Dünya uşaqların olsun!


1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınan bayram 1956-cı ildən bütün dünyada keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu il ölkəmizdə "Uşaq ili" elan olunub. Məqsəd uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi olub.

Bəli, uşaqlar nəinki bir ölkənin, bütün dünyanın gələcəyidir. Onların əsl insan kimi yetişməsi hər birimizin ən ümdə vəzifəsidir. Nobel mükafatçısı Rabindranat Taqor deyirdi: "Hələ də uşaqlar doğulursa, bü dünyanı xilas etmək olar". Bu hikmətli ifadədə nə qədər böyük həqiqət var. Böyük şair Nazim Hikmət isə "Dünyanı verəlim uşaqlara" deyə, bütün oxucularına müraciət edirdi.

Uşaqlar saf, məsum düşüncələri ilə Yer üzünü gülüstana döndərər - yaradıcı adamlar belə düşünürlər. Bizim borcumuz uşaqların məsum gülüşlərini, saf düşüncələrini, kövrək yerişlərini daim qorumaq, onlara maneələrdən itkisiz keçməyi, vətəni və xalqını sevməyi, dövlətinə sadiq olmağı öyrətməkdir.

Bilik Fondu fəaliyyəti boyu müxtəlif layihələrinə uşaqları və yeniyetmələri də cəlb edib. Fondun "Qardaşlaşmış məktəblər" və “Vətənin pərvəri ol!”, "Bir günəşin zərrəsiyik" və "İmzalı görüş" layihələrinin, şagird konfranslarının, bilik müsabiqələrinin iştirakçısı olan uşaqları səmimi qəlbdən təbrik edir, onlarım simasında bütün dünya uşaqlarına sülh, əminamanlıq, firavanlıq arzulayırıq.

Qoy həmişə günəş olsun! Qoy həmişə Vətən olsun! Qoy həmişə sülh olsun!

Bu ən gözəl nemətlərsə həmişə uşaqların olsun!

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 01.06.2018

Son xəbərlər