Cənubi Qafqazın ən müasir və qüdrətli ordusu


Tarix boyu regiondakı qonşu ölkələrlə dinc yanaşı yaşamağın, sülh və barışın, sabitliyin tərəfdarı kimi çıxış edən Azərbaycan xalqında özünümüdafiə əzmi, döyüş rəşadəti, qəsbkarlara qarşı mübarizə ruhu daim yüksək olmuşdur.
Müxtəlif zaman və məkanlarda dövlət qurmaq haqqını təmin etmiş xalqımız taleyini daim inandığı nizami orduya, cəsur, mübariz sərkərdələrə, vətənpərvər döyüşçülərə etibar etmişdir. Döyüşün, yağı düşmənə qarşı mübarizənin az qala milli yaşam tərzinə çevrildiyi qədim dövrlərdən Azərbaycan mübariz, qorxmaz, torpaqları uğrunda canından keçməyə hazır olan gənclərin vətəni kimi tanınmışdır.
 
26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində böyük qürür hissi ilə qeyd edə bilərik ki, Azərbaycan həm də müsəlman Şərqində ilk nizami ordu birləşmələri yaratmış ölkələrdən biridir. Ötən əsrin əvvəllərində Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi azərbaycanlıları fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuş, ordu quruculuğuna başlanılmasını təxirəsalınmaz məsələ kimi gündəmə gətirmişdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanılmış, avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edilmişdi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edilmişdilər.
 
Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etmiş, bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştə göstərmişdir. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları bu gün də böyük ehtiramla yad edilir.
 
Keçmiş SSRİ dövründə Azərbaycanın güclü hərb ənənələri formalaşsa da, etiraf etməliyik ki, müstəqillik qazandığımız ilk illərdə respublikamız bu sahədə ciddi böhranla üzləşmişdi. 1991-cü ildən 1993-cü ilin iyun ayınadək ölkədə mövcud hakimiyyətlərin fəaliyyətsizliyi üzündən nizami ordu quruculuğu sahəsində heç bir ciddi addım atılmamış, silahlı qüvvələr ayrı-ayrı siyasi qrupların əlində hakimiyyət uğrunda qorxulu mübarizə alətinə çevrilmişdi. Mütəşəkkil və vahid komandanlığa, orduya malik olmayan Azərbaycan, təəssüf ki, hərc-mərclik və xaos burulğanında ərazisinin 20 faizini itirmək məcburiyyətində qaldı.
 
Ayrı-ayrı siyasi qruplaşmaların təsiri altında olan başıpozuq silahlı qruplaşmaların ləğvi, müstəqil Azərbaycanda nizami ordu quruculuğu istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsi yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ümummilli liderin rəhbərliyi altında Silahlı Qüvvələrin komplektləşdirilməsi, orduda nizam-intizamın, döyüş əhvali-ruhiyyəsinin qaldırılması, milli ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır.
 
Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıdışından sonra Ermənistan xarici havadarlarının köməyi ilə cəbhə bölgəsində hərbi əməliyyatlarını daha da genişləndirərək total hücumlar təşkil edirdi. Belə mürəkkəb şəraitdə Heydər Əliyevin qarşısında dövlətçiliyin qorunub saxlanması ilə yanaşı, cəbhə bölgəsində üzləşdiyimiz hərbi uğursuzluqları aradan qaldırmaq, düşmənə qarşı mütəşəkkil müqaviməti təşkil etmək, iqtisadi, siyasi, mənəvi və psixoloji cəhətdən ağır durumda olan bir ölkədə ordu quruculuğuna başlamaq kimi çətin missiya dayanırdı. Başlıca vəzifələrdən biri də ölkə gəncləri arasında milli mübarizə əzmini, döyüş ruhunu, vətənvərvərlik hissini, özünə inamı bərpa etmək idi. Ümummilli lider Heydər Əliyev böyük siyasi səriştəyə, dünyagörüşünə malik rəhbər kimi bu reallığı düzgün dəyərləndirir, gənclərin könüllü hərbi səfərbərliyini təmin etmək üçün respublikada ideoloji-təbliğati işi gücləndirirdi.
 
Bu tədbirlərin ən mühümü və əhəmiyyətlisi ulu öndər Heydər Əliyevin xalqa 1993-cü il 2 noyabr tarixli müraciəti oldu. Kifayət qədər mürəkkəb vəziyyətdə Azərbaycan xalqına, o cümlədən ölkə gəncliyinə televiziya və radio ilə müraciət edən ümummilli lider cəbhə bölgəsində yaranmış vəziyyəti geniş şəkildə təhlil edərək, uğursuzluqların səbəblərini dəqiqliklə göstərdi. Ulu öndər Heydər Əliyev xalqa müraciətində ordunun siyasiləşdirilməsi hallarını qətiyyətlə pisləyir, bəzi qüvvələrin çirkin siyasi məqsədlər naminə silahlı qruplaşmalar yaratdığını, dövlətçiliyə və xalqa qəsd yolu tutduğunu təəssüflə qeyd edirdi. Ulu öndər Heydər Əliyev bütun bu uğursuzluqları, ağrılı məqamları göstərməklə yanaşı, xalqı, o cümlədən ölkə gənclərini ruhdan düşməməyə, səfərbər olunmağa, düşmənə qarşı layiqli müqaviməti təşkil etməyə çağırırdı.
 
Ülu öndər Heydər Əliyev o zaman ölkə rəhbəri və Ali Baş Komandan statusunda milli ordu quruculuğu prosesinə şəxsən nəzarət etməklə yanaşı, ölkədə ümumi ab-havanın sağlamlaşdırılması, gənclərdə hərbi-vətənpərvərlik ovqatının gücləndirilməsi istiqamətində fəal iş aparırdı. Bu məqsədlə tez-tez cəbhə bölgəsinə gedərək gənc döyüşçülərlə görüşür, onların qayğı və problemləri ilə maraqlanır, eyni zamanda, onların arxa cəbhədəki ailə üzvləri ilə görüşlər təşkil edirdi. Ulu öndərin Azərbaycanın Milli Qəhrəmanlarının, habelə Vətənin azadlığı uğrunda canından keçmiş gənc döyüşçülərin ailə üzvləri ilə 1993-cü il 27 dekabrda tarixi görüşünü də xüsusi xatırlatmaq lazımdır.
 
Ümummilli liderin 2 noyabr 1993-cü il tarixli müraciətindən sonra qəlbində Vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin, habelə gənc kadrların Azərbaycana axını başlandı. Gənclər, eləcə də ayrı-ayrı təşkilat və müəssisələr ictimai müdafiə prosesinə fəal şəkildə qoşuldular, ordudan yayınma hallarının və cəbhədə geriləmələrin qarşısı alındı. 1994-cü ilin yazında Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı bir sıra uğurlu əməliyyatlar keçirdi. Hərbi uğursuzluqlarla üzləşdiyini görən təcavüzkar Ermənistan 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan “Bişkek protokolu”nu imzalamağa məcbur oldu. Beləliklə, cəbhə bölgəsində itkilərin qarşısı alındı və ölkənin hərtərəfli inkişafında yeni mərhələ yarandı.
 
Bu mərhələdən etibarən, respublikada nizami ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifahının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi, eləcə də bu sahədə beynəlxalq təcrübənin mənimsənilməsi dövlət siyasətinin mühüm qollarından birinə çevrildi.
 
Azərbaycan Ordusunun beynəlxalq əlaqələrinin gücləndirilməsi də ulu öndərin xüsusi diqqət mərkəzində idi. Ali Baş Komandan yaxşı bilirdi ki, milli ordunu modernləşdirmək üçün sovet hərb sistemini dəyişib NATO standartlarını tətbiq etmək vacibdir. Şimali Atlantika Alyansının beynəlxalq münasibətlər sistemində yeri və rolunu nəzərə alan ulu öndər Heydər Əliyev respublikanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramına qoşulması barədə qətiyyətli qərar verdi - 1994-cü il mayın 4-də Brüsseldə təşkilatın çərçivə sazişini imzaladı. 2001-ci il noyabrın 19-da Azərbaycan Respublikası NATO-nun Parlament Assambleyasına assosiativ üzv qəbul edildi.
 
Xüsusi vurğulamaq istərdim ki, ordu quruculuğunda son dərəcə strateji əhəmiyyətli məsələ olan hərbi təhsil və ixtisaslı gənc hərbi kadrların hazırlanması prosesi də ulu öndərin diqqət mərkəzində idi. Əsası 1971-ci ildə Naxçıvanski adına Hərbi Liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı ötən əsrin 90-cı illərinin sonuna doğru nüfuzlu ali hərbi təhsil ocaqları hesabına genişlənirdi. İndiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi də o illərdə milli hərbi kadr hazırlığı prosesində yaxından iştirak edirdi. Hərbi məktəbdə zabit kadrların hazırlanması prosesi 1997-ci ilin sentyabr ayınadək SSRİ-nin hərbi təhsil sisteminə uyğun həyata keçirilirdi. 2001-ci ilin avqustunda ulu öndər Heydər Əliyevin fərmanına əsasən, bu hərbi təhsil ocağı “Azərbaycan Ali Hərbi Məktəbi” adlandırıldı. 2001-2002-ci il məzunlarının buraxılış mərasimində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edərək, təhsildə və təlimdə fərqlənən gənc kursantlara diplom və zabit paqonlarını təqdim etmişdi.
 
Ulu öndər hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də “Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması haqqında” fərman imzaladı. Ümumilikdə, ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə Silahlı Qüvvələri kadrlarla təmin edən Hərbi Akademiyanın, Ali Hərbi Məktəbin, Naxçıvan Ali Hərbi Məktəbinin, Təlim və Tədris Mərkəzinin, Ali Hərbi Dənizçilik Məktəbinin, Ali Hərbi Təyyarəçilik Məktəbinin, Orta Hərbi Tibb Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və onun Naxçıvan filialının fəaliyyətinə dövlətin xüsusi diqqət və qayğısını təmin etmişdi.
 
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli ordu quruculuğu prosesi son 14 ildə böyük əzmlə davam etdirilir. Bunun nəticəsidir ki, hazırda respublikamızın NATO standartlarına cavab verən, şəxsi heyətinin döyüş hazırlığı yüksək olan peşəkar və modern ordusu var. Müstəqil respublikamızın son illərdə sosial-iqtisadi sahədə mühüm uğurlara imza atması, büdcə vəsaitlərinin ilbəil yüksək tepmlə çoxalması ölkə rəhbərliyinə ordu quruculuğu sahəsində daha sistemli və ardıcıl tədbirlər həyata keçirməyə imkan vermişdir. Xatırlatmaq yerinə düşər ki, 2003-2017-ci illərdə Azərbaycan Ordusuna ayrılan xərclər təxminən 20 dəfəyədək artmışdır. Əgər 2003-cü ildə hərbi xərclərə dövlət büdcəsindən 160 milyon manat ayrılmışdısa, 2017-ci ildə bu rəqəm 3 milyard manata çatmışdır.
 
Bütün bunlar ordu hissələrinin müasir texnika, silah-sursat, əşya və qida təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına, eyni zamanda, gənc əsgər və zabitlərin sosial müdafiəsi tədbirlərinin genişləndirilməsinə imkan yaratmışdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bununla bağlı demişdir: “Azərbaycanda ordu quruculuğu işlərinə də çox böyük diqqət veririk. Son illərdə bu istiqamətdə çox böyük nailiyyətlər əldə edilib. Bizim artıq peşəkar ordumuz var. Ordunun döyüş qabiliyyəti çox yüksəkdir. Ordumuzun maddi-texniki bazası son illər ərzində yüksək dərəcədə gücləndirilibdir. Heç kim bu gün Azərbaycana döyüş meydanında öz iradəsini diktə edə bilməz. Biz qısa müddət ərzində güclü və böyük perspektivi olan müdafiə sənayesini yaratmışıq və ilkin istehsalatdan artıq böyük istehsalata başlamışıq. Bu gün Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi avadanlıq beynəlxalq sərgilərdə nümayiş etdirilir və yüksək qiymət alır”.
 
Ümumiyyətlə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ilk gündən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyənləşdirdiyi siyasi strategiya güclü və mütəşəkkil ordunun yaradılmasına xidmət edir. Dövlət başçısı hesab edir ki, Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycanda mütəşəkkil və qüdrətli ordunun formalaşdırılması dövlətin qarşıya qoyduğu ən ali, prioritet məqsəddir.
 
Cənab İlham Əliyevin son illərdə Ali Baş Komandan kimi dəfələrlə cəbhə bölgələrində olması, ordu hissələrində şəxsi heyətlə müntəzəm görüşlər keçirməsi zaman keçdikcə Silahlı Qüvvələrin əzmkarlığının artmasına səbəb olur. Dövlət başçısının ayrı-ayrı hərbi hissələrdəki vəziyyətlə, gənc əsgər və zabitlərin problemləri, qayğıları ilə maraqlanması, hərbi təhsil sisteminin müasirləşməsinə və hərbi biliklərin tədrisinin yüksəlməsinə böyük diqqət yetirməsi nəticəsində Azərbaycan Ordusu ildən-ilə güclənir.
 
Cənab İlham Əliyevin müntəzəm olaraq hərbi geyimdə düşmənlə üzbəüz mövqelərə getməsi, gənc hərbçilərlə səmimi görüşməsi və söhbətləşməsi özündə olduqca ciddi psixoloji-siyasi çalarları ehtiva edir. Bu, əslində, Azərbaycanın heç zaman ərazi itkisi ilə barışmayacağı ilə bağlı bütün dünyaya verilən növbəti mesajdır. Ali Baş Komandan ordunun gücləndirilməsi məqsədilə hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasını əsas vəzifə kimi qarşıya qoymuşdur. Sözügedən kontekstdə Azərbaycanın tezliklə öz ərazi bütövlüyünü də bərpa edəcəyi, üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacağı heç bir şübhə doğurmur. Münaqişənin həllinin hərbi müstəviyə keçəcəyi təqdirdə təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu formalaşır.
 
Son illərdə keçirilən hərbi paradlar göstərir ki, Azərbaycan ordusu sürətlə inkişaf edərək arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Fərəhlisi odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda da var. 2016-cı ilin aprel ayının ilk günlərində çevik və mütəşəkkil hərbi əməliyyatlarla düşmənin bir sıra mövqelərini ələ keçirən, hərbi obyektlərini darmadağın edən, bəzi yaşayış məntəqələrini işğaldan azad edən Silahlı Qüvvələrimiz bunu bir daha sübuta yetirdi. Azərbaycan Ordusunun qısa zamanda həyata keçirdiyi uğurlu hücum əməliyyatları - düşmənin çox sayda canlı qüvvəsinin və zirehli texnikasının, habelə strateji əhəmiyyətli hərbi bazalarının güclü atəş zərbəsi ilə məhv edilməsi, strateji əhəmiyyətli ərazilərimizin geri qaytarılması xalqımızın böyük coşqusu, sevinci və mənəvi dəstəyi ilə qarşılandı. Həmin günlərdə Ali Baş Komandanın düşmənin hərbi təxribatlarının qarşısının alınması və layiqli cavabının verilməsi ilə bağlı əmrləri ordumuzun böyük ruh yüksəkliyinə səbəb olaraq xalqımızın böyük dəstəyi ilə qarşılandı.
 
Bir daha təsdiqləndi ki, bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik, peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş vətənpərvər kadrlardan ibarətdir. Ən müasir texnika və hərbi avadanlıqlarla təchiz olunan, döyüş ruhu yüksək Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın işğaldan azad olunmasına qadirdir.
 
Sevindirici haldır ki, 90-cı illərin əvvəllərindən fərqli olaraq cəmiyyətin bütün təbəqələri qısa müddətdə Ali Baş Komandanın ətrafında sıx birləşərək indiyə qədər görünməmiş milli birlik, həmrəylik nümayiş etdirdilər.
 
Ən nəhayət, dördgünlük müharibənin ermənilər üçün sarsıdıcı nəticələri rəsmi Bakının son illərdə faktiki dalana dirənmiş danışıqlar prosesindəki hərbi-siyasi, psixoloji mövqeyinin təmin edilməsi, ATƏT-in Minsk qrupu həmsərdlərinin, habelə dünyanın əsas güc mərkəzlərinin münaqişə ilə bağlı səylərinin gücləndirilməsi baxımından əhəmiyyətli sayıla bilər. Azərbaycan qısamüddətli uğurlu hərbi əməliyyatlarda qazandığı real zəfərlərlə münaqişənin həllini süni şəkildə uzatmaq yolu tutmuş qüvvələrə ciddi və sərt mesaj vermişdir: danışıqlar prosesi sonsuz və mənasız şəkildə uzana bilməz və Azərbaycan beynəlxalq hüquq normalarına söykənərək ən qısa müddətdə öz torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzmindədir. Və ən əsası, Ermənistanın havadarlarının hansı mövqe tutmasından, dolayı təhdidlərindən asılı olmayaraq, Azərbaycan iqtidarı xalqının və qüdrətli Ordusunun köməyi ilə bu addımı atmağa qadirdir.
 
Dövlət başçısı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bununla bağlı demişdir: “Bir daha demək istəyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Ancaq həll etmək istəyirik. Biz bundan sonra da sonu bəlli olmayan prosesdə sadəcə olaraq görüntü naminə iştirak etmək fikrində deyilik. Bunu vasitəçilərə də demişik, bunu Ermənistan tərəfi də bilir. Ona görə də məsələnin sülh yolu ilə həlli üçün Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Bunun başqa yolu yoxdur. Əgər Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünürsə, bu addımı atmalıdır”.
 
Şübhəsiz, heç bir danışıq prosesi müddətsiz, nəticəsiz ola bilməz. Hər bir danışıqlar prosesində qarşılıqlı güzəştlər də beynəlxalq hüquqla müəyyən olunur. Təcavüzkarla təcavüzə məruz qalan dövlətdən eyni dərəcədə güzəşt tələb etmək isə beynəlxalq hüquq normalarını ayaq altına atmaqdır. Həmsədrlərin indiyə qədər münaqişə tərəflərinə “Gedin dil tapın, istənilən razılaşmanızı qəbul edəcəyik” təklifi Azərbaycanı açıq-aşkar hərbi yola məcbur etməkdir.
 
Bir məqamı da xüsusi vurğulamalıyıq ki, hazırda cəmiyyətdə Azərbaycan Ordusuna böyük güvən və ictimai inam mövcuddur. Eyni zamanda, rəşadətli ordumuz dövlətin və xalqın dəstəyini yaxından hiss edərək mənəvi-psixoloju cəhətdən daha da möhkəmlənir. Müxtəlif dövlət qurumları, ictimai təşkilatlar, biznes strukturları, KİV orduya həssas münasibət və diqqət göstərməyi mənəvi borc hesab edirlər.
 
Dövlət başçısı İlham Əliyevin 7 may 2014-cü il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında” sərəncamı əsasında yaradılmış Bilik Fondu da son 3 ildə bu istiqamətdə sistemli və ardıcıl iş aparır. Əsas vəzifəsi Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına xidmət edən, qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığı aşılayan, azərbaycançılıq məfkurəsinin mahiyyətini və milli-mənəvi, dini dəyərləri təbliğ edən, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdırmaqdan ibarət olan Bilik Fondu dövlətimizin ordu quruculuğu sahəsində gördüyü işlərlə bağlı maarifləndirici tədbirlər həyata keçirir. Bu baxımdan fondun hərbi hissələrdə keçirdiyi müxtəlif xarakterli görüşlərin, tədbirlərin böyük psixoloji-mənəvi əhəmiyyəti var.
 
Bilik Fondunun gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən biri də “Vətən sənə oğul desə” adlı layihədir. Fondun əməkdaşları layihə çərçivəsində ölkənin əksər hərbi hissələrində, hospitallarda, şəhid məzarlıqlarında olmuş, görüşlər, mühazirələr, tədbirlər, ziyarətlər təşkil etmişlər. Eyni zamanda, fondun əməkdaşları və burada təcrübə keçən tələbələr Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar Silahlı Qüvvələrin Hərbi Hospitalında müalicə alan əsgər və zabitlərimizə baş çəkmiş, onlara kitablar hədiyyə etmişlər.
 
Fondda jurnalist Aida Eyvazlının aprel şəhidlərindən bəhs edən “Qalibiyyət - şahidlər və şəhidlər” kitabının I cildinin təqdimatı keçirilmiş, tədbirdə şəhid pilotların həmkarları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Həmçinin tədqiqatçı Yaqut Bahadırqızının şəhid pilot Əbubəkirdən bəhs edən “Hay ver mənə, cənab leytenant” kitabının təqdimatını Bilik Fondu təşkil etmişdir.
 
Bakı şəhəri 226 saylı məktəbdə keçirilən “Əsgər məktub” layihəsində iştirak edən fondun nümayəndələri sonradan şagirdlərin yazdıqları məktubları Beyləqandakı “N” saylı hərbi hissədə xidmət edən əsgərlərə çatdırmışdır. Eyni xarakterli daha bir tədbir Horadiz şəhər 2 nömrəli tam orta məktəbdə də təşkil edilmişdir. “Vətənin keşiyində duranlara məktub” adlı müsabiqənin qalibləri milli ordunun əsgərləri ilə görüşmüş, yazdıqları məktubları onlara təqdim etmişlər.
 
Fondun Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə keçirdiyi “İnformasiya təhlükəsizliyi və dövlət sirrinin yayılmasının qarşısının alınması” mövzusunda mühazirələr də son dərəcə əhəmiyyətli olmuşdur. Bundan başqa, fond Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin əsgərlərinə “Akademkitab”la birlikdə 100 ədəd kitab hədiyyə etmişdir.
 
Sonda xüsusi vurğulamaq istərdik ki, Azərbaycan Prezidentinin ordu quruculuğunu daim diqqət mərkəzində saxlaması, bu sahəyə göstərilən qayğını gündən-günə artırması, ilk növbədə, işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, ölkənin ərazi bütövlüyünü bərpa etmək, qaçqın və məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaq niyyəti daşıyır. Bütün bunlar isə gənc əsgər və zabitlərimizin üzərinə çox ciddi məsuliyyət qoyur. Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan hərbi qulluqçularımız üçün bu gün öz çiyinlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək, dövlətin və xalqın etimadını doğrultmaq, ilk növbədə, şərəf məsələsidir. Əminliklə deyə bilərik ki, bu günlərdə yaranmasının 99-cu ildönümünü qeyd edən Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu şərəfli vəzifəni layiqincə yerinə yetirəcəkdir.
 
İsaxan VƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun aparat rəhbəri,
hüquq elmləri doktoru, professor
Tarix: 25.06.2017

Son xəbərlər