Almaniyada “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda beynəlxalq konfrans başa çatdı


Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda beynəlxalq nəzəri-praktik konfrans mayın 11-də işini davam etdirib.

Əvvəlcə konfrans iştirakçılarının Auqsburq kilsə muzeyinə ekskursiyası təşkil edilib.

Ekskursiyadan sonra “Logen Haus” konfrans zalında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi Rəvan Həsənov və Auqsburq Universitetinin elmi işçisi Laura-Marie Dudatın moderatorluğu ilə “Multikulturalizm və interkultural ədəbiyyat: Fridrix Rükert və Lev Nussimbaum (Qurban Səid)” mövzusunda bölmə iclası keçirilib.

Auqsburq Universitetinin filologiya və tarix fakültəsinin professoru Klaus Volfun “Fridrix Rükert və Azərbaycan” mövzusunda məruzəsi dinlənilib. Professor XIX əsrdə yaşamış alman şairi Fridrix Rükertin Şərq, Azərbaycan ədəbiyyatına olan marağından, “Quran”ı, Nizami Gəncəvinin “İsgəndərnamə” əsərini almancaya tərcümə etdiyindən söz açıb, şairin Azərbaycanla Almaniya arasında bir mədəniyyət körpüsü rolunu oynadığını vurğulayıb.

AMEA Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm ideyalarından söz açıb. Professor “Kitabi-Dədə Qorqud” dastanında yer alan multikulturalizm elementlərini xatırladaraq dastandakı “Qanlı Qoca oğlu Qanturalı” boyunda multikultural dəyərlərin daha qabarıq şəkildə öz əksini tapdığını qeyd edib.

Muxtar İmanov, həmçinin Azərbaycanın bayatılarında, atalar sözlərində, əfsanələrində də multikultural ideyaların yer aldığını deyib. Professor BBMM-in “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” nəşrindən söz açaraq kitabı bu istiqamətdə aparılan mühüm araşdırma işi kimi yüksək dəyərləndirib.

Maynz Universitetinin türkologiya fakültəsinin professoru Hendrik Buşoten “Kitabi-Dədə Qorqud və Nibelunqlar nəğməsi-müştərək təhlil təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib: “Azərbaycan xalqının mühüm tarixi və mədəniyyət qaynaqlarından biri olan, ali bəşəri ideyalar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil edilən, Oğuz türklərinin tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” dastanı dünya mədəniyyəti və ədəbiyyatı tarixində xüsusi yer tutur. Bu dastan Azərbaycan xalqının, bütün türk xalqlarının qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli əsərdir. Azərbaycan xalqının bu möhtəşəm epik əsərinin əlyazmasının ən qədim nüsxəsi Drezden Kitabxanasında saxlanılır. “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqı üçün hansı mənəvi dəyəri və anlamı ifadə edirsə, “Nibelunqlar haqqında nəğmə” də almanlar üçün eyni statusa malikdir”.

Auqsburq Universitetinin tələbəsi Kristina Bossauer-Qrois Lev Nussimbaumun “Qərbi və Şərqi” mövzusunda məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Bolqarıstanın Sofiya Universitetinin tələbəsi Momçil Şopov “Orta əsrlər Azərbaycan ədəbiyyatında multikulturalizm” mövzusunda təqdimatla çıxış edib və Azərbaycan ədəbiyyatı ilə yaxından maraqlandığını və bu istiqamətdə araşdırmalar apardığını bildirib. Momçil Şopov orta əsrlər klassik Azərbaycan şairlərindən Əssar Təbrizi, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzulinin əsərlərində multikultural ideyaların yer aldığını diqqətə çatdırıb.

Sonra BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev “Azərbaycan multikulturalizminin ədəbi-bədii, ictimai-siyasi qaynaqları” mövzusunda məruzəsi dinlənilib. Akademik vurğulayıb ki, ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara qarşı hörmət duymaq və bu xalqların adını ehtiramla çəkmək, onlara səmimi dostluq və sevgi münasibəti sərgiləmək ilk klassiklərimizin, orta əsrlər və intibah dövrü şairlərimizin, maarifçi demokrat yazarlarımızın yaradıcılığında xüsusi və önəmli yer tutur: “Poeziyamızda müxtəlif dinlərin müqəddəslərinə- İbrahimə, Musaya, Süleymana, Yəquba, İsa Məsihə, Məryəmə dərin hörmətlə müraciət edilməsi, onların həyat və əməlləri ilə bağlı Şərq poetikasının sehrli və füsunkar cığırlarında uyğun təşbeh və bənzətmələr qurulması, başqa xalqlara məxsus alimlərə (Sokrata, Platona, Aristotelə, Evklidə, Hippokrata...), yazarlara ( Göteyə, Şillerə, Şekspirə, hüqoya , Volterə, Russoya...) sonsuz ehtiramın təsviri multikultural və tolerant əhval-ruhiyyənin bariz nümunəsi kimi diqqəti cəlb edir.

Tarixi zərurət ona gətirdi ki, Qafqaz Albaniyası dövründən və qədim Azərbaycan dinastiyalarından - Atabəylərdən, Səfəvilərdən, Əfşarlardan, Qacarlardan, eləcə də ilk Xalq Cümhuriyyətindən zərrə-zərrə işıq kimi axıb gələn möhtəşəm siyasi estafeti qəbul edən Ulu Öndər multikultural və tolerant dəyərlərin Azərbaycan üçün son dərəcə vacib həyati şərtlər olduğunu yaxşı bilirdi. Bu dəyərləri yaşatmaq naminə Azərbaycan multikulturalizminin ictimai-siyasi əsaslarını ümummilli lider Heydər Əliyev sistemli şəkildə, əzmlə qurdu və qəbul edilmiş siyasi bəyanat və sənədlərdə, fərman və sərəncamlarda, Konstitusiya bəndlərində bunu addım-addım, geridönməz şəkildə həyata keçirməyə başladı. Zəngin mənəvi xəzinənin sistemli, özündə aydın perspektivlər ehtiva edən siyasi bünövrəsi belə yarandı. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev öz ulu siyasi sələfinin yolunu ləyaqətlə davam etdirərək bütün dünyaya bəyan edir: “Azərbaycanda multikulturalizm dövlət siyasətidir və onun alternativi yoxdur”.

Akademik Kamal Abdullayev “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından üç dildə nəşr olunmuş “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını milli ədəbiyyatımızda öz əksini tapan multikultural ideyalarla tanış olmaq və öyrənmək arzusunda olanlar üçün qiymətli mənbə kimi səciyyələndirib. Akademik sözügedən seriya çərçivəsində Azərbaycan multikulturalizminin ictimai, siyasi, fəlsəfi qaynaqları ilə bağlı növbəti nəşrlərin hazırlandığını və yaxınlarda işıq üzü görəcəyini bildirib.

Günün ikinci yarısında konfrans “Müqayisəli multikulturalizm” mövzusunda bölmə iclası Tbilisi Dövlət Universitetinin tələbəsi Viktor Qoqaşvili və Auqsburq Universitetinin elmi işçisi Verena Gavertin moderatorluğu ilə işini davam etdirib.

Tbilisi Dövlət Universitetinin Rusiya və Slavyanşünaslıq İnstitutunun direktoru, professor David Qotsiridze “Azərbaycan və Gürcüstan: ümumi tale” mövzusunda məruzə ilə çıxış edib.

İtaliyalı müstəqil tədqiqatçı Andrea Kominçini çıxış edərək Azərbaycan multikulturalizm modelinin Avropa modeli ilə müqayisəli təhlilini aparıb.

İndoneziyanın Qadcah Mada Universitetinin tələbəsi İmas Xoyrun Nisa Fuciati “Azərbaycan multikulturalizminin İndoneziyada tədrisi” mövzusunda təqdimatla çıxış edib.

Rusiyalı müstəqil araşdırmaçı Oleq Kuznetsov “Multikulturalizmin sosial modellərinin Avropa və Azərbaycanda kulturoloji və ontopsixoloji anlayış fərqlilikləri”ndən söz açıb.

İsveçrənin Frayburq Universitetinin tələbəsi Marina Della Torre məruzəsində Azərbaycan və İsveçrə multikulturalizminin müqayisəli təhlilini təqdim edib.

Tbilisi Dövlət Universitetinin tələbəsi Mariam Gorgadze Azərbaycan multikulturalizm modelinin Gürcüstanda öyrənilməsi mövzusunda məruzə ilə çıxış edib.

Bölmə iclasında Makedoniyanın Müqəddəs Kiril və Mefodiy Universitetinin tələbəsi İrena Angelovska “Musiqidə multikulturalizm: müxtəlifliklər arasında körpü”, Çexiyanın Karl Universitetinin tələbəsi Gürses Siderov “Miqrasiya və multikulturalizm”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Zeynal Rəşidli “İslam Həmrəyliyi İli” islamdaxili və İslam ilə digər konfessiya lar arasındakı harmoniya” mövzusunda məruzələrlə çıxış ediblər.

Müzakirələrlə davam edən bölmə iclasının sonunda Azərbaycanın Gənc Dostları Klubunun üzvləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə deyilir: “Biz – dünyanın müxtəlif ölkələrindən olan Azərbaycanın Gənc Dostları 2017-cı il 10–11 may tarixlərində Almaniyanın multikulturalizm mərkəzlərindən biri olan Auqsburqda unudulmaz xoş günlər keçirdik, bir-birimizi daha yaxından tanıdıq, öz təşəbbüs və istəyimizlə Azərbaycan xalqının dahi şəxsiyyəti və ölkənizdə multikulturalizmin siyasi banisi Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq nəzəri-praktik konfransa toplaşdıq.

Sizin Sərəncamınızla 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi bir daha göstərir ki, günəşli ölkənizdə fərqli mədəniyyətlərə mənsub insanlar arasında heç bir ayrı-seçkilik yoxdur. Sizin təşviqinizlə həyata keçirilən beynəlxalq multikulturalizm qış və yay məktəbinin iştirakçıları ilə birlikdə qatıldığımız tədbirlər, ölkənizdəki müxtəlif ibadət evlərini ziyarət Azərbaycanın multikultural və tolerantlıq məkanı olması barədə eşitdiklərimizin əyani təsdiqi oldu.

“Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində yaradılıb. Birliyin üzvlüyündə Azərbaycan multikulturalizminin ölkəmizə qazandırdığı xarici gənclər və ziyalılardan ibarət dostlar təmsil olunur. Birlik ətrafına Azərbaycansevərləri toplayaraq əhatə dairəsini gündən-günə genişləndirir. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi-bütövlükdə haqq işinin dəstəklənməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində yeni töhfələr verir, müxtəlif tədbirlər keçirir. Azərbaycan xalqı və dövləti ölkə ərazisində əsrlərdir mövcudluğunu sürdürən etnik, dini fərqliliyə bəslədiyi şəfqət, sevgi və qayğıya görə, ümumiyyətlə, misilsiz multikultural dəyərləri, nadir multikulturalizm modeli ilə ehtirama layiqdir. Bu konfransı gerçəkləşdirməklə Azərbaycanın gənc dostları olaraq bir daha dost Azərbaycan xalqına və dövlətinə öz sayğımızı ifadə etmiş olduq.

Biz - Azərbaycanın və dünyanın 17 xarici ölkə universitetini təmsil edən, Azərbaycanın Gənc Dostları Klubunun üzvü olan onlarla tələbə bu tədbirə qatılaraq Azərbaycanın multikulturalizm modeli, ölkədəki tolerant mühit və bu istiqamətdəki uğurlu dövlət siyasəti haqqında fikirlərini, eyni zamanda, təəssüratlarını bölüşmək üçün bir araya toplandıq. Bu konfransın keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın gənc dostlarının növbəti mənəvi birliyinin parlaq təcəssümüdür.

Cənab Prezident! Sizə bildirmək istəyirik ki, ölkənizdən zəngin təəssüratla ayrılırıq, bizi Bakıya Azərbaycana marağımız gətirdi, indi isə Vətənimizə özümüzlə Azərbaycan sevgisi aparırıq”.

Sonra konfrans iştirakçıları Auqsburq Universiteti ilə tanış olublar.

Konfransın rəsmi bağlanış mərasimində Dövlət müşaviri Kamal Abdullayev bir daha tədbirin təşkilatçılarına - Azərbaycanın Gənc Dostları Klubuna, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, Auqsburq Universitetinə və təşkilati dəstəyə görə “Run Group”a, eləcə də bu beynəlxalq tədbirə qatılan bütün iştirakçılara dərin minnətdarlığını ifadə edib. Dövlət müşaviri Azərbaycanın Gənc Dostları Klubunun maraqlı ideyalarının və təkliflərinin reallaşmasının bundan sonra da dəstəklənəcəyini bildirib.

Rəsmi bağlanış mərasimindən sonra onlarla ölkədən gəlib bir araya toplanmış Azərbaycanın gənc dostları zəngin proqramlı multikultural mədəniyyət axşamı təqdim ediblər.

Konfrans həmin gün işini başa çatdırıb.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Auqsburq

Tarix: 11.05.2017

Son xəbərlər