20 Yanvar - müstəqilliyimizin bərpasına gedən yol


Azərbaycan Universitetində bu ali məktəbin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Ümumxalq Hüzn Gününə həsr olunan “Müstəqilliyimizin bərpasına gedən yol – 20 Yanvar” mövzusunda anma tədbiri keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları “20 Yanvar tələbələrin gözü ilə” mövzusunda foto və rəsm stendi ilə tanış olublar.

Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev tarixi faciənin kökləri, onu doğuran səbəblər və nəticələri haqqında danışıb. O, 20 Yanvar hadisələrinin milli şüurun, müstəqillik düşüncəsinin formalaşmasındakı rolunu xüsusi vurğulayıb, faciəyə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini söyləyib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən hər zaman şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət və qayğı göstərilir.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva bildirib ki, 20 Yanvar faciəsindən illər ötməsinə baxmayaraq, xalqımız hər il daha böyük qürur və fəxarətlə Şəhidlər xiyabanını ziyarət edir. Şəhidlərimizin ruhu hər birimiz üçün müqəddəsdir, əzizdir. Onların adını daim uca tutmaq bizim vətəndaşlıq borcumuzdur.

İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev qeyd edib ki, Bakının küçələrinə və meydanlarına axışaraq keçmiş SSRİ rəhbərliyinin yanlış siyasətinə qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı qeyri-adekvat güc tətbiq olunub. Baş verən hadisələr yalnız faciə kimi dəyərləndirilməməlidir. O, həm də sovet rejiminə qarşı dirəniş hərəkatı, tariximizin dönüş nöqtəsidir.

20 Yanvar gecəsinin şahidi, universitetin maliyyə və iqtisadiyyat kafedrasının müdiri Nəriman Böyükkişi xatirələrini bölüşüb, Salyan kazarmasının qarşısında baş verən hadisələri nəql edib.

Tarix: 19.01.2018

Son xəbərlər