Mingəçevirdə "Xocalı petisiyası"nın imzalanması kampaniyası keçirildi


Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, Rusiyanın tanınmış tarixçisi, siyasi xadim Oleq Kuznetsovun Xocalı faciəsinin soyqırım cinayəti kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlandığı petisiyanın təqdimatı Gəncə və Şəmkir rayonlarından sonra mayın 24-də Mingəçevir şəhərində keçirilib.

Bilik Fondunun dəstəyi ilə Mingəçevir Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində açılış nitqi ilə çıxış edən rayon icra hakimiyyətinin şöbə müdirinin müavini Sahib Əliyev tədbirə qatılan, tələbələri, rəsmi qurumların nümayəndələrini, yerli ziyalıları petisiyanın mahiyyəti barədə məlumatlandırıb, O.Kuznetsovun Azərbaycan üçün gördüyü işlərin alqışa layiq olduğunu bildirib.

Fondun əməkdaşı Elvin Hətəmov Azərbaycanla Rusiya münasibətərindən danışaraq hər iki ölkənin tarix boyu qarşılıqlı dostluq və qonşuluq şəraitində yaşadığını deyib. E.Hətəmov bildirib ki, rusiyalı alimin azərbaycanlıların haqq səsinə səs verməsi xalqların dostluğunun nümunəsidir.

Bilik Fondunun nümayəndəsi Nailə Məmmədova rusiyalı alimin erməni terrorizminin əsl simasını açıb göstərməklə insanlığa müstəsna xidmət etdiyini söyləyib.

O.Kuznetsov uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətləri tədqiq etdiyini söyləyərək, Xocalı soyqırımının Rusiya Dumasında tanınmasından ötrü Mingəçevir ictimaiyyətini https//www.cvhange.org saytında yaradılmış petisiyaya qoşulmağa çağırıb. Bilik Fonunun əməkdaşları petisiyada səs verməyin qaydasını izah ediblər.

200 000 səsin toplanması lazım olan petisiyanın təqdimat mərasimi həmin gün Mingəçevir Dövlət Universitetində də keçirilib.

Səsvermədə iştirak etmək üçün https//www.cvhange.org saytına daxil olaraq axtarış yerinə "Олег Кузнецов" yazmaq lazımdır. Xocalı faciəsinin soyqırım cinayəti kimi tanınması ilə bağlı petisiyaya daxil olduqdan sonra ad, soyad, email ünvan, ölkə, şəhər və şərh yerini dolduraraq, imzalamaq düyməsinə basmaq vacibdir. Səs verdikdən sonra nəticənin şəklini çəkib, XOCALİ-PETİSİYA@MAİL.RU ünvanına göndərmək lazımdır.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru

 

 

 

 

Tarix: 24.05.2017

Son xəbərlər