Xanım jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzetinin 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanım jurnalistlər arasında "Azərbaycanın maarifçi qadınları" mövzusunda keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
 
Mükafatlandırılma mərasimində "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Sona xanım Vəliyeva, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Mətbuat Şurasının sədri, Fəxri mədəniyyət işçisi Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Vüqar Səfərli, Əməkdar jurnalist, şairə, publisist Telli Pənahqızı, "APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı iştirak ediblər.
 
Bilik Fondunun icraçı direktoru O.Səmədov əsrlər boyu Azərbaycan qadınının cəmiyyətimizin mənəvi dəyərlərinin formalaşmasında və inkişafında rolundan bəhs edərək bütün xanımları Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib. İlk dəfə xanım jurnalistlər arasında keçirilən müsabiqədən bəhs edən icraçı direktor bildirib ki, ötən il dekabrın 8-də elan olunan müsabiqəyə fevralın 8-də yekun vurulub. Bu müddət ərzində Təşkilat Komitəsinə 26 yazı daxil olub. Yazılarda Azərbaycanın tanınmış maarifçi xanımlarının həyat yolu və fəaliyyəti geniş işıqlandırılıb. Yazıların hamısı ilə tanış olduğunu diqqətə çatdıran O.Səmədov vurğulayıb ki, müsabiqənin nəticəsi olaraq dərc olunan toplu gələcək araşdırmalar üçün mənbə rolunu oynayacaq.
 
O.Səmədov maraqlı təklif də səsləndirib. İcraçı direktor nəşr olunan toplunun bölgələrdə təqdimat mərasimlərinin keçirilməsinin vacibliyinə toxunaraq, Fondun tarixdə böyük işlərə imza atan xanımlar haqqında cəmiyyətə ətraflı bilgilər verməyə hazır olduğunu söyləyib. O.Səmədov həmçinin toplunun müxtəlif dillərə tərcümə olunması ehtiyacına da toxunub.
 
“Kaspi” qəzetinin təsisçisi S.Vəliyeva müsabiqədə iştirak edən xanım jurnalistlərə minnətdarlığını bildirərək qeyd edib ki, onların yazıları həm keçmiş, həm indi, həm də gələcək nəsillər arasında maarifləndirmə körpüsüdür.
 
Müsabiqəyə qatılan hər bir xanım jurnalistin qalib olduğunu diqqətə çatdıran S.Vəliyeva əsas mükafatlara layiq görülənlərin bu qalibiyyəti bütün Azərbaycan xanımlarına həsr etdiyini deyib.
 
“Kaspi” qəzetinin təsisçisi müsabiqəyə daxil olan yazılardan ibarət toplunun Bilik Fondu tərəfindən nəşr olunduğunu xatırladıb.
 
Çıxış edənlər - Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV DF-nin İcraçı direktoru Vüqar Səfərli, Əməkdar jurnalist Telli Pənahqızı, Azərbaycan-Türkiyə Evinin və Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, "APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, tanınmış jurnalist-publisist Flora Xəlilzadə Azərbaycan maarifçi xanımlarının cəmiyyətdəki danılmaz rolunun daha geniş işıqlandırılmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, belə müsabiqələrin mütəmadi keçirilməsi maarifçi qadınlarımızın fəaliyyətinə işıq saçar.
 
“Azərbaycanın maarifçi qadınları” toplusunda akademik Zərifə Əliyeva, şərqşünas alim Aida İmanquliyeva, Pəri Topçubaşova, Hənifə Məlikova, Şəfiqə Əfəndizadə, Sara Aşurbəyli, Sona Tağıyeva, Məryəm Bayraməlibəyova və digər tanınmış xanımlar barəsində maraqlı yazılar əksini tapıb.
 
Sonda müsabiqə qaliblərinin adları açıqlanıb.
 
Birinci yerə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) müxbiri Ülviyyə Heydərova, ikinci yerə, “Sputnik” saytının müxbiri İradə Cəlilova və Modern.az saytının müxbiri Gülşən Qasımova, 3-cü yerə “İqtisadiyyat” qəzetinin müxbiri Mətanət Hüseynova, Teleqraf.com informasiya agentliyinin əməkdaşı Nərgiz Cavadzadə və “Xalq qəzeti”nin müxbiri Ülviyyə Niftəliyeva layiq görülüblər.
 
Qaliblərə pul mükafatı və hədiyyələr təqdim olunub.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 07.03.2018

Son xəbərlər