Bilik Fondu Naftalanda


06.04.2015

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ənənəvi görüşlərindən biri Naftalan şəhərində keçirilib. Bilik Fondunun icraçı direktoru Oktay Səmədovu və Fondun üç əməkdaşını Naftalan şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə baş məsləhətçisi Afət Mustafayeva qarşılayıb.

Fondun təmsilçiləri Naftalan sanatoriyasında olublar. Qonaqlara Naftalan sanatoriyası barədə məlumat verilib: "Şöhrəti dünyanı dolaşan Naftalan neftinin möcüzəsini ilk dəfə bir dəvə aşkara çıxarıb. Karvandakı dəvələrdən biri xəstələnir, karvan məcbur olub onu səhrada qoyub yoluna davam etməli olur. Qotur tutan dəvənin tez bir zamanda öləcəyi güman edilir. Karvan mənzil başına çatır, mallarını satıb geri qayıdanda görürlər ki, həmin dəvə sağlam səhrada gəzişir. Kiçik araşdırmadan sonra məlum olur ki, dəvə Naftalan gölməçəsinə düşüb. Bununla da qoturu heç olmamış kimi yoxa çıxıb".

A.Mustafayeva qonaqlara sanatoriyanın son illərdəki inkişafından da danışıb: "Avropadan, MDB ölkələrindən, daha çox Rusiyadan, sanatoriyaya çəliklə gələnlər 15-20 gündən sonra çəliklərini qoyub geri qayıdıblar. Beləliklə, sahibsiz çəliklərin sayı çoxalıb və sanatoriyada "Çəlik" adlı muzey yaranıb. Müəyyən səbəblərdən həmin muzey fəaliyyətini dayandırıb. Ancaq orada xeyli sayda çəlik, şəfa tapanların minlərlə təşəkkür məktubları qorunub saxlanır. Yaxın gələcəkdə muzeyin yenidən bərpa olunacağı planlaşdırılır".

Fondun təmsilçiləri Naftalan şəhərini gəziblər. Hər yerdə iş gedir: "Binalar fasadlanıb, onların qarşısındakı meydançalar yaşıllaşdırılır, mənzillər istilik sistemi ilə tam təmin olunub, kommunikasiya xətləri yenilənib. Bütün bu işlər tam formada yekunlaşandan sonra ara yollarının asfatlanmasına başlanacaq".

Naftalanlılar şəhərin əvvəlki şöhrətini özünə qaytarmaq istəyirlər. Proses belə davam etsə, ildə 80 min ziyarətçisi olan şəhərin tarixi təkrar olunacaq.

Məktəblərdə və bağçada olduq. Faiq Rüstəmovun direktoru olduğu İmadəddin Nəsimi adına 1 saylı və Adilə Bağırovanın rəhbərlik etdiyi Səməd Vurğun adına 2 saylı tam orta məktəblərdə yuxarı və aşağı sinif şagirdləri ilə apardığımız qısa söhbətlərdən, sullarımıza aldığımız cavablardan olduqca məmnun qalırıq. Azərbaycan və rus bölmələrinin şagirdləri kifayət qədər hazırlıqlıdırlar.

Şəhərin yeganə bağçası - Kəmalə Hüseynovanın müdiru olduğu Naftalan şəhər V.Namazov adına körpələr evi-uşaq bağçası barədə isə hansı xoş sözləri söyləsək azdır. Girişindən tutmuş çıxışına qədər hər yer – dəhliz, otaqlar, mətbəx, hamam otağı əla vəziyyətdədir. Uşaqların səviyyəsinə yalnız “möhtəşəm” kəlməsi ilə qiymət vermək mümkündür. Rus dilində şer dedilər, ingilis dilində oxudular, səhnəcik göstərdilər, salamlaşdılar, sağollaşdılar, bir sözlə, bizi uşaqlığımıza qaytardılar. Kəmalə xanıma böyük minnətdarlıq edərək, oradan ayrıldıq. Xüsusi qeyd: Kəmalə xanım yaradıcı və olduqca yüksək dünyagörüşə malik şəxsdir.

A.Mustafayeva ilə yanaşı, icra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Ülfət Əliyev şəhər barədə Fond nümayəndələrinə geniş məlumat verib. Onun verdiyi bilgilərdən aydın olub ki, Nafatalanda ağacəkmə kampaniyasına xüsus diqqət ayrılır. Nəticədə şəhər şam ağacları ilə əhatə olunub. Bu, oksigen bolluğudur ki, hər nəfəs alanda hiss edirik.

Məlumatda qeyd ounur ki, Naftalan şəhər icra hakimiyyətinin başısı Natiq Aslanovla qonaqların görüşü keçirilib: "Natiq müəllim Azərbaycan prezidenti İlham Əliyevin şəhərə göstərdiyi müstəsna qayğısından söz açıb. Bildirib ki, prezident sonunci səfərində şəhərdə görülən işlərdən o dərəcədə məmnun qalıb ki, fərəhini açıq büruzə verib və bu da bütün rayon əhalisində ruh yüksəkliyi yaradıb. Bilik Fondu barəsində geniş bilgiyə malik olduğunu diqqətə çatdıran icra başçısı əməkdaşlığa böyük ehtiyac olduğunu bildirib. Şəhərin infrastrukturunun məhz turistlərə xidmət göstərmək üçün nəzərdə tutulduğunu xatırladan icra başçısı, bu istiqamətdə təhsil verən texniki peşə məktəblərinin vacibliyinə diqqət çəkib".

Öz növbəsində Bilik Fondunun içraçı direktoru Oktay Səmədov müxtəlif formalarda əməkdaşlığa hazır olduqlarını deyib. İcraçı direktor bildirib ki, rəhbərlik etdiyi qurum Naftalanın icra hakimiyyəti və digər strukturları ilə layihələrə başlaya bilər.

İcra başçısı ilə görüşdən sonra Heydər Əliyev Mərkəzində şəhər ictimiyyəti ilə maraqlı fikir mübadiləsi aparılıb. O.Səmədov Bilik Fondunun fəaliyyəti barədə geniş məlumat verib və hər kəsi Fondla əməkdaşlığa çağırıb. İcraçı direktor qeyd edib ki, Fondun təşkil etdiyi mühazirələrdə yerli mütəxəssislərə üstünlük veriləcək. Kim bu işdə yaxından iştirak edə bilərsə, Bilik Fondu tərəfindən dəstək alacaq. Görüşdə səsləndirilən suallar da cavablandırılıb, təkliflər qeydə alınıb.

Fondun beynəlxalq layihələrindən aparıcı məsləhətçi Sərxanbəy Xudiyev danışıb. Mətbuat katibi Ceyhun Musaoğlu isə Könüllülər Birliyi barəsində ətraflı məlumat verib və Naftalan sakinlərini Fondun könüllüləri olmağa dəvət edib.

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev Bilik Fondunun qısa müddət ərzində geniş fəaliyyət sferasını əhatə etməsindən razılıqla danışıb. YAP sədri bildirib ki, şəhər sakinləri Fondun layihələrində iştirak etməyi arzulayırlar.

Tarix: 16.04.2015

Son xəbərlər