tədbirlər həyata keçirdiyini diqqətə çatdıraraq, qarşılıqlı əməkdaşlığın Memorandum imzalanması səviyyəsinə qədər yüksəlməsindən məmnun olduğunu deyib.
 
Xanım rektor vurğulayıb ki, Bilik Fondu ölkə ictimaiyyətinin hərtərəfli inkişafı naminə Universitetin elmi-texniki bazasına və insan kapitalının dəstəyinə tam arxalana bilər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 20.04.2017

Son xəbərlər