Bilik Fondu müxtəlif məkanlarda uşaqlara xoş gün yaşatdı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü müxtəlif məkanlarda qeyd olunub.
 
Fondun əməkdaşları "Ümid İşığında" Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin nəzdində reabilitasiya kursu keçən uşaqlarla görüşüblər. Bayram münasibəti ilə balacalara sovqat təqdim olunub, nağıl kitabları hədiyyə edilib.
 
Həmin gün Astara şəhərinin Heydər Əliyev parkında da tədbir təşkil olunub. İştirakçılar yerli Bilik Evinin “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Dərnəyin rəhbəri Cəmalə Məmmədova rəsmlər haqqında məlumat verib.
 
Növbəti tədbir Fondun Abşeron rayon nümayəndəsi Teyyubə Hüseynovanın təşəbbüsü ilə onun direktor olduğu Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə gerçəkləşib. Təhsil ocağının VII-VIII sinif şagirdlərinin iştirak etdiyi tədbirdə Ombudsman Aparatının əməkdaşları – baş mütəxəssislər İlahə Əfqanlı və Murad Babayev uşaq hüquqları ilə bağlı qanunvericilikdə əksini tapan müddəalardan, bu sahədə hökumətin gördüyü işlərdən danışıblar.
 
İnteraktiv formada keçən tədbirdə məktəblilərə məlumat kitabçaları paylanıb.
 
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınan bayramdır. 1956-cı ildən bütün dünyada keçirilir.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu il ölkəmizdə "Uşaq ili" elan olunub. Məqsəd uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi olub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 01.06.2018

Son xəbərlər