Bilik Fondu penitensiar sahədə maarifləndirici görüş keçirdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə müəsissəsində “Cinayət qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər ölkə prezidenti İlham Əliyevin humanist cəza siyasəti kontekstində” mövzusunda tədbir təşkil edilib. Tədbiri giriş sözü ilə açan Cəzaçəkmə müəsissəsinin rəisi Tahir Yusifov görüşün əhəmiyyətindən danışıb, təşkilatçılara minnətdarlığını bildirib, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində ölkə prezidenti tərəfindən imzalanmış hüquqi aktların penitensiar xidmət tarixində insan hüquq və azadlıqlarının təminatı baxımından ən humanist hüquqi akt olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev ölkə Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı və bu əsasda cinayət, mülki və inzibati prosessual qanunvericiliyə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində edilmiş əlavə və dəyişikliklərin əhəmiyyətindən danışıb, qeyd edilən sahədə  maarifləndirmə işinin Bilik Fondunun fəaliyyətinin əsas leytmotivini təşkil etdiyini bildirib, Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı istiqamətində yaradılmış qanunvericilik bazasının, hətta bir çox sivil Avropa ölkələrinə də nümunə olduğunu xüsusi vurğulayıb.

Azərbaycan Respublikası Hərbi Prokuroluğunun şöbə müdiri Səməd Əliyev çıxışında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunda Cinayət Məcəlləsinə 300-dək dəyişiklik edildiyini, bunların bir qisminin dekriminallaşdırma ilə bağlı olduğunu bildirib və dekriminallaşdırılmış hər bir əməl haqqında məlumat verib. Bildirilib ki, cəza siyasətinin humanistləşdirilməsi faktiki olaraq ölkə Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dəfələrlə gündəmə gətirilmiş amnistiya və əfv institutlarının tətbiqinin məntiqi davamıdır.

AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Cinayət hüququ və cinayət prosesi” şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə elmlər doktoru Əliyev Nazim Kazım oğlu çıxışında qeyd edilən qanunla  azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə qüvvədə olan Cinayət Məcəlləsinin 160-dək maddəsinin sanksiyasına alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması kimi yeni cəza növünün daxil edilməsi, 40-dək cinayətə görə azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi, azadlığın məhdudlaşdırılması cəza növünün tətbiqi əsasları,  mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sferasında törədilən bəzi cinayətlərə görə məsuliyyətdən azad edilmənin şərtləri, ömürlük azadlıqdan məhrumetmə cəzasının müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, habelə cəzadan azad etmə institutunun tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində qanunvericiliyə gətirilmiş yeniliklər barəsində məlumat verib. 

Tədbirdə dinləyiciləri maraqlandıran müxtəlif suallar ətraflı cavablandırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 15.12.2017

Son xəbərlər