20 nömrəli məktəbin kollektivi Bilik Fondunda oldu


İyunun 28-də Bakının Yasamal rayonu Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin pedaqoji kollektivi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.
 
Qonaqlar Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşüblər.
 
O.Səmədov rəhbərlik etdiyi qurum barədə məlumat verərək bildirib ki, Fondun həm orta, həm orta ixtisas, həm də ali təhsil müəssisələri ilə geniş əməkdaşlığı var. Bu əməkdaşlıq çərçivəsində görülən işlər əhalinin maarifləndirilməsinə birbaşa töhfə verir.
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təhsilin inkişafı naminə həyata keçirdiyi islahatların Fond tərəfindən daim dəstəkləndiyini qeyd edən icraçı direktor 20 nömrəli məktəblə əməkdaşlığın məhz bu dəstəyin davamı olacağını vurğulayıb. O, pedaqoji kollektivi təhsilin inkişafına xidmət edən təkliflər verməyə səsləyib.
 
Görüşdə çıxış edən müəllimlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı fikirlərinə istinad edərək, kreativ təkliflər irəli sürüblər. Bildiriblər ki, müasir dünyanın çağırışlarına uyğun olaraq, şagirdlərin fərdi düşüncələrinin formalaşması dövrün tələbidir. Bununla yanaşı, şagirdlərin təcrübi biliklərinin artırılması onların gələcəkdə mütəxəssisə çevrilməsinə təkan verə bilər. Müəllimlərlə şagirdlər arasında ünsiyyətin qurulmasında problemlər yaşandığını diqqətə çatdıran çıxışçılar bu sahədə layihələrin hazırlanmasına ehtiyac olduğunu deyiblər.
 
Görüşün nəticəsi olaraq, əməkdaşlığın daha intensiv olması və effektiv nəticələr verməsi məqsədi ilə tərəflərin iştirakı ilə işçi qrupu yaradılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 28.06.2018

Son xəbərlər