Bayrağımız daim ucada olsun!


Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. 

Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiqlənib və 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət bayrağı bərpa olunub. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyənləşdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 09.11.2017

Son xəbərlər