“Azərbaycan Xalq Cümhuriyyəti: maarifçilik və identiklik”


“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq, yanvarın 18-də Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: maarifçilik və identiklik” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyəti başçısının müavini Aynur Abbasova Bilik Fondu ilə səmərəli əməkdaşlıqdan danışıb, mütəmadi olaraq elmi biliklərin müxtəlif sahələri üzrə təşkil edilən maarifləndirici mühazirələrin əhəmiyyətini qeyd edib.  

Tədbirdə çıxış edən Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev ölkə Prezidentinin imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddət ərzində həyata keçirdiyi tədbirlərdən, müxtəlif illərdə Cumhuriyyət tarixinin öyrənilməsinə laqeyd münasibətdən danışıb, tariximizin bu səhifəsinin tədqiqinin məhz Ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırıldığını və bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini konkret faktlarla əsaslandırıb.

Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti: maarifçilik və identiklik” mövzusunda çıxış edən AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə ilk tarixçi filosof kimi qiymətləndirilən Abbasqulu Ağa Bakıxanov, faktiki olaraq elmin populyaşdırılması ilə məşğul olan Həsənbəy Zərdabi, fransız və alman fəlsəfəsinin dərin bilicisi kimi tanınan filosof Mirzə Fətəli Axundovun və digərlərinin yaradıçılığına ekskurs edib, onların milli dirçəlişdəki rolundan söhbət açıb. Natiq Xalq Cümhuriyyəti dövründə Azərbaycanda maarifçiliyin fəlsəfi mahiyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

Mühazirəçi Azərbaycan Xalq Cümhuriyyəti banilərinin həm islam fəlsəfəsi, həm də dünya fəlsəfi fikir tarixi barədə kifayət qədər biliyə malik olmalarından və bu təfəkkür tərzinin yeni yaradılmış dövlətə milli çalar verməsindəki rolundan bəhs edib.

Sonda məruzəçi tədbir iştirakçılarının suallarını cavablandırıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Mətbuat Xidməti

Tarix: 18.01.2018

Son xəbərlər