Ana dilinin saflığını necə qoruyaq? – Bilik Fondu mühazirələri davam etdirir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan dilinin qorunması və inkişafına təkan olan layihələrini davam etdirir.
 
Oktyabrın 7-də Fondun Beyləqan rayon nümayəndəliyinin təşkilatçılığı ilə şəhər N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun görüşü keçirilib.
 
Rayonda fəaliyyət göstərən təhsil ocaqlarının müəllimləri, Azərbaycan Yazıçılar Birliyinin bölmə üzvləri və ziyalıların iştirak etdiyi tədbirdə məktəbin direktoru, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı Qadınlar Şurasının sədri Gülbəniz Cəfərova açaraq, Bilik Fondunun maarifləndirici layihələrindən danışıb.
 
Görüşdə “Ana dilinin saflığının qorunmasında məktəb, ailə və cəmiyyətin vəzifələri” mövzusunda mühazirə söyləyən akademik Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” müvafiq fərmanını xatırladıb, ana dilinin saflığının qorunması istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu işlərdən söz açıb. Ana dilinin qorunmasında ictimaiyyətin rolunun böyük əhəmiyyət daşıdığı vurğulanıb.
AYB Beyləqan bölməsinin sədri Asif Cəfərli, “Beyləqan” qəzetinin baş redaktoru Elman İsrafiloğlu çıxış edərək, dilimizin incəliyinə xələl gətirən nöqsanların aradan qaldırılması üçün məktəb, ailə və cəmiyyətin birliyinə böyük ehtiyac olduğunu deyiblər.
 
Oktyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində AMEA Dilçilik İnstitutu, Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın “Nitq mədəniyyəti və norma. Natiqlik sənətinə verilən tələblər” mövzusunda mühazirəsi olub.
 
S.Sadıqova “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamladığını diqqətə çatdıraraq, hər bir vətəndaşın bu hüquqa ciddi əməl etməyə, dilin tələblərini yerinə yetirməyə borclu olduğunu bildirib. Professor qeyd edib ki, Azərbaycan dilinin pozulması halları ilə daha çox mediada qarşılaşırıq, bunun da səbəbi həmin jurnalistlərin mütaliə mədəniyyətinin aşağı olması, mövzu ilə bağlı kifayət qədər biliklərinin olmamasıdır.
 
Oktyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə keçirilən konfransda dilçi alimlər, Milli Məclisin deputatları, KİV-lərin rəhbərləri və nümayəndələri iştirak ediblər.
 
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransdakı çıxışında bildirib ki, milli dövlətçiliyin yaranması və inkişafında dil mühüm tarixi rol oynayır. Çünki dil xalqın özünüqoruma instinktini gücləndirən, onu səfərbər edən və birləşdirən, həmçinin bir toplumu digərlərindən fərqləndirən və müdafiə edən ən etibarlı vasitədir. Ona görə də dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 09.10.2017

Son xəbərlər