Şəhid Milli Qəhrəman Əliyar Əliyevin xatirəsi Bilik Fondunda yad edildi


Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun toplantısında 1992-ci il oktyabrın 3-də Laçın rayonu uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıqla şəhid olan Milli Qəhrəman Əliyar Əliyevin xatirəsi ehtiramla yad edilib.
 
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Yaddaş” sənədli filmlər studiyasında çəkilmiş “Pəhləvan Komandir” filmi nümayiş etdirildi.
 
Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Nərimanoğlu şəhid komandir, döyüşçü, idman ustası, güləşçi-pəhləvan Əliyar Əliyev haqqında xatirələrini danışıb, tələbələrin igid döyüşçü haqqında suallarını cavablandırıb. “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri ilə aparılan fikir mübadiləsində tarix yazan qəhrəmanların ömür, döyüş yolunun təbliğinin vacibliyi vurğulanıb, Milli Qəhrəmanların tanıdılmasının gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rolu olduğu qeyd edilib.
 
Toplantıda Əliyar Əliyev kimi qəhrəmanların uyuduğu torpaqlarımızın işğaldan azad ediləcəyinə inam ifadə olunub, tələbələr hər an torpaqlarımızın yağı düşmən əlindən qurtulması uğrunda savaşa hazır olduqlarını bildiriblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 03.10.2017

Son xəbərlər