“Hamı üçün İKT” təlimləri başladı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Hamı üçün İKT” sosial layihəsi əsasında ofis proqramlarından peşəkar istifadə üzrə ödənişsiz təlimlərə başlanılıb.

Layihə əhalinin aztəminatlı təbəqəsi - qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvləri, sağlamlıq imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.  

Oktyabrın 25-də Bakı şəhərinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində ilk təlim təşkil olunub. Onlayın formada keçən təlimə Bakı şəhəri ilə yanaşı, Lənkəran, İmişli, Bərdə, Mingəçevir, Göyçay, Şamaxı və Qəbələ rayonlarının Elektron Hökumət Təlim-Tədris Mərkəzləri  qoşulub.

Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova layihənin məqsədi barədə məlumat verərək bildirib ki, Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar atılıb, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb, ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın qarşımıza qoyduğu hədəflərdən biri də bütövlükdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin asanlaşdırılması üçün bu texnologiyalara dair bilik və məlumatların geniş şəkildə əhaliyə çatdırılmasıdır.

Mərkəzin baş mütəxəssisi Zakir İbrahimovun "Windows-7 Əməliyyat Sistemləri və onun növləri" mövzusunda hazırladığı təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. 

Layihənin sonunda mənimsənilən biliklərin səviyyəsinə görə dinləyicilərə Bilik Fondu və Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin sertifikatları veriləcək.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Mətbuat xidməti 

 

Tarix: 24.10.2017

Son xəbərlər