Azərbaycanlı alim Passau Universitetində keçirilən Beynəlxalq konfransda çıxış edib


2017-ci il mayın 4-7-də Almaniyanın Passau şəhərində Almaniyanın Mədəniyyət və Kütləvi İnformasiya Vasitələri üzrə Federal Təşkilatının və Passau Universitetinin “Şərqi Avropanın yeni və ən yeni tarixi və mədəniyyəti" kafedrasının təşkilatçılığı ilə “Rusiya almanları – onların həyatı və fəaliyyətinə postsovet arxivləri şahidlik edir” mövzusunda II Beynəlxalq konfrans keçirilib. Tədbirdə Almaniya, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Özbəkistan ali məktəblərinin və tədqiqat institutlarının professor-müəllim heyətinin nümayəndələri, tarixçi-tədqiqatçılar, arxiv işçiləri iştirak ediblər.

Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin böyük məsləhətçisi professor Həcər Verdiyeva iştirak edib. H.Verdiyeva məruzəsində auditoriyanın diqqətinə çatdırıb ki, XX əsrin sonlarında yenidən müstəqillik əldə edən Azərbaycan Respublikası tolerantlıq ənənələrini əsas götürərək, ölkədə olan alman abidələrini bərpa edir və qoruyur. Professor onu da vurğulayıb ki, multikultural Azərbaycanın tərkib hissəsi olan alman laylarının mühafizəsi ilə bağlı görülən tədbirlər ölkə rəhbərliyinin apardığı tolerantlıq və multikulturalizm siyasətinin bariz nümunəsidir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 avqust 2016-cı il tarixli "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" imzaladığı sərəncam bu reallığı təsdiqləyir. Məruzədə Azərbaycan Respublikasının arxivlərində saxlanılan sənədlərdə Azərbaycan tarixinin alman səhifələrinə aid maraqlı faktların olduğu göstərilib, sovet hakimiyyətinin ilk illərində, XX əsrin əvvəllərində Ağstafa ərazisində salınmış alman “bala” koloniyalarından biri Yelizavetinkada alman kolonistlərinin yaşadığı sosial-siyasi şəraitdən bəhs edilib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, müzakirələr zamanı məlum olub ki, Qazaxıstan Respublikasının arxivlərində Böyük Vətən müharibəsi illərində Azərbaycan SSR-dən Qazaxıstana deportasiya olunmuş almanlar haqda qiymətli sənədlər saxlanılır.

Tarix: 08.05.2017

Son xəbərlər