Xarici ölkə məktəbliləri ölkəmiz haqqında təəssüratlarını bölüşdülər


Mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və “İslam Həmrəyliyi İli”nə həsr edilən “Bir günəşin zərrəsiyik” mövzusunda ikinci beynəlxalq şagird konfransı keçirildi.
 
Konfransda Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Şirvan, Şamaxı, İsmayıllı, Zaqatala, Xocavənd, Ağdaş, Abşeron, Cəbrayıl, Qəbələ, Oğuz, Şəmkir və Astaradan məktəblilərlə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, İsrail, Misir, Ukrayna və Türkmənistandan da məktəblilər iştirak etdilər.
 
Konfrans çərçivəsində Bakı şəhəri Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Xətai rayonu Heydər Əliyev adına lisey, Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey, Zaqatala rayonu akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey, Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəb, Ankara şəhəri Heydər Əliyev İlk okulu, Tbilisi şəhər 64 nömrəli orta məktəb arasında “Qardaşlaşma sazişi” imzalandı. Məktəblilər başqa ölkələrdə yaşamalarından, dillərinin müxtəlifliyindən asılı olmayaraq, dostluqlarının möhkəm və sarsılmaz qalacağına əminliklərini bildiriblər.
 
Azərbaycanda səfərdə olan müxtəlif xarici ölkə məktəblilərinin Bilik Fondunun təşkilatçılığı ilə konfransdan sonra Bakı şəhərinə ekuskursiyası təşkil olundu. Həm konfransdan, həm də şəhər gəzintisindən böyük zövq alan məktəblilər, o cümlədən müəllimlər Bilik Fondunun İnformasiya təminatı sektoruna təəssüratlarını bölüşüblər.
 
Tbilisi şəhəri 64 nömrəli məktəbin müəllimi Ceyran Qurbanova Gürcüstandan gələn şagirdlərin konfransada iştirakdan böyük zövq aldıqlarını bildirib. Müəllimin fikrinə dəstək verən həmin məktəbin azərbaycanlı şagirdi Lamiyə Şamilova və gürcü şagirdi Georgiy Sanikidze Bakıda olduqları günləri heç vaxt unutmayacaqlarını söyləyiblər.
 
G.Sanikidze deyib ki, Bakıda ilk dəfədir olur və şəhərin əsrarəngiz cazibəsi, xüsusən İşərişəhərin gözəlliyi onu heyran edib: "Mən konfransda çıxış etdim. Bildirdim ki, belə möhtəşəm tədbirə ev sahibliyi edən ölkəni unutmaq mümkün deyil. Sonra şəhərinizi gəzdik, dadlı təamlarınızdan yedik. Gördüm ki, gəldiyim qənaət tam həqiqət imiş. Mən Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Bilik Fonduna xüsusi təşəkkürümü bildirirəm ki, Bakıya gəlməyimə şərait yaratdılar və belə bir ölkəni əyani tanıdım".
1273 nömrəli Moskva tam orta məktəbinin şagirdi Anna Sanina da Bakıda ilk dəfədir olur. Onun sözlərinə görə, müxtəlif xarici ölkə məktəbləri ilə qardaşlaşma sazişi imzalamaları onun həyatında əbədi iz buraxacaq: "Mən burda Georgiylə dost oldum. Bundan başqa özümə xeyli dostlar tapdım ki, onlarla həmişə əlaqə saxlayacaq, "Qardaşlaşma sazişi"ndə əksini tapan öhdəliklərə birlikdə əməl edəcəyik. Azərbaycanlılar haqqında ümumi məlumatım vardı, amma yaxından tanış olduqdan sonra necə gözəl, gülərüz, səmimi insanlar olduğunuzu gördüm. Mən sizin ölkənizə, insanlarınıza, paytaxt Bakınıza heyran oldum. Doğrusu bundan sonra dəfələrlə Azərbaycanda olmaq istərdim. Böyük ümidlə və həvəslə Bakıya gələcəyim günləri gözləyəcəm".
 
Həmin məktəbin müəllimi Janna Hakimova şagirdinin dediklərinə əlavə olaraq bildirdi ki, Azərbaycan və Bakı haqqında televiziyadan məlumatlar alırmiş: "Hər dəfə düşünürdüm ki, görəsən haqqında belə təriflər deyilən Bakı həqiqətdə necə şəhərdir. Nəhayət bu arzuma çatdım. Bakı deyiləndən də gözəl imiş. Xüsusən sizin mətbəxiniz çox dadlıdır. İnsanlarınıza isə söz ola bilməz. Hər kəz bizimlə öz doğması kimi davranırdı. Həqiqətən də multikulturalizm ənənələri Azərbaycana çox yaraşır. Sizin xalqınızı tanımaq və azərbaycanlılarla dost olmaq çox gözəldir".
 
Ankara şəhəri Heydər Əliyev adına ibtidai məktəbin şagirdi Burkay Evrim Yılmaz ölkəmizdə ikinci dəfədir olur: "Azərbaycan bizə qardaş ölkədir. İkinci dəfədir Bilik Fondunun keçirdiyi konfransda iştirak edirəm. Həm ötən il, həm də indi burada olduğum müddətdə hər yerdə turust gördüm. Bakı dünyavi şəhərdir və burada insan özünü çox rahat hiss edir. Konfransadan aldığım təəssüratı məktəb yoldaşlarıma danışacam. Bilirəm ki, onlar da burada olmaq istəyəcəklər. Sizdən indidən xahiş edirik ki, növbəti konfranslarda dostlarımı da dəvət edəsiz. Qoy Azərbaycanı hər kəs yaxından tanısın və bilsin ki, dünyada belə gözəl ölkə var".
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 03.05.2017

Son xəbərlər