Bilik Günü alimlərlə gənclər bir arada Bilik Fondu bölgələrdə 120 mühazirə keçirdi


Bilik Fondu bölgələrdə 120 mühazirə keçirdi
 
"Hər bir xalqın ucalığını onun bilik səviyyəsi müəyyən edir"
Heydər Əliyev
 
“2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci ildə imzaladığı Sərəncamın tələbinə uyğun olaraq, Tədbirlər Planı təsdiqləndi.
 
 
Tədbirlər Planından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə 15 sentyabr - Bilik Günündə Bilik Fondu Təhsil Nazirliyinin müvafiq struktur bölmələri ilə razılaşdırılmış qaydada və Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də AMEA-nın alim və tədqiqatçıları, ali məktəb müəllimləri, millət vəkilləri, tanınmış elm və mədəniyyət xadimləri cəlb olunmaqla ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən orta ixtisas, peşə və ali təhsil, həmçinin Bilik Fondunun yerli nümayəndələrinin rəhbərlik etdikləri bir sıra orta təhsil müəssisələrində 15 sentyabr - Bilik Günü “İslam Həmrəyliyi İli” və “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda mühazirələr təşkil etdi.
 
Ümumilikdə 7 bölgənin 118 idarə, müəssisə və təşkilatlarında reallaşan 120 mühazirə, maarifləndirici görüşlər Bakı-Abşeron bölgəsində 36, Aran bölgəsində 23, Şimal bölgəsində 19, Qərb bölgəsində 13, Qarabağ bölgəsində 9, Cənub bölgəsində 6 və Dağlıq Şirvan bölgəsində 5 məkanda keçirildi.
Mühazirələr Bakı şəhəri və bölgələrdə fəaliyyət göstərən 15 ali məktəbdə, 33 orta ixtisas təhsil müəssisəsində - 21 kollec, 8 peşə liseyi və 4 peşə təhsil mərkəzi, 18 şəhər, 25 rayon mərkəzi, 6 qəsəbə və 12 kənd məktəbində, Bilik Fondunun dəstəyi ilə fəaliyyət göstərən 6 Bilik Evində, Heydər Əliyev Mərkəzi, Mədəniyyət və Gənclər evlərində təşkil olundu.
 
111 alim, tədqiqatçı və mütəxəssis, o cümlədən, 8 millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının 10 institutundan 22 alim və tədqiqatçı - AMEA-nın 5 həqiqi və müxbir üzvüləri, 14 professor və elmlər doktoru, 24 dosent və fəlsəfə doktoru, 9 ali məktəbdən 14 müəllim, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən 5 əməkdaş, Bilik Fondunun 50 şəhər və rayon nümayəndəsinin cəlb olunduğu mühazirələr dinləyicilər tərəfindən maraqla qarşılandı.
 
Tədris ilinin ilk günündə Bilik Fondunun təşkilatçılığı ilə gənclərlə və yerli sakinlərlə görüşən ziyalılar tam orta, orta ixtisas, peşə və ali təhsil müəssisələrində İslam həmrəyliyi ideyasının formalaşması və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, Azərbaycandakı multikultural ənənələr, formalaşmış tolerantlıq mühiti, müasir dünyada dini radikalizmə və ekstremizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti, Prezident İlham Əliyevin “İslam həmrəyliyi” ilə bağlı çağırışının Ulu öndər Heydər Əliyevin irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamı olduğu barədə ətraflı məlumat vermiş, dövlət-din münasibətlərinin tənzimlənməsi, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi və dini dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərin mahiyyəti barədə danışaraq, auditoriyanı maraqlandıran sualları ətraflı cavablandırdılar.
 
Həm mühazirəçilər, həm də dinləyicilər mühazirələrdən və görüşlərdən maariflənməklə yanaşı, böyük zövq alıblar.
Masallı Dövlət Regional Kollecində tələbələrlə görüşən AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı bildirib ki, Bilik Fondunun maarifləndirmə missiyası çərçivəsində ilk dərs günü alimlərlə şagirdlərin, tələbələrin, yerli sakinlərin görüşü mütərəqqi hadisədir: "Masallı Dövlət Kollecində olan görüş yüksək səviyyədə təşkil olunmuşdu. Görüşə tələbələrlə yanaşı, rayon sakinləri də qatılmışdılar. İştirakçılar maariflənmək arzularını dilə gətirərək, maraqlı suallar verirdilər. Dialoq səviyyəsində keçən görüş iştirakçıların yaddaşında iz buraxacaq. Bunu onlar özləri bildirirdilər".
 
Qusar rayonu professor Kərim Kərimov adına Hil kənd tam orta məktəbində şagirdlərlə görüşən AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu məktəblilərin biliklənməyə böyük həvəs göstərdiklərinin şahidi olub. Akademik deyib ki, islam həmrəyliyi mövzusunda şagirdlərin qavraya biləcəkləri tərzdə maraqlı söhbət aparıb və iştirakçıların suallarına cavab olaraq, ölkədəki multikultural mühit barədə geniş məlumat verib.
 
Gəncə Dövlət Universitetinin prorektoru, fəlsəfə doktoru, millət vəkili Pərvin Kərimzadə Gəncə Dövlət Universitetində keçirdiyi görüşün xalq-dövlət birliyinə, gənclərin düşüncəsinin vətənpərvərlik ruhunda formalaşmasına xidmət etdiyini deyib: "Tələbələrlə göürüşümüz dialoq səviyyəsində quruldu. Tolerant düşüncə daşıyıcısı olan Azərbaycan xalqının bütün dinlərə, isti münasibət göstərməsinin tarixi və siyasi aspektlərini ətraflı şəkildə izah etməyə çalışdım. İştirakçılar diqqətlə dinləyir və məntiqi suallar verirdilər. Bütün sualları cavablandırmağa çalışır, Ulu Öndər Heydər Əliyevin İslam həmrəyli ideyasının banisi olduğunu, cənab Prezident İlham Əliyevin həmin siyasi kursu uğurla davam etdirdiyini faktlarla auditoriyanın diqqətinə çatdırdım. Tələbələr görüşdən çox razı qaldılar. Belə görüşlərin mütəmadi keçirilməsini arzuladılqarını dilə gətirdilər".
 
15 sentyabr - Bilik günündə ölkə ərazisində “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda keçirilmiş maarifləndirici mühazirələrdən 14000-dən çox dinləyici - ali məktəblərin 1800-dək tələbəsi, orta ixtisas və peşə təhsil müəsissələrinin 4000-dən çox şagirdi, 8000-ə yaxın məktəbli faydalaıb.
 
Bilik Fondu yenicə fəaliyyətə başladığı 2014-cü ilin Bilik Günündə "Azərbaycan bu gün və sabah" mövzusunda 70, 2015-ci ilin 15 sentyabrında "Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi bansidir" mövzusunda 161, 2016-cı ilin ilk dərs günü "Heydər Əliyev və Azərbaycan" mövzusunda 116 elm və əhsil ocağında tanınmış alimlər, bir sıra xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə mühazirələr təşkil edib.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
 
Yazı "525-ci qəzet"in 19 sentyabr tarixli sayında dərc olunub. 
Tarix: 18.09.2017

Son xəbərlər