Bilik Fondu "Oxuyaq, öyrənək, öyrədək" aksiyası keçirdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü (İnternational Book Giving Day) münasibətilə mütaliənin təbliği istiqamətində silsilə tədbirlər həyata keçirib.
 
Fondun əməkdaşları "İmzalı görüş" layihəsi çərçivəsində uşaq yazarı Aygün Bünyadzadə ilə birlikdə "Ümid İşığında" Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin nəzdində reablitasiya kursu keçən fiziki qüsurlu uşaqlarla görüşüblər.
 
Görüşdə uşaq yazarı müəllifi olduğu hekayələri oxuyub və dinləyicilərlə fikir mübadiləsi aparıb. Fondun nümayəndələri A.Bünyadzadənin kitablarını azyaşlı oxuculara hədiyyə ediblər.
 
Həmin gün Bilik Fondundan kitab hədiyyəsi alan qurumlardan biri də Respublika Talassemiya Mərkəzi olub. Mərkəzin direktoru Valeh Hüseynov Fondun fəaliyyətini yaxından izlədiyini, xüsusən mütaliə mədəniyyətinin təbliği ilə bağlı aksiyalarının üstünlüklərini vurğulayıb. Direktor Fondun hədiyyə etdiyi kitabları Mərkəzdə müalicə alanlara təqdim edib.
 
Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Fondun "Facebook" səhifəsində elan edilən "Oxuyaq, öyrənək, öyrədək" adlı aksiyanı da izləyicilər məmnunluqla qarşılayıblar. Fevralın 14-də 100-dən çox yeniyetmə və gənc Fonda gələrək, kitab hədiyyələrini seçiblər. Aksiyaya tələbələrlə yanaşı, tanınmış şəxslər, jurnalistlər və ictimaiyyət nümayəndələri qatılıblar.
 
Oxucular seçdikləri müxtəlif məzmunlu kitabları həvəslə mütaliə edəcəklərini bildirib və belə aksiyaların davamlı olmasını arzulayıblar.
 
Bilik Fondunun fəaliyyətinin əsasını bilik mənbəyi olan kitaba marağın artırılması, əhalinin mütaliə mədəniyyətinin genişlənməsi təşkil edir. Bununla bağlı "Ev kitabxanası", "Məsçid kitabxanası", "İmzalı görüş", layihələri mütəmadi həyata keçirilir. Bu layihələr çərçivəsində kitabsevər ailələrə, dini məbədlərə, uşaq və qocalar evlərinə, təhsil ocaqlarına, məişət-iaşə obyektlərinə kitablar hədiyyə olunur.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 14.02.2018

Son xəbərlər