“Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir”


Bilik Fondu 15 sentyabr – Bilik Günündə 120 mühazirə təşkil etdi
 
Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “İslam Həmrəyliyi İli”nə və 15 sentyabr - Bilik gününə həsr edilmiş “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda Bilik Fondunun lektorlar qrupunun üzvləri olan tanınmış elm xadimləri, millət vəkilləri, jurnalistlər, Fondun yerlərdəki nümayəndələrinin ölkənin müxtəlif elm-təhsil müəssisələrində mühazirələri və maarifləndirici görüşləri təşkil olunub.
 
Mühazirələr ölkə üzrə ümumilikdə 120 idarə, müəssisə və təşkilatda – 15 ali məktəbdə, 34 orta ixtisas, 62 orta təhsil müəssisəsində, bundan başqa, 6 Bilik evində, Şəmkir Heydər Əliyev Mərkəzində, Binəqədi Gənclər Evində, İvanovka Mədəniyyət Evində keçirilib.
 
Ölkənin müxtəlif bölgələrini əhatə edən tədbirə 111 mühazirəçi – 9 millət vəkili, AMEA-nın 10 institutundan 22 alim və tədqiqatçı, 9 ali məktəbin 14 müəllimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, tanınmış jurnalistlər cəlb olunublar. Auditoriyalar və sinif otaqlarında AMEA-nın 5 həqiqi və müxbir üzvü, 14 professor və elmlər doktoru, 24 dosent və fəlsəfə doktoru tədris ilinin ilk günündə gənclərlə görüşüblər. Bununla yanaşı, ilk dəfə olaraq, Bilik Fondunun 51 yerli nümayəndəsi bölgə məktəblərində maarifləndirici görüşlər keçiriblər.
 
Akademiklərdən Möhsün Nağısoylu Qusarda, Teymur Kərimli Nardaranda, Misir Mərdanov İsmayıllıda, Şahin Mustafayev Bakıda, professorlardan Əyyub Kərimov Şəkidə, Əlikram Abdullayev Sumqayıtda, Elçin Əhmədov Şuşa və Xankəndi məktəblərində, millət vəkillərindən Musa Qasımlı Masallıda, Jalə Əliyeva Ucar və Zərdabda, Pərvin Kərimzadə Gəncədə, Qüdrət Həsənquliyev Bakıda, tanınmış jurnalistlər Vüqar Rəhimzadə və Rəşad Məcid Bakıda məktəblilər, tələbələr və yerli sakinlərlə keçirdikləri görüşlərində islam həmrəyliyi ideyası, Azərbaycandakı multikultural ənənələr, formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər. 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tələbinə uyğun olaraq, keçirilən tədbirlərin mahiyyətindən danışan qonaqlar dini radikalizmə və ekstremizmə qarşı mübarizədə islam Həmrəyliyinin rolunu diqqətə çatdırıblar.
 
Görüşlərdə Ulu öndər Heydər Əliyevin İslam həmrəyliyi ideyasının banisi olduğu tarixi faktlar əsasında vurğulanıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə daim dindarların problemləri ilə maraqlanıb, dövlət - din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində böyük işlər görüb, xarici siyasətdə İslam amilinə xüsusi önəm verib. Çıxışçılar Prezident İlham Əliyevin “İslam həmrəyliyi” ilə bağlı çağırışının Ulu öndər Heydər Əliyevin irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamı olduğunu söyləyiblər.
Azərbaycan dövlətinin Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını möhtəşəm təşkil etdiyini deyən mühazirəçilər bildiriblər ki, müxtəlif sivilizasiyaları idman yarışları ətrafında birləşdirməsi nəticəsində “Gücümüz həmrəylikdədir” devizi altında keçirilən oyunlar dünyanın, xüsusən, islam ölkələrinin böyük rəğbətinə səbəb olub. Xarici qonaqlar ölkəmizdən dostluq, həmrəylik mesajları ilə ayrılıblar.
 
Görüş iştirakçıları mühazirələri yüksək qiymətləndirib və təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.
 
Azərbaycan Respubliaksının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 15.09.2017

Son xəbərlər