Bilik Fondu Misir Ali Təhsil Nazirliyinin xüsusi mükafatına layiq görüldü


Fevralın 9-da Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri-mədəniyyət attaşesi Əhməd Sami Elaydi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda icraçı direktor Oktay Səmədov və qurumun əməkdaşları ilə görüşüb.
 
O.Səmədov Misirin ölkəmizdəki səfirliyi ilə həyata keçirilən layihələrin uğurlu nəticələrindən söz açıb.
 
İcraçı direktor qeyd edib ki, Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Fondun xüsusən "Azərbaycan elmi dünyada" və "Dünya elmi Azərbaycanda" layihələri çərçivəsində yaxından iştirak edərək, respublikadakı tolerant mühitin təbliğ və təşviq olunmasına böyük töhfələr verib. Ötən il Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları üçün könüllülərin hazırlığı mərhələsində Fondla Mərkəzin birgə dəstəyi ilə təşkil edilmiş ərəb dili kursları, misirli alimlərin ölkəmizin bir sıra elm və təhsil müəssisələrində işgüzar görüşləri və silsilə mühazirələri gənc tədqiqatçılar və tələbələr üçün xüsusilə faydalı olub.
 
Ə.Elaydi Azərbaycanla Misir arasında dostluq münasibətlərinin yüksələn xətt üzrə davam etdiyini xatırladaraq, elmi və mədəni əlaqələrin daha da genişlənməsi məqsədi ilə keçirilən maarifləndirici tədbirlərə qatılmaqdan, Bilik Fondunun proqram və layihələrində iştirak etməkdən məmnun olduğunu bildirib.
Maarifləndirici layihələrə verdiyi dəstəyə görə Bilik Fondunun icraçı direktoruna dərin minnətdarlığını ifadə edən Mərkəz rəhbəri hər iki ölkənin elm, təhsil və mədəniyyət sahəsində əlaqələrinin möhkəmləndirilməsində fəal iştirakına görə O.Səmədova Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin xüsusi mükafatını təqdim edib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 12.02.2018

Son xəbərlər