Davamlı inkişafa xidmət edən ideyaların müəllifi


Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarıb. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.

Jak ŞIRAK

İctimai-iqtisadi formasiyanın xarakterindən asılı olmayaraq, cəmiyyət və dövlət idarəçiliyi üçün şəxsiyyətlider amili hər zaman aktuallığını qoruyub saxlayır. Milli inkişaf yolunun banisinə çevrilən, təmsil etdiyi ölkəni dünya miqyasında tanıdaraq, layiqli mövqelərə çıxaran xarizmatik liderlər həm də pozitiv rakursda siyasi varislik ənənələri formalaşdıraraq, böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Ən qədim xalqlardan biri kimi bəşər sivilizasiyasına əvəzsiz töhfələr vermiş Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi çağdaş tariximizin əbədiyaşar dühası – ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi-praktik prinsiplər əsasında müəyyənləşdirmişdir. Tarixi təcrübə göstərir ki, yalnız milli iradənin, irs və ənənələrin, düşüncə sisteminin parlaq təzahürü kimi yaranmış dövlət modeli tarixin sərt sınaqları qarşısında duruş gətirə bilir və milli inkişafın əsasına çevrilir. Ötən əsrin 60-cı illərinin sonunda Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi ilə xalqımız tarixən formalaşmış zəngin dövlətçilik ənənələrini toparlamaq və gələcək müstəqilliyinə etibarlı zəmin formalaşdırmaq şansı qazanmışdır. Ümummilli lider ölkə rəhbərliyinə gəlişinin ilk illərindən başlayaraq, mərkəzin ideoloji maneələrini aradan qaldırmaqla xalqın milli şüurunu oyatmağa çalışmış, milli müstəqillik duyğularının təzahürü və Azərbaycan xalqının dünyanın ən sivil xalqları cərgəsinə çıxması üçün bütün imkanlardan istifadə etmişdir. Dahi öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq, ictimai şüürdakı istiqlal duyğuları aşkara çıxarılmış və yeni məzmun kəsb etmiş, respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirərkən, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verərkən, bir sıra yeni təhsil ocaqlarını, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaradarkən, mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkişafına nail olarkən məhz bugünki və gələcək tərəqqinin, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməlini qoymuşdur. Böyük öndər hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil və bilik almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Heydər Əliyev dühasının böyüklüyü məhz ondadır ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır. Heydər Əliyev həm də elmimizin, mədəniyyətimizin, ədəbiyyatımızın gözəl bilicisi, araşdırıcısı, ən əsası, böyük hamisi olmuş, elmə, alimə həmişə yüksək qiymət vermişdir. Həmin illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini həm də milli özünüdərkin güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil etmişdir. Bu da təsadüfi deyildir ki, 1969- 1982-ci illərdə həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli də məhz Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə qətiyyən biganə qalmayan ulu öndər Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə müstəqilliyin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir. Respublikamızda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyatı, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar məhz ulu öndər Heydər Əliyevin keçmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. Tarixi təcrübə təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz xarizmatik liderlərdən asılı olur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşıyırdı. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Böyük strateq Heydər Əliyev bu iqtisadi inkişaf modelini irəli sürərkən, heç də dünya ölkələrinin təcrübəsini Azərbaycana köçürməmiş, respublikamızın zəngin təbii resurslarını, Şərqlə Qərbi qovuşduran əlverişli coğrafi-siyasi mövqeyini, geniş tranzit-kommunikasiya imkanlarını, habelə tarixi təsərrüfatçılıq ənənələrini, spesifik xüsusiyyətlərini, sosial-iqtisadi gerçəkliklərini nəzərə almışdır. Ulu öndər qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyrimümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlamış, “Əsrin müqaviləsi” imzalanaraq mərhələlərlə həyata keçirilmişdir. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əzəmiyyəti bügünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlü- yünü böyük siyasət ustadı olaraq Heydər Əliyev çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq, insan hüquqları- nın prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik qazanmışdır. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur. Ümummilli liderin Azərbaycana rəhbərliyi dövründə həyata keçirilən mütərəqqi islahatların mühüm istiqamətini də məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, habelə qanunların aliliyinin təmin olunması məsələləri təşkil etmişdir. Respublikamızda üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil institutunun yaradılması demokratik inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdəndir. İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev mənəvi-siyasi yolunun ən layiqli davamçısı – Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Amerika tədqiqatçısı Con Maksvell “Liderliyin 21 inkaredilməz qanunu” əsərində liderlik qabiliyyətini, ilk növbədə, insanın effektivlilik səviyyəsi kimi şərh etmişdir. Siyasi mənada, liderlik bir insanın tarixdəki səmərəli fəaliyyəti və xalqının həyatında oynadığı böyük roldur. Liderlik nadir şəxslərə xas anadangəlmə xüsusiyyət olub, insanın həyat tərzi və qazandığı təcrübələr əsasında cilalanan, dərin təsirlilik, səmərəli idarəetmə, gözəl örnəklər yaratma, cəmiyyət üçün faydalı olanları aydın zəka ilə üzə çıxarma, insanlara və hadisələrə münasibətdə məsuliyyətlə, ağılla davranma, başqalarına düzgün yol göstərmə kimi ali keyfiyyətləri özündə bir araya gətirən mükəmməllikdir. Məhz belə liderlərdən biri olan cənab İlham Əliyev respublikamızı uğurlu inkişaf yoluna çıxarmaqla, Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji-kommunikasiya layihələrinin başlı- ca təminatçısına çevirmişdir. Ötən 14 ildə Bakı-Tbilisi-Ceyhan, TAP, TANAP kimi layihələrin reallaşması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, “Əsrin müqaviləsi” üzrə yeni sazişin imzalanması və digər tədbirlər respublikamızı həm də qlobal əməkdaşlıq mərkəzinə çevirmişdir. Dövlətimizin başçısı cənab İlham Əliyev prezident seçkisindən sonra bəyan etmişdi ki, mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm. Bu yanaşma ulu öndər Heydər Əliyev ideallarına sadiqlikdən irəli gələrək demokratik idarəetmə fəlsəfəsini, cəmiyyətin bütün potensialının milli maraqlar kontekstində səfərbər edilməsini, ictimai-siyasi sabitlik amilinə istinad edən yeni iqtisadi inkişaf strategiyasını, habelə hakimiyyətlə cəmiyyət arasında daimi həmrəyliyin yaradılmasının elmi əsaslarını kifayət qədər təkmil formada özündə əks etdirir. Fransız sərkərdəsi və dövlət xadimi Napoleon demişdir ki, siyasətdə dahilik mümkün olanla mümkün olmayanı fərqləndirə bilmək qabiliyyətidir. Bu prizmadan yanaşdıqda, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı – Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanın yeni iqtisadi və siyasi münasibətlər sisteminə dərindən bələd olan praqmatik liderlik keyfiyyətləri, reallığa əsaslanan siyasət yürütməsi qabarıq görünür. Ölkə başçısı İlham Əliyevin iqtisadi modernləşməni davamlı və sonu görünməyən proses kimi dəyərləndirməsi isə elmi yanaşma kimi böyük maraq doğurur: “Biz gələcəyə baxmalıyıq. Bizi gələcəkdə nələrin gözlədiyi bizdən asılıdır. Azərbaycan xalqından asılıdır. Biz seçimimizi etmişik. Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmənin limiti, hüdudları yoxdur. Bu, əbədi bir prosesdir, sonsuz bir prosesdir”. Dövlət başçısının son 14 ildə ölkədə milli birliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı faktoruna çevrilməsi istiqamətində mühüm işlər görmüşdür. Dövlətə qarşı ağır cinayətlərdə ittiham olunub adı qondarma “siyasi məhbus” siyahı- sından çıxmayan cinayətkarların əfv olunması böyük qəlbin və humanizmin nişanəsi, cəmiyyətdə iqtidar əleyhinə qeyri-sivil mübarizəni dövlət və dövlətçilik əleyhinə müharibəyə çevirən insanlara milli barış mesajıdır. Ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, əldə edilən iqtisadi nailiyyətlərdən hamının bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezident cənab İlham Əliyevin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardır. Bu gün İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə inanılmaz nailyyətlərə imza atması faktıdır. Azərbaycan insanı- nın gün-güzəranı yaxşılaşır, şəhər, kənd və qəsəbələr abadlaşır, respublikamızda işsizlik-yoxsulluq kimi ağır sosial bəlalar artıq həllini tapır. Bütün bunlarla yanaşı, Azərbaycanda demokratiyanın təntənəsi, qanunların aliliyi, haqq-ədalətin zəfəri üçün bütün lazımi tədbirlər həyata keçirilir. Respublikamız yeni dünya nizamının tələb etdiyi vəzifələrin həyata keçirilməsi prosesində öz zəngin imkanlarından səmərəli yararlanır, insan və təbii resurslarına, sosialiqtisadi, bazasına, yerləşdiyi ərazinin təbiicoğrafi şəraitinə güvənərək müasir cəmiyyət formalaşdırmağa çalışır. Dünyanın iqtisadi cazibə və təsir mərkəzinin Qərbdən Şərqə yönəldiyi bir tarixi dönəmdə Azərbaycanın strateji önəmi və bənzərsizliyi onun Avropa ilə Asiyanın qovuşuğunda yerləşməsi, sivil əməkdaşlıq və dialoq məkanına çevrilməsi ilə şərtlənir. Xüsusi vurğulamaq lazımdır ki, son illər Bakıda keçirilmiş qlobal forumlar ölkəmizin multikulturalizm və tolerantlıq sahəsində əldə etdiyi uğurların müasir dünyaya təqdimatı baxımından geniş imkanlar açmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin hədəfi milli inkişafda intellektual irəliləyişə nail olmaqla, dövlətin siyasi suverenliyinin və davamlı iqtisadi rifahının təmin edilməsindən ibarətdir. Təhsil və elm lazımi səviyyədə olmasa, milli inkişafın perspektivləri, Azərbaycan dövlətçiliyinin davamlı inkişafı barədə düşünməyimiz çətin olar. Ölkə rəhbərliyinin insan kapitalının inkişafına xüsusi diqqətlə yanaşması həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Vətəndaşa sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişafı, bilik və intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən ən mühüm addımlardan biri də dövlətimizin başçısı cənab İlham Əliyevin 7 may 2014-cü il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında” sərəncamı əsasında Bilik Fondunun yaradılması olmuşdur. Azərbaycan Respublikasının əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq fondun əsas məqsədləri sırasındadır. Fond ulu öndər Heydər Əliyevin zəngin mənəvi irsinin və dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə çatdırılması istiqamətində davamlı tədbirlər həyata keçirir. Ulu öndərin həyatının şərəfli səhifələrinin dolğun şəkildə ictimaiyyətə çatdırılması, onun zəngin ideya-fəlsəfi dünyagörüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasının təbliği və bu konsepsiyadan irəli gələn vəzifələrin gənc nəslə aşılanması yönündə mühüm işlər görülür. Görkəmli fransız filosofu Qabriel Marselin sözüdür: “İdeyalar öz ardıcıllarını tapması müqabilində yaşayır”. Ədəbiyyətə qovuşmasının 14-cü ildönümünü qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin həyata keçməyən ideyaları Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilir. Müstəqil Azərbaycan məhz cənab İlham Əliyevin rəhbərliyi altında qarşıda duran ümummilli məqsədləri dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur.

İsaxan VƏLIYEV,
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun aparat rəhbəri, hüquq üzrə elmlər doktoru, professor

 

Tarix: 12.12.2017

Son xəbərlər