Kamal Abdulla İtaliya televiziyasında - "Mən oxumağı sevirəm, çünki mən sevirəm..."


Tanınmış yazıçı Kamal Abdulla İtaliyanın “Rai 3” kanalında Dünya Kitab və Müəllif Hüquqları Günü ilə bağlı Milanda hazırlanmış televiziya proqramının qonağı olub. İtaliya Naşirlər Assosiasiyasının “İo legge perche” (Mən oxuyuram, çünki...) layihəsi çərçivəsində yayımlanmış proqrama xüsusilə ədəbi keyfiyyətinə və oxucular tərəfindən yüksək qiymətləndirilməsinə, böyük tirajla satışına görə seçilən kitabların müəllifləri dəvət edilib. Yazıçı Kamal Abdullanın italiyalı oxucular tərəfindən böyük maraqla qarşılanan “Yarımçıq əlyazma” romanı da bu nəşrlər arasındadır. Romanda klassik ədəbiyyatla qədim tarixə aid mifologiyanın vəhdətdə təqdim olunması italiyalı kitabsevərlərin diqqətini cəlb edib.

Proqramda Kamal Abdulla kitab oxumağın faydaları ilə bağlı fikirlərini tamaşaçılarla bölüşüb: “Mən oxumağı sevirəm, çünki bilirəm ki, bu zaman xalqlar bir-birini daha gözəl tanıyır, bir-birinin xasiyyətinə, təbiətinə daha yaxşı bələd olur. Tolerantlıq üstünlük qazanır və insanların qəlbinə mərhəmət, şəfqət hissləri dolur. Mən kitabın səhifələrini açdıqca ölkələrin qapalı sərhədləri də mənim gözümdə açılır və söz hakimi-mütləq olur, söz qılınca qalib gəlir. Söz qalib gələndə qılınclar susur, söz susanda təəssüf ki, qılınclar danışır. Vərəqlər sona çatdıqca kitab bitir və mən öz xəyallarımda, öz fantaziyalarımda o kitabı yaşatmağa davam edirəm. Mən oxumağı sevirəm, çünki mən sevirəm...”.

Qeyd edək ki, “İo legge perche” (Mən oxuyuram, çünki...) layihəsi İtaliyada müxtəlif kitabların təbliği və kitabsevərlərin bir araya gəlməsi üçün irəli sürülən ən önəmli təşəbbüslərdəndir. Layihə çərçivəsində yüz minlərlə kitabın və minlərlə oxucunun bir arada toplaşdığı, müxtəlif təhsil ocaqlarının və kitabxanaların nümayəndələrinin qatıldığı tədbirlər təşkil olunur.



Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Milan


Tarix: 25.04.2015

Son xəbərlər