Bilik Fondu tələbələri misirli professorla görüşdürdü


Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Memarlıq” ixtisası üzrə təhsil alan tələbələr üçün Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Muhəmməd Şövkinin görüşü olub və “İslam memarlığı” mövzusunda mühazirəsi keçirilib.
 
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi qonağı təqdim edərək, Bilik Fondu ilə Mərkəzin bu günə qədər həyata keçirdiyi tədbirlərdən danışıb.
 
Bu görüşə görə Bilik Fondu və Universitetin rəhbərliyinə minnətdarlığını bildirən Əhməd Şövki təmsil etdiyi ölkənin tarixi abidələri - arxitekturasının orijinallığı ilə seçilən dini məbədləri barədə 3d formatında hazırlanan slayd vasitəsi ilə maraqlı məlumat verib.
 
Tikililərin sxemindən danışan misirli professor ölkəsinin 989-cu illərdə arxitektura mədəniyyətinin formalaşmasında azərbaycanlı memarların böyük əməyi olduğunu xatırladıb. Görüşdə tələbələr mühazirəçiyə suallar ünvanlayıb və ətraflı cavablar alıblar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu əhalinin maarifləndirilməsi, gənclərin Azərbaycan və dünya mədəniyyətin müxtəlif sahələri üzrə elmi biliklərinin artırılması, onların "İslam Həmrəyliyi İli"ndə “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində tanınmış elm və mədəniyyət xadimləri ilə görüşlərinin təşkili istiqamətində silsilə tədbirlərini davam etdirir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 26.09.2017

Son xəbərlər