Tələbələrin “Mizan”ı tamaşa təqdim edib – “Yeyəsən qaz ətini, görəsən ləzzətini”


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Dövlət Pedaqoji Kollecində fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyi noyabrın 30-da Əbdürrəhim bəy Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsəri əsasında hazırlanmış tamaşasını təqdim edib.
 
Kollecdə keçirilən premyerada tədris ocağının direktoru Qulu Novruzov Bilik Fondu ilə əməkdaşlığın müəllim və tələbələr tərəfindən razılıqla qarşılandığını vurğulayaraq, həyata keçirilən birgə maarifləndirici layihələrin səmərəsindən danışıb.
 
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov dərnəyin fəaliyyətini yüksək qiymətləndirərək qısa zaman ərzində tələbələrin klassiк realist dramaturgiyamıza üz tutmaqla belə səhnə əsərini ərsəyə gətirmələrini təqdir edib. İcraçı direktor bildirib ki, maarifləndirmə işində teatr sənətinin xüsusi yeri var.
Dərnəyin bədii rəhbəri, tamaşanın rejissoru, Əməkdar artist Məmməd Səfa tələbə gənclərin teatr sənətinə marağından bəhs edib, dərnək üzvlərinin məşqlərdə həvəslə iştirak etdiklərini bildirib. Tələbələrin ifasında göstərilən tamaşa maraqla qarşılanıb.
 
Bu ilin martında Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Dövlət Pedaqoji Kollecində yaradılan dərnəyin bədii rəhbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Məmməd Səfa, layihənin koordinatoru Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlıdır. Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatının təbliği və tanıdılması ilə bağlı silsilə layihələr, tədbirlər, görüşlər həyata keçirilir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 30.11.2017

Son xəbərlər