Azərbaycan Universitetində Dövlət Bayrağı və Konstitusiyaya həsr olunan tədbir


Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Hüquqi maarifləndirmə” proqramı çərçivəsində  Azərbaycan Universitetində 9 noyabr – Dövlət Bayrağı günü və 12 noyabr – Konstitusiya Günü münasibəti ilə maarifləndirici görüş keçirilib.  

Tədbiri Bilik Fondunu Ölkədaxili layihələr sektorunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva açaraq, Fondun layihələri barədə məlumat verib. Təmsil etdiyi qurumla Azərbaycan Universiteti arasında anlaşma memorandumu imzalandığını diqqətə çatdıran natiq birgə tədbirlərin mahiyyətindən söz açıb.

Görüşdə Bilik Fondunun Lektorlar qrupunun üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov mühazirə söyləyib. Dövlət bayrağı və Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixindən danışan professor çıxışında 1918-ci il mayın 28-də qurulmuş Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk bayrağının üçrəngli olmamasının səbəbini izah edib.

A.İsgəndərov bildirib ki, həmin il noyabrın 9-da bayraq türkçülük, islamçılıq və müasirlik ideyalarını əks etdirən üçrəngli - yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz olunub. Bu formulun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadə olub.

Professor çıxışında qeyd edib ki, sovet imperiyası dövründə bayraq qırmızı rəngli oraq-çəkicli bayraqla əvəzlənib. Üçrəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq, muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın dövlət bayrağı elan edilib. Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.

Professor Bakı şəhərinin Bayıl sahəsində yerləşən Dövlər Bayrağı Meydanı – memorial abidə haqqında da məlumat verib.

Bilik Fondunun lektoru 23 aylıq AXC dövründə Konstitusiyanın qəbul olunmadığını diqqətə çatdıraraq, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyasının qəbul edildiyini vurğulayıb.

Tədbirdə Fondun nəzdində fəaliyyət göstərən “Tariximizi öyərənək və öyrədək” Gənclər Klubunun üzvləri də iştirak ediblər.

Professor dinləyicilərin suallarını cavablandırıb. 

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 08.11.2017

Son xəbərlər