Bilik Fondunun “Ekran və efirdə ədəbi dil normaları” layihəsi jurnalistlərə nə verdi?


Bəşər təfəkkürünün möcüzələrindən sayıla bilən televiziyanın insanlığın ictimai-siyasi həyatına, mühitinə, məişətinə bu qədər dərindən daxil olacağına yəqin ki hərəkət edən təsvirlərin radioelektronika vasitəsilə məsafəyə verilməsi prinsipini XIX əsrin sonlarında bir-birindən xəbərsiz eyni vaxtda kəşf edən Portuqaliya alimi A.Di.Rayva və Rusiya alimi R.İ.Baxmetyev heç ağıllarına belə gətirməzdilər. Bəli, ölkəmizdə televiziya öz verilişlərinə 1956-cı ildən başalamışdır və elə ilk gündən televiziyada yayımlanan verilişlərin əsasını təşkil edən ədəbi materialın, məlumatın, ssenarinin danışıq vasitəsi ilə tamaşaçıya ötürülməsi istər-istəməz danışığın bu növü ilə bağlı problemlərin həllini ön plana çəkdi. Bu dövrə qədər Azərbaycan teatrı və kino sənəti danışıq elmi ilə bağlı boyük bir inkişaf yolu keçmişdi desək, qətiyyən səhvə yol vermərik. Şifahi nitqimiz, ədəbi tələffüzümüz və danışıq sənəti ilə bağlı keçilən bu yol, əldə olunan bu təcrübə elə ilk günlərdən televiziyadakı danışığa öz müsbət təsirini göstərdi.
 
Televiziya sənətində bədii materialın, mətnin təcəssümündə, məna və məzmunun çatdırılmasında söz xüsusi rol oynayır. Buna görə də televiziyadakı sözün, danışığın sənət səviyyəsinə yüksəlməsi üçün o, məişətdəkindən fərqlənməli, daha mütəşəkkil, daha tutumlu və dolğun olmalıdır. Televiziyadakı danışıq yalnız ünsiyyət vasitəsi kimi başa düşülməməlidir. O, eyni zamanda, təqdim olunan təsvirin anlaşılmasında, qəhrəmanların xarakterinin açılmasında, onların müxtəlif rakursdan çatdırılmasında və bədii materialda, ssenaridə, əsərdə təsvir olunan dövrün, cəmiyyətin düzgün əks etdirilməsində böyük rol oynayır. Danışıq ekran obrazının yaradılmasında ən güclü və təsirli vasitələrdən biridir.
 
Müstəqillik dövründə yeni-yeni televiziya kanallarının yaranması və burada xaraktercə yeni verilişlərin, xüsusilə müxtəlif yönümlü tok-şouların meydana gəlməsi ekran sənəti ilə bağlı müxtəlif vərdiş və bacarıqların mənimsənilməsi problemini televiziya verilişlərinin aparıcıları üçün aktuallaşdırdı. Heç kəsə sirr deyil ki, bu gün televiziya aparıcılarının yiyələnməli olduqları keyfiyyətlərdən ən öndə duranı elə danışıq sənəti ilə bağlıdır ki, burada da kifayət qədər problemlər mövcuddur. Əlbəttə, bunu televiziya və radiolarda çalışan bütün aparıcılara aid etmək insafsızlıq olardı. Amma etiraf edək ki, hələ bu sahədə kifayət qədər qüsurlar və çatışmazlıqlar mövcuddur. Bunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ötən ilin oktyabr ayından başlayaraq Milli Televiziya və Radio Şurasının dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin icrasına başladı. Layihə çərçivəsində tanınmış mütəxəssislərin, dilçilərin, təcrübəli jurnalistlərin iştirakı ilə televiziya və radio şirkətlərində gənc reportyorlar, müxbir və redaktorlar üçün təlimlər və ustad dərsləri keçirildi. Bu təlimlərdə mənim həyata keçirdiyim dərslər əsasən iki mövzunu əhatə edirdı. Bunlardan birinci məşğələ “Danışıq texnikası” idi ki, burada əsasən işimizi tənəffüs, səs və diksiyaya aid çalışmalar üzərində qururduq. İkincisi məşğələni isə “Danışıq zamanı orfoepiya qanunlarına əməl olunması problemləri” mövzusu ətrafında aparırdıq ki, burada da dinləyicilərə əsasən nəzəri məlumatları verir və bəzi praktiki bacarıq və vərdişlərə diqqət yönəldirdik. Məşğələlərim oktyabr ayında Gəncə şəhərində “Kəpəz” televiziyasında və paytaxtda “Xəzər” televiziyasında, noyabr ayında Tovüz rayonunda ARB 24 “Xəbər” televiziyasında və Bakı şəhərində “Lider” televiziyasında baş tutdu.
 
Biz praktiki məşğələlərdə televiziya aparıcıları, reportyorlar, muxbir və redaktorlarlara düzgün, yəni diofraqmatik tipli nəfəsalma vərdişlərinə yiyələnməyin yollarını aşılayır, səsin qurulması üçün məsləhət görülən çalışmaları həyata keçirir və mikrafon səsinə nail olmanın yollarından söhbət açırdıq. Diksiya barəsində məlumat verir və danışıq aparatının mikrafon qarşısında çıxışa hazırlanması ilə bağlı bacarıq və vərdişlərə yiyələnməyin yollarını araşdırırdıq. Nəzəri məsələlərə gəldikdə isə, auditoriyanın diqqətini orfoepiya qanunlarına əməl etmənin vacibliyinə yönəldir, təcrubədə tez-tez rast gəlinən orfoepik pozuntular üzərində dayanırdıq. Xüsusilə sözün tələffüzü zamanı heca vurğusuna və çümlənin təcəssümü zamanı məntiqi fikrin çatdırılmasına xidmət edən vurğuların düzgünlüyünə, uzun illərin təcrübəsi əsasında əldə olunan mütərəqqi üsullara diqqət yönəldir, orfoepiya ilə bağlı müstəsnalıq təşkil edən, yalnız bu və ya digər sözlərə tətbiq edilən tələffüz məqamlarını təlimdə iştirak edənlərin diqqətinə çatdırırdıq.
 
Yeri gəlmişkən, bir məsələni burada qeyd etməyi vacib hesab edirik. Heç kəsə sirr deyil ki, bu gün televiziya və radiolarda müxtəlif peşə sahibləri verilişlər aparırlar. Özü də aparıcıların bilik və savadları istənilən səviyyədə olsa da, teleradio aparıcılığı sənətinə həvəsləri aydın görünsə də, onların danışıq sənəti ilə bağlı savadlarının, hətta adi məsələlər haqqında məlumatlarının olmaması bir faktdır. Bu mənada Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə həyata keçirdiyi “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin əhəmiyyətini bu təlimlərdə iştirak edən televiziya əməkdaşlarının minnətdarlıqlarında gördük.
 
Əlbəttə, hələ görüləcək işlər çoxdur. Bu gün televizyalarda yayımlanan tok-şouların, müxtəlif mövzulu müəllif verilişlərinin, səhər proqramlarının aparıcı və reportyorlarının danışığında qüsurlar çoxdur. Bu çatışmazlıqların aradan qaldırılması üçün çox işlər görülməlidir. Unutmaq olmaz ki, bugünki televiziya aparıcılarının, müxbir və redaktorlarının qarşısında danışıqla bağlı “Nitq prosesi, ədəbi dil və televiziyada danışıq”, “Televiziya danışığında vurğunun xüsusiyyətləri”, “Televiziyada nitq və tələffüz üslubları”, “Televiziya danışığının intonasiya xüsusiyyətləri”, “Televiziyada danışıq və unsiyyət xüsusiyyətləri”, “Ekran, efir və dil” kimi məsələlərin elmi-əməli cəhətdən həlli və bu yönümlü yüzlərlə vacib problemlər durur.
Bütün bu problemlərin həlli yolunda çalışan hər kəsə minnətdarlıq hissi ilə bildirmək istərdik ki, birgə çalışmağımızın mütləq mənada öz bəhrəsini verəcəyinə inanırıq.
 
Azad Şükürov,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
Səhnə danışığı kafedrasının müdiri,
Respublikanın Əməkdar artisti, dosent
Tarix: 12.01.2018

Son xəbərlər