"Tariximizi öyrənək və öyrədək" Gənclər Klubu məktəblilərlə görüşdü


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Bakının Yasamal rayonundakı 53 saylı orta məktəbdə 18 Oktyabr — Müstəqillik Gününə həsr olunmuş tədbir təşkil edib.

Tədbiri giriş sözü ilə açan Ölkədaxili layihələr sektorunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun fəaliyyəti haqqında məlumat verib. 

Klub üzvlərindən Bakı Qızlar Universitetinin tələbəsi Nərgiz Məmmədova, Azərbaycan Universitetinin tələbələri Ruslan Ağakişiyev və Tünzalə Kazımova məktəbin şagird və müəllim kollektivi qarşısında çıxış edərək, ölkənin müstəqillik tarixi haqqında fikirlərini söyləyib və hazırladıqları slaydı göstəriblər.

Daha sonra Klubun üzvlərindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Rəfi Qurbanzadə ebru sənətinin tarixi, onun nümayəndələri və növləri haqqında məlumat verib.

O, əyani şəkildə göstərərək bildirib ki, ebru sənətində təbii materiallardan istifadə olunur, fırçanın sapı gül budağından olduğu üçün elastikdir, tükləri isə at quyruğundan hazırlanlır. Ebru sənətini hazırda türk ebruzənləri yaşadır.

Şagirdləri ebrunun müxtəlif növləri ilə tanış edən R.Qurbanzadə onlara özlərini sınamaq üçün imkan yaradıb və əl işlərini məktəb kollektivinə bağışlayıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 19.10.2017

Son xəbərlər