Bilik Fondu ilə Suraxanı İcra Hakimiyyətinin birgə maarifləndirici tədbirləri


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu əhalinin sosial sifarişlər əsasında maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. İdeoloji, iqtisadi, mədəni, hüquqi və tibbi maarifləndirmə ilə bağlı tədbirlər ölkənin nüfuzlu elm bə təhsil müəssisələri, dövlət qurumları və ictimai təşkilatlar, şəhər və rayonların icra hakimiyyəti orqanları ilə birgə təşkil olunur.
 
İyulun əvvəlindən Suraxanı rayonu ərazisdində, əhalinin müxtəlif təbəqələri, əsasən sıravi vətəndaşlar cəlb olunmaqla silsilə mühazirələr təşkil edilir.
İlk mühazirə Aərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyyətinin birgə təşkilatçılığı ilə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş “Azərbaycan dövlətinin dini dəyərlərə qayğısı” mövzusunda olub.
Suraxanı rayon ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri Suraxanı Rayon İcra Hakmiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov açaraq qonaqları salamlayıb. Natiq “İslam Həmrəyliyi ili” çərçivəsində görülən maarifləndirici tədbirlərin mahiyyətindən söhbət açıb.
 
Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov mühazirəsində İslamın humanist dəyərlərindən danışaraq, müasir dünyada din adı altında törədilən vandalizmin islami dəyərlərlə ziddiyyət təşkil etdiyini qeyd edib, Azərbaycanda heç bir dini etiqada ayrıseçkiliyin olmadığını vurğulayıb.
 
Növbəti mühazirə Bilik Fondunun və Rayon İcra Hakimiyyyətinin birgə təşkilatçılığı ilə Hövsan qəsəbəsi 281 nömrəli tam orta məktəbdə “Müasir Azərbaycan tarixinin Heydər Əliyev səhifəsi” mövzusunda keçirilib.
İcra Hakmiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşid Məmmədov mövzunun aktuallığı barədə məlumat verdikdən sonra Bilik Fondunun əməkdaşı Elvin Hətəmov çıxış edərək, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən söz açıb, Fondun bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb.
 
Yerli ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə AMEA-nın Qafqazşünaslıq institutunun Şimali Qafqaz şöbəsinin müdiri Vasif Qafarov “Müasir Azərbaycan tarixinin Heydər Əliyev səhifəsi” mövzusunda mühazirəsində bildirib ki, Ulu öndər Heydər Əliyevin sovet zamanı Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi hər bir islahat gələcəyə hesablanmışdı. Bunun nəticəsində Ümumilli lider müasir Azərbaycanın qurucusu kimi, dəqiq hədəflərə doğru irəliləyə, bir lider kimi xalqı arxasınca apara bildi.
 
Əhalinin tibbi maarifləndirilməsi, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı mübarizə Bilik Fondunun fəaliyyətində xüsusilə əhəmiyyətlidir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı tədbirlərdən biri də Fondun və Suraxanı Rayon İcra Hakimiyyyətinin birgə təşkilatçılığı ilə Qaraçuxur qəsəbəsindəki 104 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbiri açan Suraxanı Rayon İcra Hakimiyyətinin təmsilçisi Rəşid Məmmədov narkomaniyaya qarşı mübarizə ilə bağlı mövzunun aktuallığını qeyd edib, Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı təmsil etdiyi qurumun gənclərə sağlam həyat tərzinin aşılanması istiqamətində həyata keçirdiyi maarifləndirici layihələrindən söz açıb, gəncləri kitab oxumağa, elmi biliklərə yiyələnməyə və sağlam həyat tərzi keçirməyə səsləyib.
"Narkomaniya gənclərin bəlasıdır" mövzusunda mühazirə ilə çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova narkomaniyanın insan sağlamlığına vurduğu sağalmaz yaralardan, onun ictimai-sosial bəla kimi cəmiyyət üçün ciddi təhlükə yaratmasından danışıb, zərərli vərdişlərin qarşısının alınmasında bədii mütaliə və idmanın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
 
Məlumdur ki, gənclər yalnız narkomaniya kimi social bəladan deyil, həm də müxtəlif dini təriqətlərin məkrli siyasətindən də əziyyət çəkirlər. Onların gəncliyindən, sadəlövlüyündən istifadə edən belə təriqətlər gəncləri öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar.
Bilik Fondu və Rayon İcra Hakimiyyyətinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu Zığ qəsəbə Mədəniyyət Evində “Dindarlıq və vətəndaşlıq mövqeyi” mövzusunda mühazirə təşkil edilib.
Rayon İcra Hakmiyyətinin rəsmisi Rəşid Məmmədov İcra Hakimiyyəti və Fondun aktual mövzularda təşkil etdikləri mühazirələrdən söhbət açıb. Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı dinləyicilərə Fondun maarifçilik missiyasından bəhs edərək bildirib ki, əhali daha çox məlumatlı, bilikli olmalıdır ki, müxtəlif dini təriqətlərə meyl yaranmasın, islamın təmizliyi və Azərbaycanın dövlətçiliyinin möhkəmliyi bizim bilikli və savadlı olmağımızdan çox asılıdır.
 
Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsnin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Akşin Axundov “Dindarlıq və vətəndaşlıq mövqeyi” mövzusunda məruzə ilə çıxış edib. Mərzuzəçi Azərbaycan dövlətinin bütün təriqətlərə və dinlərə, həmçinin etniklərə tolerant yanaşdığından danışıb, bu yönümdə dövlət səviyyəsində görülən işlərdən söhbət açıb, faktları dinləyicilərin diqqətinə çatdırıb.
 
Yeni Suraxanı qəsəbəsindəki 85 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 mart 2016-cı il tarixli “ Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Sərəncamı ilə bağlı maarifləndirici tədbir təşkil edilib.
Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev iqtisadi sahədə maarifləndirmənin əhəmiyyətindən danışıb, dünya maliyyə-iqtisadi böhranı və neftin qiymətinin aşağı düşməsi fonunda milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, ixracın genişləndirilməsi və yeni bazarlara çıxışın əldə edilməsinin Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin Müəssisənin iqtisadiyyatı kafedrasının müdiri, professor Əli Hacıyev “Heydər Əliyev və Azərbaycanda sənayenin inkişafı” mövzusunda mühazirə ilə çıxış edərək, Ümummilli lider Heydər Əliyevin həm sovetlər birliyi dönəmində, həm də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı dövrlərdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafının təmin edilməsi istiqamətində gördüyü işlərdən danışıb.
 
Əmircan qəsəbəsi 114 nömrəli tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda mühazirə ilə AMEA-nın Fəlsəfə institutunun Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi Əli İbrahimov çıxış edib. Natiq Ulu öndərin ən böyük azərbaycanlı olmasından, onun ideyalarından danışıb.
Tədbirdə çıxış edən Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Azərbaycançılıq ideologiyasının konstitutsion əsaslarından söhbət açıb.
 
Suraxanı rayonunun müxtəlif yerlərində keçirilən mühazirələrin hər biri sonda ineraktiv xarakter alıb, müzakirələrlə başa çatıb. Bilik Fondu əhalininm müxtəlif təbəqələrinin fərqli sahələrdə maarifləndirilməsi yolunda işini davam etdirir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru

 

 
Tarix: 12.07.2017

Son xəbərlər