Ulu öndər Heydər Əliyevin xatirəsinə 95 ağac əkildi


Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Nizami Rayon İcra Hakimiyyəti, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Məktəbinin birgə təşkilatçılığı ilə bu Mərkəzin həyətindəki geniş parkda Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə 95 həmişəyaşıl ağac əkilib.

İştirakçılar Mərkəzdə şagirdlərin Ulu öndərin xatirəsinə həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra görkəmli siyasi xadimin anım mərasimi keçirilib.

Dövlət himninin oxunması ilə başlayan tədbirdə səhnəyə  Dövlət bayrağı gətirilib. Mərkəzin direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Qalib Həsənov dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası istiqamətində müdrik dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Natiq ağacəkmə aksiyasının Ulu öndərin vəsiyyətlərinə uyğun həyata keçirildiyini, ekoloji saflıq, təmizlik, yaşıllıq və gözəlliyə töhfə olduğunu bildirib.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla və Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov öz çıxışlarında Ümummilli liderin zəngin irsinin dərindən öyrənilməsi sahəsində maarifçilik, ideoloji təbliğat işinin daha da genişlənməsinin vacibliyini vurğulayıb, belə tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Bədii hissədə şagirdlərin ifasında dahi şəxsiyyətə həsr olunmuş mahnılar, şeirlər səslənib.

Ulu öndərin xatirəsinə həsr olunmuş müsabiqələrdə qalib olmuş şagirdlərə sertifikatlar, təşəkkürnamələr təqdim olunub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 10.05.2018

Son xəbərlər