Daşların dilini bilən adam


Mineralogiya muzeyinin direktoru Ağamehdi Ağayev: "Muzeyin genişlənməsi və cihazlarla təmin olunması ən böyük arzumdur"
 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəaliyyət göstərən Mineralogiya kabineti artıq muzey statusu alıb. Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyinin qərarı ilə zəngin, qiymətli mineralların saxlandığı və nümayiş olunduğu məkan muzeyə çevrilib.
Mineralogiya Muzeyinin direktoru ADNSU-nun "Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi" kafedrasının dosenti Ağamehdi Ağayevdir. Bizi muzeydəki minerallarla tanış edən alimlə söhbətimizi təqdim edirik:
 
- İstərdim söhbətimizə Mineralogiya muzeyinin tarixindən başlayaq. Necə oldu ki, Azərbaycanda da belə bir muzey yaradıldı?
 
- Muzey Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə yaşıddır. Muzeyin ilk yaradıcısı universitetin Geoloji-kəşfiyyat fakültəsinin professoru olmuş Aslan Vəzirzadədir. Mineralogiya Muzeyi 100 ilə yaxındır fəaliyyət göstərir. Aslan bəy 1927-ci ildə universiteti Fransada bitirərək, Bakıya gəlir və bu otaqda muzeyin təşkilinə başlayır.
Muzeyimiz əvvəllər çox kasıb olub, fəaliyyətə yalnız iki rəflə başlayıb. Muzeydəki eksponatların – mineralların əksəriyyəti dünyanın müxtəlif ölkələrindən gətirilib, alimlər də, tələbələr də əldə etdikləri mineraloji əhəmiyyətli nümunələri muzeyə hədiyyə ediblər. Əvvəllər muzeydə az sayda minerallar olub. Ən nadir mineralları, tapıntıları çox sonralar toplamağa başladıq. Hazırda burada 126 yataqdan 6700-dən çox mineral nümunəsi və 376 mineral növü qorunur.
 
- Muzeyə nə vaxtdan rəhbərlik edirsiniz?
 
- Əvvəl muzeyin yaradıcısı Aslan bəylə birlikdə işləyirdik. Desəm ki, muzeyin vurğunu idim, yəqin mübaliğə etmiş olmaram. Həmin dövrdə muzeyin zənginləşməsi üçün xarici ədəbiyyatlar oxuyur, araşdırmalar aparırdım. Biləndə ki, dünyada belə muzeylərin sayı çoxdur, məndə Azərbaycanın da bu sırada olması arzusu yarandı. Azərbaycan naminə, indiki və gələcək tələbələrin bu sahədə inkişafına xidmət etmək məqsədilə muzeyin zənginləşməsi istiqamətində ciddi axtarışlara başladıq.
Muzeyə 3 ildir rəhbərlik edirəm. Əvvəlcə buradakı eksponatlar dağınıq şəkildə idi. Beynəlxalq standartlara uyğun bölgü aparılmamışdı. İlk növbədə bu problemi həll etdik və eksponatları dünya üzrə qəbul olunmuş təsnifata uyğun yerləşdirdik. Muzeydə olan bir mineralı digərinin yeri ilə dəyişmək olmaz.
 
- Mineralların düzülüşünün özəlliyi nədədir?
 
- Minerallar muzeydə fəza quruluşuna görə düzülüblər. Fəza quruluşu deyəndə onların atom quruluşları nəzərdə tutulur. Eksponatlar muzeydə atomların fəzada yerləşmə qanunauyğunluqlarına görə yerləşdirilib. Hər birinin atom quruluşu fərqli olur. Onu ilk dəfə sistemləşdirən alman alimi Hüqo Ştruns olub və dünya bu sistemi qəbul edib. Biz də bu sistemlə işləyirik.
Əvvəllər bu kabinetdə minerallar müəyyən sistemə görə düzülməmişdi. Nəinki mineralların sayı, heç çoxunun adları da məlum deyildi.
 
 
- Suxurların adlarını necə müəyyənləşdirdiniz? Bu işləri təbii ki, hansısa cihazların köməyi ilə həyata keçirmək vacibdir. Baxıram, deyəsən muzeyinizdə belə cihaz yoxdur.
 
 
- 50 ildən çoxdur bu universitetdəyəm və yetərincə təcrübəm var. Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu ilə əməkdaşlıq edirik. Bu əməkdaşlığın səmərəli olmasına universitet rəhbərliyi böyük dəstək verir. Araşdırmalarımızı Fizika İnstitutunun cihazları vasitəsilə aparırıq. Suxurların adlarını bu cihazlar sayəsində təyin edirik. Lakin bütün minerallar hələ tam təhlil edilməyib. Əksər hallarda mineralları bir yerdən başqa yerə daşımaq problem yaradır. Cihazlar muzeydə olsa yaxşdır. Minerallar da canlıdır, onlar əlamətlərinə və vəziyyətlərinə görə dəyişir. Təəssüflər olsun ki, bu cihazlar çox bahadır.
 
- Rəhbərlik etdiyiniz muzeydə Azərbaycanın neçə yatağından mineral var?
 
- Muzeydə Boliviyadan Yaponiyaya, Qrelandiyadan Cənubi Afrikaya kimi coğrafi ərazini əhatə edən ölkələrdən minerallar var. Azərbaycana məxsus çoxsaylı minerallarımız da var – Daşkəsən, Kəlbəcər, Gədəbəy, Talış, Zaqatala və başqa yerlərdən gətirilən mineralları ayrıca saxlayırıq. Hətta, işğaldan qabaq Qarabağdan gətirdiyimiz minerallarımız da var və bu mineralları muzeydə bir guşədə yerləşdirmişik.
Onu da xüsusilə vurğulamaq istəyirəm ki, muzeyimiz zənginliyi etibarilə Qafqazda misli-bərabəri olmayan muzeydir.
 
- Minerallar muzeydə quruluşlarına görə düzülüb və aydın görünür ki, yeriniz dardır. Vitrinlərdəki minerallardan başqa siyirmələrin içərisi belə, minerallarla doludur. Gələcəkdə muzeyə mineral gətirilməsi prosesi dayandırıla bilərmi?
 
- Artıq gətirilən minerallara indidən yer tapa bilmirik. Bəli, muzeyimiz kifayət qədər zəngindir və bir çox mineralı yer olmadığından stendlərə yığmışıq. Rektorumuz, professor Mustafa Babanlı bu məsələ ilə ciddi maraqlanır.
 
- Muzeyin daha geniş məkanda fəaliyyət göstərməsi ilə bağlı hansı problemlər var?
 
- Çətinliklərimiz cihaz və yer problemi ilə bağlıdır. Dediyim kimi, cihazlar çox bahadır, ala bilmirik, yer problemini isə universitet rəhbərliyi həll etməyə çalışır. Bir neçə məkanlara baxmışıq, lakin muzeyin fəaliyyəti üçün uyğun deyil. Xarici ekspertlər bizim muzeydə olublar, Almaniyadan gələn təcrübəli ekspert muzeyimizi çox bəyəndi, ancaq yerin dəyişdirilməsinin, daha geniş məkana köçürülməsinin labüdlüyünü də vurğuladı.
 
 
Dediyim kimi, bura əvvəllər kabinet olub. Artıq Mədəniyyət və Turizm Nazirliyi kabineti muzey kimi təsdiqlədi. Bu hadisə bizim üçün çox önəmlidir və cənab nazir Əbülfəs Qarayevə minnətdarlığımızı bildiririk. Biz ümidliyik. Dövlətimizin, konkret olaraq Mədəniyyət və Turizm Nazirliyinin məkan məsələsinin həllində bizə yardımçı olacağına inanırıq.
 
- Dünyadakı hansı zəngin mineralogiya muzeylərini tanıyırsınız?
 
- Rusiya Federasiyasının Elmlər Akademiyasının nəzdində akademik A.Y.Fersman adına Mineralogiya muzeyi dünyada məşhurdur. Biz Ural Dövlət Dağ-mədən Universitetinin Mineralogiya muzeyi ilə əlaqə saxlayırıq. Dünyada 4 min mineral növü var, onların 370-i bizim muzeydədir.
 
- Bu daşların qiymətli olduğu necə müəyyənləşdirilir? Məsələn, qızıl ona görə bahadır ki, gec-gec tapılır, əldə olunması çətin başa gəlir. Bəs süxurların dəyəri hansı xüsusiyyətləri ilə ölçülür?
 
- Minerallar da canlı aləm kimidir – onların hər birinin adı var. Onlar da canlı aləm kimi müəyyən zamanda yaranır, müəyyən zamana qədər yaşayır və sonda dəyişilməyə məruz qalaraq pozulur, “ömürlərini” başa vururlar. Burada təmsil olunan mineralların hər biri yalnız ona xas olan keyfiyyətlərlə digərlərindən seçilir. Bu mineralların qiyməti təkcə onların göz qamaşdırıcı parıltısında, şəffaflığında deyil, həm də təbiətdə yaranma müxtəlifliyində, bu və ya digər nadir, qiymətli elementlərlə zənginliyindədir.
Daşların dəyərləndirilməsində iki baxış mövcuddur. Bir yanaşma onun bazar qiyməti ilə, digəri isə bu və ya digər nadir elementlərlə zənginliyində geoloji, elmi cəhətdən yer qabığında paylanması ilə bağlıdır.
 
- Muzeydə ziyarətçilərin daha çox diqqətini çəkən minerallar hansılardır?
 
- Marağa səbəb olan minerallar çoxdur. Onlardan biri kalsium, maqnezium və dəmirin hidroalümosilikatı olan nefritdir. Hələ qədim zamanlardan bu mineraldan böyrək xəstəliyinin müalicəsində istifadə olunub. Xəstənin böyrəyinə mineralı kip oturtduqda, müəyyən vaxtdan sonra ağrı ya azalır, ya da tamamilə kəsilirdi. Mineralın nefrit adlandırılması da onun bu xüsusiyyəti ilə əlaqədardır. Nefrit, yunanca “nefros” – böyrək mənasını verir.
Nefritin mühüm xüsusiyyəti onun qarışıq lifli quruluşa malik olmasıdır. Onun hətta qırıntılarını belə çəkic və ya hansısa zərb aləti ilə parçalamaq olduqca çətindir. Bunun üçün ya mişardan, ya da hər hansı cilalayıcı vasitədən istifadə edilir.
 
Nefrit həmişə Çində yüksək qiymətləndirilib. Onu bu gün də “müqəddəs” daş hesab edir, "əbədilik daşı" adlandırır, Göyün və Yerin “həyat daşı” bilir, müdriklik və zəka simvolu kimi qiymətləndirirlər. Vaxtilə nefrit Çində qızıldan və gümüşdən baha olub. Təsəvvürə görə bu mineral insanlara xoşbəxtlik gətirir. Çində bütlərin düzəldilməsində yalnız nefritdən istifadə edilir. Bu gün çinlilər hansısa yaxşı adam haqqında danışdıqda, “onun mənəviyyatı nefrit kimi təmizdir” deyirlər. Nefritin bir kiloqramı Çində on min dollara satılır. Bizim muzeydə 100 kiloqrama yaxın nefrit saxlanılır.
Nefritin Byanşi adlanan qara rəngli, yarımqiymətli bir növü də var. Alimlər klinik tədqiqatlar nəticəsində müəyyən ediblər ki, Byanşi çox yüksək terapevtik gücə malikdir və insanın bütün orqanizminə müsbət təsir göstərir.
 
 
Bu gün Nyu-Yorkda divarları, tavanı, döşəməsi və oturacaqları nefritdən hazırlanmış saunalar fəaliyyət göstərir. Burada bir saat qaldıqdan sonra insan özünü daha gümrah və sağlam hiss edir. Nefritin belə möcüzəli xüsusiyyətə malik olması elm tərəfindən hələ aydınlaşdırılmayıb.
 
- Müsahibədən öncə söhbətimzdə muzeydə əsl göz muncuğu daşı saxlandığını dediniz. Bu daş haqqında ətraflı danışa bilərsinizmi?
 
- Onun adı Qaqatdır. İlk dəfə Türkiyənin cənub-qərbində axan Qaqates çayının sahillərində tapıldığı üçün bu adı alıb. Bu daş qonur kömürün tünd qara rəngli parıltılı növüdür. Ona Azərbaycanda göz muncuğu deyilir. Qaqatın tərkibində karbon, çoxlu uçucu və üzvi maddələr var. Onun mühüm xüsusiyyəti çox yüksək energetik gücə malik olmasıdır. Maqnit dəmiri özünə çəkən kimi, qaqat da ətrafındakı, hətta cüzi elektriki belə özünə çəkir. Qaqatın bu xüsusiyyətindən istifadə edərək, körpələri, qız-gəlinləri bəd nəzərdən qorumaq üçün ondan hazırlanmış kiçik kürəciyin səthini ağ nöqtələrlə bəzəyirlər. “Gözu” olan adamın diqqətini qara fonda paylanmış ağ ləkələr cəlb edir və ondan ayrılan enerji qaqata istiqamətlənir. Bunun nəticəsində sonuncuda çatlar yaranır (qaqat parçalanır) və körpə bəd nəzərdən xilas olur. İngiltərədə Viktorian dövründə yeni doğulmuş uşaqları bəd gözdən qorumaq üçün onların qollarına qaqatdan bilərzik bağlayırdılar.
 
Qaqatdan Çində də geniş istifadə edilirdi. Çinlilər hesab edirlər ki, qaqat bədəndə olan elektrik yükünü özünə çəkir və orqanizm yüklü hissəciklərdən azad olur.
Qaqata Türkiyədən başqa, İngiltərədə, İspaniyada, Gürcüstanda, Fransada da rast gəlinir. Çox təəssüf ki, indi həqiqi qaqat əvəzinə onun keyfiyyətlərindən tamamilə uzaq keyfiyyətlər daşıyan plastmastlardan, qara obsidiandan istifadə edilir.
 
- Təbii ki, muzeydəki bütün daşlar nadir və qiymətlidir. Bəs ən nadir mineral hansıdır?
 
- XVIII əsrin ortalarına kimi alimlər mineralların tərkibini ən sadə üsullarla təyin edirdilər və elə olurdu ki, bir sıra mürəkkəb tərkibli mineralın kimyəvi tərkibi müəyyən edilməmiş qalırdı. Belə minerallardan biri də kolleksiyamızda olan nadir elementlərin və dəmirin niobatotitanatı-eşinit idi. Bu mineralı 1825-ci ildə İ.Mange kəşf edib və 1828-ci ildə böyük İsveç alimi Y.Berselius tərəfindən təsvir və tədqiq olunub. Mineralın xeyli müddət əvvəl kəşf olunmasına baxmayaraq, alimlər o zamankı üsullarla onun komponentlərini, daha doğrusu, kimyəvi tərkibini müəyyən edə bilmirdilər. Qəribə hal yaranmışdı – mineral özü var idi, lakin nə dəqiq tərkibi, nə də adı məlum idi. Mineralı tədqiq edən Y.Berselius kimyaçıların və mineraloqların bu işdə zəifliyini və uğursuzluğunu nəzərə alaraq, onu yunanca esxile – “ayıb” mənasını verən və mineraloji dilə uyğunlaşdırılan eşinit adlandırıb. Belə nadir minerallardan biri də muzeyimizin vitrinini bəzəyən eşinitdir. Lantanoidlərlə zəngin olan bu mineralın yataqları Norveçdə və Uralda İlmen dağlarında yerləşir.
 
- Dünyanın məşhur minerelogiya muzeylərinin rəhbərlikləri ilə görüşləriniz olurmu?
 
- Bizim Rusiya Federasiyasının Ural Dövlət Dağ-mədən Universiteti ilə əlaqələrimiz var. Bu yaxınlarda bizim universitetin və Ural Dövlət Dağ-mədən Universitetinin rəhbərlikləri arasında əldə olunmuş razılaşmaya görə onlardan, Rusiyanın müxtəlif yataqlarından çıxarılmış 30-a yaxın minerallar almışıq. Düşünürük ki, həmin universitetlə əməkdaşlığımızı davam etdirməliyik. Yeri gəlmişkən, hələ ötən əsrin 60-70-ci illərində Azərbaycanda Mineralogiya Cəmiyyəti fəaliyyət göstərirdi. Hazırda həmin həmin cəmiyyət fəaliyyətini dayandırıb. Çox yaxşı olardı ki, onun fəaliyyəti yenidən bərpa olunsun. Bu addım Azərbaycanda həm nəzəri, həm də eksperimental mineralogiyanın inkişafına böyük təkan vermiş olardı.
 
Bizim muzeyin fəaliyyətinə gəldikdə isə məqsədimiz elmin bu sahəsindəki uğurlarımızı dünyaya tanıtmaqdır. Axı Azərbaycan təkcə neft ölkəsi deyil, həm də qiymətli sərvətlərə malik ölkədir.
 
- Mineralogiya sahəsində gələcəyin mütəxəssiləri ola biləcək yetirmələriniz varmı?
 
- Bəli, var. Onlar çox savadlı və istedadlı gənclərdir. Universiteti fərqlənmə diploma ilə bitiriblər. Hazırda magistraturada oxuyurlar. Məqsədimiz onları muzeydə aparılan tədqiqat işlərinə cəlb etmək və bilikli mütəxəssislər kimi yetişdirməkdir. Gələcəkdə muzeyin zənginləşməsi – məkanın genişlənməsi və cihazlarla təmin olunması ən böyük arzumdur. Əminəm ki, Azərbaycanın həm də mineralogiya ölkəsi kimi tanıdılmasına nail olacağıq.
 
Ayşən Bayramova,
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun "Gənc Jurnalistlər" Klubunun üzvü,
Tarix: 31.01.2018

Son xəbərlər