“Mehriban Əliyeva və muğam fəlsəfəsi”


Binəqədi Rayon İcra Hakimiyyətində “Mehriban Əliyeva və muğam fəlsəfəsi” mövzusunda “Məlumat saatı” keçirilib. “Məlumat saatı”nda Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, AMEA-nın müxbir üzvü, şərqşünas alim, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, mədəniyyət işçiləri, ASAN Könüllüləri və YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirak ediblər.

“Məlumat saatı”nı açıq elan edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qonaqları təqdim edərək Bilik Fondu ilə əməkdaşlıq nəticəsində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
 
AMEA-nın müxbir üzvü, şərqşünas alim, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə “Mehriban Əliyeva və muğam fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış edərək xalqımızın qədim tarixi köklərə malik mədəni dəyərləri olan Azərbaycan muğamı haqqında geniş məlumat verib. “Çoxəsrlik tarixə malik olan Azərbaycan muğamı, mütəxəssislərin rəyinə görə, Şərq İntibahı çağında özünün çiçəklənmə dövrünü yaşayıb. Sonrakı dövrlər bu sənətin mahiyyət və məzmununu əsla dəyişdirə bilməyib. Bu gün də muğam bir tərəfdən əsrlərdən süzülüb gələn mənəvi sərvət, digər tərəfdən isə çağdaş dinləyici auditoriyasının yüksək tələbatı olan sənət nümunəsi kimi yaşamaqdadır”.
 
Natiq onu da qeyd edib ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bəşəriyyətin şifahi və qeyri-maddi irsinə dair şah əsərləri dünya siyahısına daxil olunan muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən misilsiz işlər təqdirəlayiqdir. Birinci vitse-prezident ulu öndərin gözəl ənənəsini bu gün də ləyaqətlə davam etdirir. Artıq xeyli müddətdir ki, bütün Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz və muğam həvəskarları muğama qayğı göstərilməsindən məmnun qalır.
 
Daha sonra məruzə ətrafında auditoriyanın sualları cavablandırılıb.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 14.09.2017

Son xəbərlər