Milli qurtuluşdan başlanan inkişaf yolu


Xalqların malik olduğu maddi-mənəvi potensialın konkret dövlət modelində realizə edilməsi və dayanıqlı inkişaf üçün vacib əsasların formalaşdırılması, bir qayda olaraq, böyük liderlərin fenomenal idarəçilik keyfiyyətləri sayəsində gerçəkləşir. Tarixin inkişaf axarını dəyişmək əzminə malik belə liderlər mütərəqqi inkişaf modelinin siyasi və iqtisadi əsaslarını, gələcəyin strateji yol xəritəsini müəyyənləşdirirlər. Çoxsaylı nümunələr əsasında demək olar ki, hər bir xalq inkişaf yolunu məhz belə liderlərin rəhbərliyi ilə dəqiqləşdirmiş, dünya miqyasında layiqli yer tutmaq, özünü təsdiqləmək imkanı qazanmışdır.
 
“Hər bir insanın həyat yolunu onun xarakteri müəyyənləşdirir”. – Böyük Çin mütəfəkkiri Konfutsinin bu kəlamı günümüz üçün də aktualdır. İnsanın mahiyyəti, mənəvi keyfiyyətləri, liderlik xüsusiyyətləri, həqiqətən də, onun əməllərində real təcəssümünü tapır. Yəqin elə buna görədir ki, bütöv bir toplumun, xalqın liderinə çevrilərək onu öz ideyalarının arxasınca aparmaq səadəti hər şəxsiyyətə nəsib olmur. Bu kontektsdə əminliklə deyə bilərik ki, dünya miqyaslı ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev Azərbaycanın yarım əsrlik tarixinin müəllifi olaraq, müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi və mənəvi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, sağlığında canlı əfsanəyə çevrilmişdir.
 
Ulu öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyünü təcəssüm etdirən başlıca xüsusiyyətlərdən biri də onun siyasi fəaliyyətinin bütün mərhələlərində ümumxalq mənafeyi ilə bağlı məsələlərdə heç bir riskdən çəkinməməsi, cəsarət və qətiyyət göstərməsi, ədalət meyarına sadiqliyi olmuşdur. Məhz həmin keyfiyyətləri sayəsində böyük strateq bu günlərdə 100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra insanlarımızın istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur.
 
Milli müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Ötən əsrin sonlarına doğru “soyuq müharibə”nin başa çatması zəminində cərəyan edən qlobal proseslərin məntiqi yekunu olaraq, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinə əlverişli zəmin yaranmış, beləliklə xalqın qəlbində qubara çevrilmiş bir ideya gerçəkləşmişdir. Fəqət, müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur.
 
1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək respublikada hökm sürən acınacaqlı vəziyyət bunu bir daha təsdiqləyir. Həmin dövrdə sosial-iqtisadi tənəzzülün dərinləşməsi, insanların sosial rifah halının pisləşməsi, ictimai-siyasi sabitliyin addımbaşı pozulması, insan hüquqlarına təminatın olmaması və s. destruktiv proseslər respublikanın de-fakto müstəqilliyinə imkan vermirdi. Hakimiyyətdə olan qüvvələrin dövlətin, xalqın taleyi və gələcək inkişaf yolu ilə bağlı yetkin baxışlar sisteminin olmaması insanlarda keçmişə – sosializmə “nostalgiya” hisslər yaradır, ümumən milli müstəqillik idealının mahiyyətinə mənfi təsir göstərir, onun ictimai rəydə adekvat dərkinə mane olurdu. Siyasi rəhbərliyin qətiyyətsizliyi bütövlükdə Azərbaycan dövlətçiliyinə ciddi təhlükəyə çevrilən neqativ meyillərin baş qaldırmasına - siyasi mübarizədə qanunsuz silahlı birləşmələrdən istifadəyə, etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı. 1993-cü ilin iyun ayında Gəncədəki qarşıdurma isə artıq hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı total inamsızlığın kuliminasiya nöqtəsinə yetişməsi idi.
 
Belə bir vəziyyətdə səbri tükənmiş Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürdü. Hər gün Azərbaycanın müxtəlif yerlərindən Naxçıvana nümayəndələr yollanır, teleqramlar göndərilir, Heydər Əliyev hakimiyyətə, çətin vaxtda xalqın hayına çatmağa dəvət edilirdi. Xalq yeganə çıxış yolunu öz böyük oğlunun şəxsiyyətində, qətiyyət və zəkasında görürdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, o biri tərəfdən özünün yaratdığı problemlər məngənəsindən çıxış yolu tapa bilməyən AXC – Müsavat rejimi xalqın bu haqlı tələbinin qarşısında davam gətirə bilmədi. İyunun 9-da Heydər Əliyev Bakıya gəldi, artıq ilk təzahürləri meydana çıxmış vətəndaş müharibəsi alovunu söndürmək üçün Gəncəyə getdi, böyük çətinliklər və iradi qüvvə bahasına böhranın səngidilməsinə nail oldu. 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən məsul və şanlı günlərindən biri yaşandı. Azərbaycan Respublikası Milli Məclisinin iclasında Heydər Əlirza oğlu Əliyev Ali Sovetin sədri seçildi.
Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması əslində onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götrüməsi idi. Bu, sözün əsil mənasında, “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.
 
Müasir tariximizin elmi-fəlsəfi və politoloji nöqteyi-nəzərdən görkəmli tədqiqatçısı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan – ümummilli lider Heydər Əliyevin qadir siyasətidir” əsərində haqlı olaraq yazır: “XX əsr tarixində, dünya siyasətində etiraf edilən fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyərini dərk etməliyik. İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaq. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir”.
 
İyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkədəki kütləvi inamsızlıq, xaos və hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratmışdır. Ulu öndər hakimiyyətə gəldiyi ilk gündən “de-yure” müstəqil sayılan Azərbaycanı “de-fakto” qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başlamış, suverenliyi şərti müstəqillik aktı və bəyanatlar səviyyəsindən çıxarmışdır. Müstəqillik yolunun bir çoxlarının düşündüyündən də uzun və əzablı yol olduğunu yaxşı bilən ümummilli lider Heydər Əliyev, ilk növbədə, Azərbaycanı taleyin ixtiyarına buraxılmış dövlət düşüncəsindən uzaqlaşdırmışdır.
 
Ümummilli lider bu mərhələdən Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda, bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olmuşdur. İctimai-siyasi sabitlik amili bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir.
 
Siyasi dəstək olmadan yeni iqtisadi münasibətlərin təşəkkül tapması qeyri-mümkündür. Bu baxımdan Heydər Əliyevin iqtisadiyyatın liberallaşdırılmasına, sahibkarlığın inkişaf etdirilməsinə ardıcıl siyasi və ideoloji dəstəyi iqtisadi yeniləşmə prosesinin dönməzliyini təmin etmişdir. Ümumiyyətlə, ulu öndərin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının əsasını üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: Birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır. İslahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə, ilk növbədə, torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsinin vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi kiçik çatışmazlıqlarına rəğmən, uğurla başa çatdırılmışdır. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə real zəmin yaratmışdır.
 
Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli lider Heydər Əliyev ölkəmizdə liberal dəyərlərin və qanunçuluğun möhkəmlənməsinə ilk gündən xüsusi diqqət yetirmişdir. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını da dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyada əksini tapmış müddəaların üçdə birinin sırf insan hüquqları ilə bağlı olması da ulu öndərin insan hüquqlarına necə böyük həssaslıqla yanaşdığının bariz təcəssümüdür.
 
Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, dövlət idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq islahatları aparılmışdır. Ulu öndərin respublikaya rəhbərliyi illərində ölüm cəzasının, mətbuat üzərində siyasi senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, respublikada üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutunun yaradılması, konstitusiyaya mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi və digər məsələlər demokratik inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdən olmuşdur.
 
Ümummilli lider Heydər Əliyev müstəqil dövlətçilik konsepsiyasının uğurlarını təmin edən başlıca amillərdən biri də xalqın milli təhlükəsizliyinin, dövlətin ərazi bütövlüyünün təminatı sahəsində kompleks tədbirlərin görülməsidir. Ölkənin Silahlı Qüvvələrinin yaradılması dövlətçiliyin əsas atributu və qarantı hesab olunsa da, təəssüf ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti ələ keçirməyə müvəffəq olmuş məlum səriştəsiz qüvvələrin səbatsız siyasəti nəticəsində bu amil Azərbaycanın dövlətçiliyi üçün təhlükəyə çevrilmişdi. Ordunun siyasiləşməsi, dövlətçilik prinsiplərinə əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən formalaşdırılması sonda Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə mənbəyi idi. Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra bu tendensiyaya qarşı ciddi mübarizə aparmış, dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatçısı funksiyasını yerinə yetirən sabit və güclü Silahlı Qüvvələrin yaradılmasına nail olmuşdur.
 
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən biri də cəmiyyətinin vahidliyinin, bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdimatıdır. Bu, bir reallıqdır ki, ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər – sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam” – deyən ulu öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında səfərbər etmişdir.
Hər hansı milli ideyanın uğurla həyata keçirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesində mühüm şərtlərdən biri də cəmiyyətin milli-mənəvi dəyərlər ruhunda səfərbər olunmasıdır. Ümummilli lider Heydər Əliyevin dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi ilə bağlı 2001-ci ildə imzaladığı fərmanlar, 2001-ci il 13 avqust tarixli milli-mənəvi dəyərlərin qorunub saxlanması barədə Azərbaycan xalqına müraciəti bu baxımdan xüsusi vurğulanmalıdır. Bütün bunlar, ilk növbədə, transformasiya dövrünü yaşayan ölkələrdə milli sosial-mədəni üstünlük mərkəzlərini dəyişməyə qadir qloballaşmaya tutarlı cavab olmuşdur.
 
Fəlsəfi dilçilik məktəbinin banisi, alman alimi V.Humboldt yazır: “Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir – bundan güclü eynilik təsəvvür etmək çətindir”. 1995-ci ildə Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının qəbulu ərəfəsində ulu öndərin ictimaiyyətin müxtəlif təbəqələrinin, dilçi alim və ziyalıların iştirakı ilə keçirdiyi genişmiqyaslı müzakirələr, diskussiyalar, nəhayət, yekdil qərarın qəbulu ilə nəticələnmişdir: xalqımız referendum yolu ilə öz prinsipial mövqeyini nümayiş etdirərək, Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbitlənməsinə səs vermiş, bununla ana dilimizin cəmiyyətdəki mövqeyi bərpa olunmuşdur.
 
Xüsusi vurğulamaq lazımdır ki, elm və təhsil sahəsində müşahidə etdiyimiz islahatların uğurlu təməli məhz ulu öndərin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra qoyulmuşdur. Ümummilli lider 1993-cü il sentyabrın 28-də ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçməklə, intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna necə böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir.
 
Ümummilli liderin həmin illərdə irəli sürdüyü elm və təhsil konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin sürətlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir. Təhsil hüququ əsas müəllifi ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında hər bir vətəndaşın vacib hüquqlarından biri kimi elan olunmuşdur.
 
Siyasi varisliyin təmin olunması əsrlər boyu formalaşmış dövlətçilik irsinin qorunması və inkişaf etdirilməsi anlamında, əslində, hər bir ölkə üçün aktualdır. Söhbət ölkənin və xalqın sabit, dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsindən gedir. Bu mənada, əminilklə demək olar ki, ümummilli lider Heydər Əliyevin strategiyasını son 15 ildə inamla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cəmiyyətdə mütləq çoxluğun alternativsiz liderinə çevrilmişdir.
Ölkə vətəndaşları 2018-ci ilin 11 aprel seçkilərində cənab İlham Əliyevin şəxsində məhz inkişaf etmiş Azərbaycana, onun davamlı uğurlarına, güvənli gələcəyinə - bir sözlə, sabitlik, inkişaf və rifaha səs vermişlər. Şübhəsiz, bu yüksək etimad, ilk növbədə, hələ 2003-cü ilin oktyabrında “Mən hər bir azərbaycanlının prezidenti olacağam” – deməklə, səlahiyyətlərinin icrasına başlamış cənab İlham Əliyevin ötən 15 ildə Azərbaycanı dinamik inkişaf yoluna çıxarması ilə şərtlənmiş tərəqqi kursunun vətəndaşlar tərəfindən dəstəklənməsinin təcəssümü olmuşdur.
 
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən bəri iqtisadi islahatlar uğurla davam etdirilmiş, ölkəmiz qısa müddətdə qlobal rəqabət qabiliyyətinə görə dünyada 35-ci yerdə qərarlaşmışdır. Bu illər ərzində ölkə iqtisadiyyatı 6 dəfə böyümüş, adambaşına düşən milli gəlir 5 dəfədən çox artmışdır. Ölkədə qiymətlərin sabitliyi qorunmuş, xarici valyuta gəlirlərinin əhəmiyyətli dərəcədə artması nəticəsində böyük həcmdə strateji valyuta ehtiyatları formalaşdırılmış, milli valyutanın məzənnəsinin izafi möhkəmlənməsinə yol verilməməklə beynəlxalq rəqabət qabiliyyəti qorunmuşdur. Adambaşına düşən xarici investisiyaların həcminə görə MDB və Şərqi Avropada aparıcı dövlətlərdən olan Azərbaycan xaricə investisiya yatıran ölkələrdən birinə çevrilmişdir.
Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasət nə bazar fundamentalizminə, nə də inzibati-amirlik metodlarına əsaslanır. Dövlətin iqtisadi siyasəti bir tərəfdən sosial ədalət, digər bir tərəfdən də, səmərəli iqtisadiyyat prinsipləri ilə uzlaşdırılır. Statistik göstəricilər son 15 ildə ölkə iqtisadiyyatının səmərəli inkişafını və dayanıqlılığını bir daha təsdiq edir: Ötən dövrdə ölkənin strateji valyuta ehtiyatları 26,2 dəfə artaraq 44 milyard ABŞ dollarına çatmışdır. 2004-2017-ci illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 3,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,6 dəfə, tikinti 3,4 dəfə, ticarət 3,9 dəfə, turizm 14,2 dəfə artmış, iqtisadiyyata 230 milyard ABŞ dollarından çox investisiya qoyulmuşdur.
 
Əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi islahatlar respublikamızın dinamik sosial-iqtisadi inkişafını təmin etmiş, modernləşmə kimi mürəkkəb prosesin etibarlı iqtisadi bazisini formalaşdırmışdır. Hazırda qarşıya qoyulmuş başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Yeni Azərbaycan Partiyasının qurultayında cənab İlham Əliyev bununla bağlı demişdir: “Bizim artıq güclü dövlətimiz vardır - müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək, deməliyik: biz inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin meyarları vardır. Bunları bilirik və biz hər bir istiqamət üzrə o meyarlara çatmalıyıq - həm siyasi, iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə. Buna nail olmaq üçün həmişəki kimi, cəmiyyətimiz bir nöqtəyə vurmalıdır”.
 
Dövlətimizin başçısının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında” 30 dekabr 2012-ci il tarixli, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli fərmanları da islahatların elmi əsaslarla aparılmasını təmin etmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Sabitliyi və Turizm şuralarının, eləcə də bu günlərdə Maliyyə Monitorinqi Xidmətinin yaradılması səmərəli nəticələr vermişdir.
 
MDB məkanında iqtisadi sahədə keçid dövrünü ilk olaraq başa vurmuş Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr, təhlillər aparılır. Respublikamız son illər bütün investisiya layihələrini daxili resurslar hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi çıxış edir. Ukrayna, Gürcüstan, Moldova, İsveçrə, Rusiya və digər dövlətlərin iqtisadiyyatına sərmayə qoyur. Bir müddət əvvəl Cənub Qaz Dəhlizinin təntənəli açılışı mərasimi Avropanın enerji təhlükəsizliyində Azərbaycanın yeri və rolunun getdikcə gücləndiyini bir daha təsdiqləmişdir.
 
Xatırlatmaq yerinə düşər ki, hələ 90-cı illərin əvvəllərində Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun həcmi cəmi 300-400 dollar arasında idi. Və belə bir şəraitdə müstəqil Azərbaycan demokratik proseslərin əsaslarını qoysa belə, tam demokratik ölkə sayıla bilməzdi. Son illərdə isə Azərbaycanda adambaşına ümumi daxili məhsulun həcmi artaraq 5 min manatı ötmüşdür. Milli gəlir, adambaşına düşən məhsul istehsalı artdıqca, təhsilə, elmə, səhiyyəyə, informasiya vasitələrinə, informasiya texnologiyalarına ayrılan vəsaitlər çoxalır. Bu da insanların bir-birinə yaxınlaşması, demokratik proseslərin inkişafı üçün daha möhkəm təməl yaradır. Məhz buna görə də cənab İlham Əliyevin prezidentliyinin əsas konsepsiyası güclü iqtisadi bazanın yaradılmasından ibarətdir. Məhz güclü iqtisadi baza siyasi və hüquqi islahatları da uğurla davam etdirmək imkanı yaradır.
Azərbaycan iqtisadi uğurları ilə yanaşı, həm də müstəqil xarici siyasəti ilə dünya miqyasında maraq və mənafelərini layiqincə müdafiə edir. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini son illərdə daha da inkişaf etdirməyə nail olmuş, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləmişdir. Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir. 2003-2018-ci illərdə respublikada təşkil olunmuş bir sıra mötəbər beynəlxalq tədbirlər ayrı-ayrı sahələri əhatə etməklə, rəsmi Bakının beynəlxalq əlaqələrinə də ciddi təkan vermişdir.
Bütün bunlarla yanaşı, Azərbaycanın dövlət müstəqilliyi üçün müəyyən təhdidlərin hər zaman mövcudluğunu, lakin xalq-iqtidar birliyi qarşısında belə cəhdlərin uğursuzluğa düçar olduğunu da açıq demək lazımdır. Əhali və ərazi baxımından o qədər də böyük olmayan, əhalisi əsasən İslam dininə etiqad edən bir ölkənin bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr narahatlıqlarını ən müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı “təzyiq rıçaqları” tapmağa çalışırlar. “İkili standartlar”ın əsirinə çevrilən bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkəmizdə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının güclənməsini qətiyyən arzulamırlar.
 
Azərbaycan Prezidenti cənab İlham Əliyev respublikamıza bu cür təzyiq göstərmək istəyən qüvvələrin hələ də mövcudluğunu, lakin belə cəhdlərin hər zaman iflasa uğrayacağını əminliklə demişdir: “...Görəndə ki, özünün, necə deyərlər, ləyaqətini həmişə saxlayan, heç kimin qarşısında baş əyməyən, müstəqil siyasət aparan ölkə var, bu da bəziləri üçün bir problemə çevrilir. Yenə bu mərkəzdən də bizə qarşı hücumlar, təzyiqlər başlayır...Biz öz yolumuzla gedəcəyik, öz bildiyimizi edəcəyik. Çünki bizim, yenə də deyirəm, güclü dayaqlarımız vardır. Bu da Azərbaycan xalqıdır”.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov demişdir: “Bu gün müasir Azərbaycanı Heydər Əliyevsiz təsəvvür etmək çətindir. Bu görkəmli siyasi xadim təkcə öz xalqının və Azərbaycan dövlətçiliyinin tarixində deyil, həm də bütün postsovet məkanında silinməz izlər qoyub. O, dünyada danılmaz nüfuz və dərin hörmət qazanıb”. Bəli, Azərbaycan məhz Heydər Əliyev dühasının müəyyənləşdirdiyi düzgün yolla irəliləyir, inkişaf edir. Bunun nəticəsidir ki, respublikamız cəmi 25 il inanılmaz inkişaf yolu keçərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuşdur.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən Milli Qurtuluş Günü ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi, Milli Qurtuluşun fəlsəfəsinin izah edilməsi istiqamətində bir sıra işlər görülmüşdür, Bilik Fondu İdarə Heyətində təsdiq edilmiş xüsusi tədbirlər planı işlənib hazırlanmış, ölkənin müxtəlif yerlərində “Milli Qurtuluşdan intibaha”, “Xilaskarlıq və quruculuq missiyası”, “Sabitlik və inkişaf: uğur formulu” və sair mövzularda mühazirələr təşkil edilmiş, “dəyirmi masa”lar, konfranslar keçirilmiş, qısametrajlı film çəkilmiş, fondun əməkdaşlıq etdiyi xarici ölkələrin müvafiq qurumlarının rəsmi elektron ünvanlarına məlumat xarakterli materiallar göndərilmiş, yerlərdə Bilik evlərinə və Bilik Fondunun yerli nümayəndələrinə silsilə tədbirlərin keçirilməsinin təmin edilməsinə dair təlimat xarakterli göstərişlər verilmişdir.
 
Milli Qurtuluş tarixinin 25-ci ildönümü günlərində əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti ­İlham Əliyevin rəhbərliyi altında dünyanın sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Respublikamız qlobal böhranı inamla geridə qoyaraq, sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir. Cəmiyyətin bütün sahələrində özünü göstərən dirçəliş, intibah meyilləri sosial-mədəni sferada da qabarıq büruzə verir. Ən başlıcası, bu gün Azərbaycan cəmiyyətinin bütövlüyü və monololitliyi təmin olunmuş, insanlarda uğurlu gələcəyə nikbin baxış formalaşmışdır.
 
İsaxan Vəliyev,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq üzrə elmlər doktoru, professor
Tarix: 14.06.2018

Son xəbərlər