Uşaqlara kitab oxuyaq!


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Fikir şənbəsi” klubunun növbəti yığıncağı Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunub. “Uşaqlar və bədii mütaliə” mövzusunda keçirilən görüşdə uşaq yazarı professor Zahid Xəlil, “Altun” nəşriyyat evinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov, uşaq ədəbiyyatının tədqiqatçısı, tərcüməçi, alim Füzuli Əsgərli, uşaq yazarları Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Bilik Fondunun Bakı və Sumqayıt üzrə nümayəndələri, ibtidai sinif müəllimləri və könüllülər iştirak ediblər.

Mütaliənin gələcəyimiz olan uşaqların inkişafında xüsusi rolunu vurğulayan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bağça və məktəbyaşlı uşaqların xarici cizgi filmlərin qəhrəmanlarını izləyərək böyüdüyünü, texnoloji yeniliklərin uşaqları kitablardan bir qədər uzaq saldığını bildirib.

Professor Zahid Xəlil ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ağıllı və yüksək intellektli gəncliyin yetişdirilməsini vacib sayıb və bunun üçün mütaliəni təbliğ etməyin əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, maarifləndirici uşaq televiziya kanalının açılması, məktəblərdə tez-tez yazarların, valideynlərin və şagirdlərin iştirakı ilə kitab müzakirələrinin təşkil olunması səmərəli nəticələr verə bilər.

“Altun” nəşriyyat evinin direktoru Rafiq İsmayılov son zamanlar kitab sektorunda bir canlanma müşahidə olunduğunu deyib. O təklif edib ki, məktəblinin oxumalı olduğu kitabların siyahısı hazırlansın və məktəblərdə təsis edilə biləcək “Oxu klubları”nda uşaqlar bu kitablarla tanış olsunlar.

Çıxış edən yazarlar Sevinc Nuruqızı və Reyhan Yusifqızı uşaqlar üçün teartrların durumuna diqqət çəkərək repertuarların zənginləşdirilməsinin vacibliyindən, uşaqların kitaba marağının artırılmasında böyüklərin – valideynlərin və müəllimlərin qarşısında duran vəzifələrdən söz açıblar.

“Fikir şənbəsi”nin iştirakçıları olan məktəb direktorları bu sahədə görülən işlərdən danışıblar, uşaqların mütaliəyə cəlb olunması üçün konkret təkliflər irəli sürüblər.

Tarix: 04.04.2015

Son xəbərlər